Modern.az

Mənim kəndim - Firuz Mustafa: “Əmim həmişə Stalini söyərdi” - FOTOLAR

Mənim kəndim - Firuz Mustafa: “Əmim həmişə Stalini söyərdi” - FOTOLAR

6 Oktyabr 2017, 14:59

Modern.az saytının “Mənim kəndim” layihəsinin bu dəfəki qonağı  yazıçı-filosof Firuz Mustafadır. O, özünün anadan olduğu, uşaqlığının keçdiyi  Gədəbəy rayonunun İsalı kəndi barədə söz açır və o kəndlə bağlı xatirələrini bizimlə bölüşür:

 

Kəndimiz, tariximiz və biz

-Doğulduğum kəndin 200 il yaşı var. Ulu babamız Qazax bölgəsindən köç edib Şınıx mahalına gəlib. O vaxtlar quberniya mərkəzi Gəncə, qəza mərkəzi isə Qazax olub.  Əslində, babamızgil bir bölgənin daxilində bir kənddən digərinə köçüb. Gədəbəy rayonu sonralar, sovet dönəmində yaranıb. Kəndimiz İsalı adlanır. İsa kişi indiki Ağstafa ərazisində yerləşən Pirli kəndində, 18-ci əsrin əvvəlində, təxminən 1700-cü ildə anadan olub. Onun iki övladı olub: Zaman və Duman. Duman 1760-1840-cı illər arasında yaşayıb. Duman öz övladlarının böyüyünə elə öz atasının, yəni İsanın adını qoyub. Necə deyərlər, bu ikinci İsa babamızın on övladı olub, doqquz oğlan və bir qız. Oğlanları bunlardır: Məşədi Tağı, Kərbəlayı Mustafa, Molla Nağı, Allahverdi, Cəfər, İsmayıl, Kərbəlayı Köçəri, Musa, Hüseyn.
İsa kişinin tək qızının adı isə Gülpəri olub. Yəqin ki, soyadıma görə diqqətinizdən qaçmadı, bəli, həmin doqquz oğuldan biri, yəni Kərbəlayi Mustafa mənim ulu babamdır. Mustafanın oğlu Məşədi Mehralı olub. Məşədi Mehralının oğlu Qədimalı, Qədimalının oğlu isə mənəm. Biz dörd qardaş, bir bacıyıq. Artıq dediyim kimi, kəndimizin adı ulu babamızın adını daşıyır - İsalı. Babam Məşədi Mehralı maarifpərvər adam olub. O, əvvəlcə kəndin kənxudası, sonra isə sovet sədri olub. 1934-cü ildə “xalq düşməni” kimi güllələnib, iyirmi il sonra, 1954-cı ildə bəraət alıb. Mən həmin dövrdə baş verən qanlı proseslər barədə “Qapı” romanımda ətraflı yazmışam. Düzdür, həmin roman sırf bədii düşüncə məhsuludur, amma orada babamla bağlı sənədli səhifələr də var.

Atamız, anamız və cəfamız...

-Atam Qədimalı Mustafayev ikinci cahan savaşından əvvəl Gəncə Pedaqoji Texnikumunu bitirib. Bir müddət müəllim işləyib. İlk gündən müharibəyə aparılıb. 1946-cı ildə  evə dönüb. Qiyabi yolla əvvəlcə rus dili institunu, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini  bitirib. Ömrünün sonunacan öz kəndimizdəki məktəbdə rus və Azərbaycan dillərindən dərs deyib. Atamın güclü dil öyrənmək qabiliyyəti vardı. O, cəmi 55 il ömür sürüb. Atam rəhmətə gedəndə bizim evdən üç nəfər ali məktəbdə təhsil alırdı. Bundan sonra biz böyük çətinliklərə dözməli olduq. Anam Firəngiz xanım da uzun illər məktəbdə çalışıb.

HAŞİYƏ - “İsa kişinin şəcəsəri”

-Və burasını da deyim ki, bizim nəslimizin 300 illik tarixi haqda mərhum alim Ənvər Köçərli “Bir ağacın budaqları” adlı kitab nəşr etdirib. Mən bu kitaba istinadən, “İsa kişinin nəvələri” adlı şəcərəni tərtib etmişəm. Bizim nəslin qol-budağı, Ermənistan, Gürcüstan, Rusiya ərazisinə səpələnib. Həmin şəcərə ağacında onlar haqqında müfəssəl məlumat var. Gördüyünüz kimi, necə deyərlər, “yeddi arxa dönənimiz” haqda dəqiq, səhih məlumat mövcuddur.

