Modern.az

“Yaxşı insanların və maraqlı kuklaların əhatəsində darıxmıram” - MÜSAHİBƏ  

“Yaxşı insanların və maraqlı kuklaların əhatəsində darıxmıram” - MÜSAHİBƏ   

7 Oktyabr 2017, 09:20

Gənc rəssam, Prezident təqaüdçüsü Əfşan Əsədovaya Kukla Teatrını sevdirən nədir?   


Əfşan Əsədova rəssam ailəsində doğulub. Atası Rafael Əsədov istedadlı rəssam kimi yaxşı tanınır, AzTV-nin “Qızıl Fond”undakı əksər televiziya tamaşalarına bədii quruluşu məhz o verib. Anası Afaq Kərimova xalçaçı rəssam və pedaqoqdur.

Məhz belə bir ailədə böyüyən Əfşan uşaq yaşlarından rənglər dünyasının sehrinə düşüb, öz gələcək yolunu müəyyənləşdirib və ailə ənənəsini davam etdirmək qərarına gəlib. Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb, sonra elə bu ali məktəbin magistraturasında incəsənət tarixi və nəzəriyyəsi ixtisasına yiyələnib.

Gənc rəssam Əfşan Əsədova qısa zamanda artıq özünü bu sənətdə sübut etməyi bacarıb, Prezident təqaüdçüsü olub, müxtəlif mükafat və diplomlara layiq görülüb, ötən il ilk fərdi sərgisini sənətsevərlərə təqdim edib. A.Şaiq adına Dövlət Kukla Teatrında çalışan Əfşan balaca tamaşaçıların maraqla qarşıladığı bir neçə tamaşanın quruluşçu rəssamıdır.

Modern.az
gənc rəssamla müsahibəni təqdim edir:
 

- Əfşan, ailənizi yaxından tanıyan insanlar sənin də rəssam olacağını təxmin etmişdilər. Başqa sənəti seçib onları bir qədər təəccübləndirmək kimi bir fikir oldumu heç?


- Yox, heç vaxt bu barədə düşünmədim. Lap kiçik yaşlarımdan evdə atamın və anamın yeni əsər üzərində necə çalışdıqlarını müşahidə edirdim, sənət barədə müzakirələrinə qulaq asırdım. Hətta bəzən onların çəkdiklərinə irad bildirirdim, uşaq ağlımla guya səhv tapdığımı düşünürdüm. Görürdüm ki, bu cür davranışlarım valideynlərimin xoşuna gəlir. Onlar heç vaxt məni qarşılarında əyləşdirib rəssam olmaq üçün nələri necə etmək barədə uzun-uzadı mühazirə oxumayıblar, amma bu sənətlə maraqlanmağıma mane də olmayıblar. Orta məktəbin birinci sinfinə gedəndə artıq öz-özümdə qətiləşdirmişdim ki, gələcəkdə rəssam olacam. Sinifdə hamıdan yaxşı şəkillər çəkirdim, necə deyərlər, sinfimizin baş rəssamı idim və müəllimənin “5”-in yanındakı ulduzları saydıqca sevinirdim. Orta məktəbi bitirənə kimi artıq bir neçə sərgidə iştirak etmişdim, diplomları evdə sıralamışdım. Uşaqlıq illəri bu cür keçən birisi necə başqa sənəti seçə bilərdi? Ona görə də sənədlərimi Dövlət Rəssamlıq Akademiyasına verdim və qəbul olundum. Düzdür, tələbəlik illərində ilk vaxtlar modelyer-rəssamlıq məni daha çox cəlb edirdi, amma sonralar müəllimlərimdən batikanın sirlərini öyrəndim və bu janrda rəsmlər çəkdim.

- İlk iş yerin isə Dövlət Kukla Teatrı oldu...

- Bu məsələdə də valideynlərimin rolu var. Uşaq vaxtı məni tez-tez bu teatrın tamaşalarına aparırdılar. Səhnədə baş verənlər, kuklaların hərəkəti, belə deyək də, danışığı təbii ki, çox maraqlı idi. 2015-ci ildə Dövlət Kukla Teatrında çalışmaq imkanı yarandı və mən bu şansdan istifadə etdim. Balaca vaxtı diqqətimi çəkən tamaşaların necə hazırlanmasını yaxından izlədim, hətta quruluşçu rəssam kimi bu prosesin iştirakçısına çevrildim.    

- Quruluşçu rəssam kimi hansı tamaşada debüt etdin?

- İstedadlı rejissor Anar Məmmədov fransız yazıçısı Şarl Perronun “Oyaq gözəl” əsəri əsasında tamaşa hazırlayırdı və mənə quruluşçu rəssam olmağı təklif etdi. İş birliyimiz maraqlı alındı və məncə baxımlı bir tamaşa oldu. Bir müddət sonra həmin tamaşanı rus sektoru üçün də hazırladıq. Ümumiyyətlə Anarla birgə çalışmaq rahatdır, quruluşçu rejissor və quruluşçu rəssam kimi bir-biri yaxşı başa düşürük. Bir neçə gün öncə teatrımızın yeni mövsümdə ilk premyerası oldu. Anar Məmmədovun quruluş verdiyi  

“Durna balığının əmri ilə” tamaşasına da bədii tərtibatı mən vermişdim. Yeni mövsümdə Anarla daha bir tamaşa üzərində birgə çalışacağıq.

- Sən yeni mövsümün premyerasından danışdın, amma mən istəyirəm ötən mövsümə qayıdaq. Kukla Teatrının yubiley 85-ci sezonunun yekunlarına görə mükafat alanlardan biri də sən idin. Təqdimat mərasimində ünvanına xeyli xoş sözlər söylənildi...

- Kiçik əməyimə dəyər verdiklərinə görə kollektivimizin hər bir üzvünə təşəkkürümü bildirirəm, sağ olsunlar. Dövlət Kukla Teatrında təkcə mənə yox, bütün gənclərə hər cür şərait yaradılır, yaradıcılıq potensialımızı göstərmək üçün bizə hər zaman meydan verilir. Kollektivdə mehriban bir ailə mühiti yaradılıb, teatrımızın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin sözsüz ki, bu məsəldə zəhməti böyükdür.  

Baş rəssam İqbal Əliyev öz məsləhətlərini məndən heç zaman əsirgəmir. Şəxsən mənim kimi gənc üçün belə bir səmimi və işgüzar kollektivdə çalışmaq xoşdur. Ona görə də mehriban insanların və maraqlı kuklaların əhatəsində darıxmıram.  

- Ötən il ilk fərdi sərginlə sənətsevərlər qarşısında imtahan verdin. Sərgi üçün seçdiyin ad mənə maraqlı gəldi. Niyə məhz “Yasamən”?

- Yasəmən gülünü çox sevirəm, həm batikada, həm də akvarellə işləyəndə bu gülə tez-tez müraciət edirəm. Avtoportretimi də yasəmən güllərini əhatəsində çəkmişəm. Ona görə də ilk fərdi sərgim üçün məhz “Yasəmən” adını seçdim. Bu sərginin təşkilində Mədəniyyət və Turizm Nazirliyinin, üzv olduğum Rəssamlar İttifaqının əməyi çox oldu. Hər iki qurumun rəhbərliyinə minnətdarlığımı bildirirəm. 

- Teatr rəssamı kimi  artıq tanınmağa başlamısan, sırf bu mövzuda bir sərgi açmaq fikrin varmı?

- Təbii ki, belə bir niyyətim var, amma bunun üçün hələ çox çalışmalı, yeni-yeni tamaşalara bədii tərtibat verməliyəm. Ona görə də hələ yeni işlər barədə düşünürəm, sərgi haqqında fikirləşməyə inşallah zamanım olacaq.  

Etibar Cəbrayıloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər