Modern.az

Məşhur aşıqların “DƏDƏ” TİTULU - Sonuncu dədə kim sayılır...  

Məşhur aşıqların “DƏDƏ” TİTULU - Sonuncu dədə kim sayılır...   

6 Oktyabr 2017, 13:18

Azərbaycan aşıq sənəti tarixində bir çox məşhur saz ifaçılarının adları önündə “Dədə”, “Ozan” kimi sözlər yazılıb və onlar belə tanınıblar. Türk düşüncə sistemindən, milli yaddaş qatından faydalanan aşıqlar daha çox “Dədə”, irfani dünyanı təcəssüm edənlər isə “Baxşı” adlandırılıb. Aşıq sənəti tariximizdə Dirili Dədə Qurbani,  Dədə Qasım (Xəstə Qasım), Dədə Ələsgər, Dədə Şəmşir kimi bu “rütbəni” daşıyan xüsusi aşıqlar da olub.

Maraqlıdır, bu rütbəni və titulu onlara kim verib? Ümumiyyətlə Azərbaycanda neçə dədə aşıq olub?

Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin rəhbəri Elxan Məmmədli Modern.az-a bildirib ki, bu ad bir növ Dədə Qorquddan bizə qalan əmanətdir:


“Açığı, bu saat kim kimə istəyir, “dədə” deyir. Amma  “Dədə”lik yüksək bir mərtəbədir. Aşıq sənətində “Dədə” adının sonuncu nümayəndəsi Aşıq Şəmşir sayılır. Dədə Qurbani, Dədə Ələsgər, Dədə Qasım, bir də Dədə Şəmşir var. Bunlardan başqasını qəbul etmirəm. Mən 50 ilə yaxındır ki, aşıq sənəti ilə məşğulam. Bu ad aşıqlara  hörmət əlaməti olaraq deyilir. Təbii, Dədə Qorqud səviyyəsində , həmin ağsaqqallıqda olan insanlara “dədə” deyirdilər. Mən həmişə yazılarımda da qeyd etmişəm ki, aşıq sənətindəki sonuncu dədə Aşıq Şəmşirdi. Düzdür, bundan sonra da çoxunu “dədə” adlandırıblar”.

E.Məmmədli  “Dədə” titulunun anlamından da söz açıb:

““Dədə” ən yüksək deməkdir. O, el ağsaqqalıdır, məsləhət verəndir, ustaddır, ozandır.  Şəxsində, əxlaqında, tərbiyəsində , davranışında, poeziyasında, dastanlarında, imzalarında nümunə olandır.

Heç bir aşıq deməyib ki, mənə “dədə” deyin. Təbii ki, bu titulu onlara xalq verib. İndi özlərinə titul qoyanlar çoxdur. Məsələn, meyxanaçı özünə “meyxana ustadı” deyir. Yaxud biri saz çala bilirsə, özünə saz ustadı deyir. Ustad ayrı şeydir. Ustadın məktəbi olur və o, bir mərhələdir. Sənətin kamil bilicisinə ustad deyirlər. Bu gün əksəriyyət televiziyada özünü bu cür təqdim edir. Halbuki “ustad” sözü də aşıq sənətinə məxsusdur. “Dədə” ləqəbi də belədir”.


Müsahibimiz qeyd edib ki, bu gün  kimlərisə “dədə” adlandıra bilərlər, amma hər şey insanın özündən asılıdır:

“Bu gün müğənni Süleymana da “Dədə Süleyman” deyirlər. Dədə ayrı şeydir axı. Elə olub ki, məni də professor kimi təqdim ediblər. Amma həmin dəqiqə reaksiya vermişəm ki, mən professor deyiləm. Fəlsəfə doktoruyam, şöbə müdiriyəm, amma professor deyiləm. Bunu gərək insan özü etiraf etsin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!