Nəslimizdə kifayət qədər ziyalı var. Kiçik bir kənddə iki akademik, onlarla alim, tanınmış ziyalı boya-başa çatıb. Təbii ki, əkinçimiz, biçinçimiz, çobanımız, fəhləmiz də yox deyildir.

 

Kəndimizdə açılmış ilk dünyəvi məktəbdə Qasım Köçəri oğlu və Məhəmməd Mustafayev kimi tanınmış pedaqoqlar fəaliyyət göstərib.

Mən kəndimiz haqda ona görə belə geniş söhbət açıram ki, o obanın tarixi həm də bizim nəslin tarixi və taleyidir.

Saflıq universitetləri

-Mənim boya-başa çatdığım ev kəndin yüksəkliyində, Ər dağının ətəyindədir. Bizim evdən baxanda az qala, bütün Şınıx ovuc içi kimi görünür. El arasında bu zonaya “Şınıxdərə” də deyirlər; bir az kənardan baxanda bu yerlər öz relyefi etibarı ilə açılmış nəhəng bir kitaba bənzəyir. Bu “kitabın” təbii “səhifələrini” onun meşələri, bulaqları, biçənəkləri bəzəyir. Kəndimiz Ermənistanla sərhəddədir. Sevan gölü bir neçə kilometrlikdədir. Yaxınlıqda malakan kəndləri yerləşir. Malakanlar çox yaxşı, etibarlı qonşudur.

Kəndimizin qışı çox sərt keçir. Orada hələ də odun sobaları işə yarayır.

...Və... Mənim universitetlərim

-Mən kəndimizdəki orta məktəbdə oxumuşam. Hələ səkkiz, ya doqquzuncu sinifdə ikən ilk komsomol təşkilatı katibi olmuşam. Mənim “komsomolçularım” arasında şagirdlərlə yanaşı, xeyli sayda gənc müəllim də vardı.

Özünü tərifləmək kimi çıxmasın, uşaq ikən çox mütaliə edərdim. Bu vərdiş məndə yenə qalmaqdadır. Kitab oxumadığım bir günü xatırlamıram. Kəndimizdə 4-5 kitabxana vardı. Məktəb kitabxanası, kolxoz kitabxanası, birləşmiş kitabxana...

 Hamısının üzvü idim. Əvvəllər kəndimizdə elektrik yox idi. Arada neft qıtlığı da olurdu. Necə deyərlər, işığa qənaət etmək lazım gəlirdi. Amma mən bəzən bu “qənaət rejimini” pozur, gecələr lampanı yandırıb kitab oxuyurdum. Özü də harada- evimizdəki böyük yazı stolunun altında. Mən bu “fəndi” Maksim Qorkinin “Mənim universitetlərim” əsərindən oxuyub əxz etmişdim. Əlbəttə, sonralar bu məsələnin üstü açıldı. Düzdür, məni  yazıq Peşkov kimi cəzalandırmadılar. Amma əvəzində evdə dəfələrlə “xəbərdarlıq” almalı oldum.

İlk imtahan

-Yadımdadır, bir dəfə, hələ ibtidai sinifdə oxuyarkən dayım - yazıçı Nahid Hacızadə bizə gəlmişdi. Evdəkilər ona mənim çox kitab oxumağımdam narahat olduqlarını bildirdilər. Dayım gülüb dedi ki, indi dəqiqləşdirərəm bunun mütaliəsinin həcmini. Və məni sorğu-suala tutdu. Mən o vaxtlar artıq Puşkinin, Tolstoyun, Qoqolun, Maksim Qorkinin,  çoxcildliklərini oxuyub başa vurmuşdum. Bundan başqa, Belinskinin, Dobrolyubovun ədəbi-tənqidi məqalələrini, Mayakovski, Fadeyev, Katayev, Şoloxov, Tvardovski kimi şair və yazıçıların əsərlərini də diqqətlə mütaliə etmişdim. Üstəlik “Azərvaycan pioneri” və “Pionerskaya pravda” qəzetlərinin abunəçisi idim. Dayım mənim mütaliəmdən çox razı qaldı və valideynlərimə belə dedi: “Oxumağa davam etsin. Bunun ziyanı yoxdur”. Sonralar ali məktəbdə təhsil alarkən mən orta məktəbdə oxuduqlarımdan imtahan verməli oldum.

“Oyun” qabağı “məşqlər”

-Arada o vaxt radioda gedən məşhur “Xoruz baba” verilişində mənim məktubum da oxunurdu ki, bu da sinfimizdə və az qala, bütün kənddə toy-bayrama çevrilirdi.

Biz məktəbdə olarkən teatr tamaşaları hazırlayırdıq. Yadımdadır, “Hacı Qara”, “Vaqif”, “İki həyat” tamaşalarının “quruluşunu” mən hazırlamışdım. Görünür, dramaturgiyaya gələn yolumun mənbəyi oradan başlayıb.

Boş vaxtlarımda rəsmlə məşğul olurdum. Rəsm dəftərim, çəkdiyim bəzi mənzərə və portretlər indiyəcən qalmaqdadır. Hətta, bu barədə iki-üç il öncə AzTv-də bir veriliş də hazırlanmışdı.

O zaman rayonumuzda “Tərəqqi” qəzeti çap olunurdu. Mən əvvəlcə həmin qəzetə, daha sonra Bakıda nəşr olunan “Kommunist”, “Sovet kəndi” qəzetlərinə məqalələr yazmağa başladım. Bax ilk qonorarlarımı onda almağa başladım. İndi təsəvvür edin: orta məktəb şagirdi bəzən az qala müəllimlərinin əməkhaqqı qədər qələmhaqqı alır. İndi bu, bir yuxuya bənzəyir.



Bir “qonaqlığın” tarixçəsi

-Madam ki, söhbət ilk yazı-pozudan düşdü indi bir az gülməli, bir az da ağlamalı bir hadisəni xatırladım. Bir dəfə dostlarımdan biri ilə həmin o “Tərəqqi” qəzetini başdan-ayağa diqqətlə oxuyub tənqidi bir yazı yazdıq. Əlimizdə xeyli “fakt” da vardı. Belə ki, hətta sərlövhələrdə, baş məqalələrdə belə xeyli qrammatik, orfoqrafik səhvlər vardı. İri bir məqalə hazırladıq və onu “Kommunist” qəzetinə göndərdik. Bir də eşitdik ki, bütün məktəb əl-ayağa düşüb, orada hay-küy qopub. Sən demə, raykomdan və rayon qəzetnin redaksiyasından bir dəstə “yoldaş” bizim təhsil aldığımız məktəbə gəlibmiş. Onlara elə gəlirmiş ki, bu yazının müəllifi biz şagirdlər yox, bizim müəllimlərimizdir. Təbii ki, tezliklə hər şey məlum oldu. Biz həmin məqaləni özümüz yazdığımızı etiraf etdik. Xəttimiz də göz qabağında idi. Gərgin söhbətdən sonra məktəb rəhbərliyi kəndə gələn “yoldaşları” yeməyə dəvət etdi. Sonralar müəllimlərimizdən biri zarafatla belə dedi: “Ay uşaqlar, niyə öz iş-gücünüzlə məşğul olmursuz? Bax yazdınız, gəldilər, yeyib-içib getdilər. Sizin hesabınıza iki hinduşkanın başından keçməli olduq”.
Amma qəzetin redaktoru mədəni, ziyalı adam idi, çünki bu əhvalatdan sonra da yazılarım orada çap olundu. Orta məktəbi bitirəndə artıq qonorarla özümə kitab-dəftər, pal-paltar almaq imkanım vardı.

“Stalinin qənimi”

-Mən nə nənə, nə də baba görmüşəm. Həm ata, həm də ana babam mən dünyaya gəlməmişdən xeyli əvvəl rəhmətə gedib. Mən nəslimizdə baba əvəzi böyük əmim Möhbalını, nənə əvəzi isə onun arvadı Xurmanı görmüşəm. Əmim çox şən, yeyib-içən bir adamdı. Daim sovet hökumətini söyərdi. Ən çox da Stalini söyərdi. Çünki onun atası Stalin kursuna zidd bir adam kimi güllələnmişdi. Xurma xala isə mənə əsl nənəlik etmişdi. Mən onunla hər il yaylağa gedərdim. Biz əvvəllər Qonaqgörməz, sonralar isə Kaftar deyilən yerlərdəki yaylaqlara gedərdik. Yaylaq məzərələri, köç lövhələri hələ də gözümün önündədir. Qurulan çadırlar, hörülən mərəklər, örüş yerləri, yaylım, sağın, çoban tütəyi, daş duzlar, bulama, eydirmə, körəməz, kətəməz, eymə, satıl... Bu sözlər, daha doğrusu bu fenomenlər indi bir qədər arxaik səslənir. Amma əslində hər ifadənin arxasında bir tarix yatmaqdadır.

“Qızqaytaran”

-Mən oduna, biçinə getdiyimi də xatırlayıram. Yaşıdlarımın bir çoxu göndən tikilmiş çarıq geyərdi. Yadımdadır, bir dəfə evdə dava-dalaş salıb mənə çarıq tikdirməklərini tələb etdim. Atam bərk hirsləndi: “Ayaqqabısı olmayanlar çarıq tikdirir. Axı sənin ayaqqabın var”. Anam əmimə bu barədə deyəndə Möhbalı kişi elə həmin gün mənə bir çarıq tikib bağışladı və gülə-gülə dedi: “Hə, bu da sənə bir qızqaytaran çarıq”. Mən cəld qaçıb dostlarıma sevincək  yeni tikilmiş “qızqaytaran”ımı  göstərdim. Axşam yağan yağış mənim çarığımı isladıb ətənəyə döndərmişdi. Ayağım yaş çarığın içində az qala donmuşdu. Beləliklə, dava-dalaşla əldə etdiyim çarığı cəmi bircə gün geyməli oldum.


“Bir də onları xatırlayıram...”

-Xatırlayıram ki, o zaman arada kəndimizə ilan ovsunçuları, ayı oynadanlar, ələmgəzdirənlər də gələrdi. Bu qəribə adamların öz sir-sifətlərindən və qəribə geyimlərindən heç də az qəribə olmayan hərəkətləri məni heyrətləndirərdi.

Bir şeyi də yaxşı xatırlayıram. O zaman kəndimizdə çoxlu əlil adamlar vardı. Əlbəttə, bunlar cəbhədə qolunu, qıçını itirmiş adamlar idi. Mənim ilk müəllimim Yaqub müəllim də ayağının birini cəbhədə itirmişdi. Mən sonralar öyrəndim ki, müharibə zamanı əsir düşmüş və əsirlikdən canını zorla qurtarmış bu adamların bir çoxu vətənə qayıtdıqdan sonra təzədən sürgün olunmuş, yalnız Stalin öləndən sonra bəraət alaraq doğma evlərinə qayıda bilmişdilər. Sonralar mənim qələmə aldğım, hələ sovet dönəmində nəşr olunmuş “Dünyanın rəngi” povestimdə məhz bu məsələ işıqlandırılmışdır. Əsərin qəhrəmanı Vamiq günahsız qurbana çevrilən atasının həsrəti ilə yaşayır, Stalinə məktublar yazır, lakin o məktublar cavabsız qalır.


“Təkcə dağlar dəyişməyib”

-Mən hər il kəndimizə gedirəm. Anama baş çəkirəm. Aradan ötüb keçən bu illər, onillər ərzində çox şey dəyişib. Bir siyasi sistemi digəri əvəz edib. Kəndimizdə adamların sayı azalıb. Gənclərin çoxu şəhərlərə və gigər ölkələrə iş ardıyca gedirlər.  İsalıda bu gün daşlı-kəsəkli yollar asfalt, soyuq evlər yanacaq-qaz gözləməkdədir.

Bəli, kəndimizdə çox şey dəyişib. Çaylar başqa məcraya axaraq öz yerini dəyişib. Elə adamlar da dəyişib. Hətta, fauna və florada da dəyişmə müşahidə olunur. Belə ki, əvvəllər bu yerlərdə gözə dəyməyən vəhşi baldırğanlar kök salıb. Ağac kimi  hündür olan bu zərərli-zəhərli bitkinin kökü də dərinlərə işləyib.

Ermənistan tərəfdən axıb gələn sincab sürüsü toyuq-cücəyə tülküdən betər qənim kəsilib. Tülkü demiş, axşamlar çaqqal sürüsü dərələrdə ağız-ağıza verib ulaşır.

Və nəhayət, bildiyimiz kimi, biz tərəflər öz meyvə-tərəvəzi, xüsusilə kartofu ilə məşhurdur.

Meyvə bağlarının, ağacların sayı son illərdə xeyli artıb.  Elə arıçılıq da öz inkişaf dövrünü yaşayır. Amma kartofçuluq... Təəssüf ki, artıq məşhur “ağçiçək” sortu aradan çıxıb. İndi kartof sortlarına yerli əhalinin özü “şərti” adlar qoyub: “qırmızı kartof”, “rus kartofu”, “iran kartofu” və sair.

Bu, yaxşı haldır ki, son illərdə təsərrüfata meyl artıb.
 

Dediyim kimi, kəndimizdə hər şey dəyişmədədir. Təkcə dağlar dəyişməyib. On illər, yüz illər, min illər öncə olduğu kimi yenə əzəmətlidir, vüqarlıdır o dağlar. Bizim kəndimiz Ər dağından başlayır.

N.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir