23 fevral 2018, Cümə
Ana Səhifə - REPORTAJ - Atalar və övladlar - Rüfət Əhmədzadənin oğlu: “Atamın ən çox zəhləsi gedən üç şey vardı...” - FOTO  
Atalar və övladlar - Rüfət Əhmədzadənin oğlu: “Atamın ən çox zəhləsi gedən üç şey vardı...” - FOTO   +
07.10.2017, 17:21

Zülfüqar Rüfətoğlu: “88-ci ilin mitinqi zamanı soruşdum ki, sən niyə tribunaya qalxıb sözünü demirsən?”


Modern.az saytının “Atalar və ovladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyadan köçmüş tanınmış ziyalıların övladları da ataları haqqında xatirələrini bölüşürlər. Bu dəfəki qonağımız kimi…


Layihəmizin növbəti qonağı satirik şair, yazıçı, "Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti" kimi ekran əsərlərinin və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifi Rüfət Əhmədzadənin oğlu, tanınmış jurnalist Zülfüqar Rüfətoğludur.


O, atası Rüfət Əhmədzadə haqqında xatirələrini danışıb, ürək sözlərini bizimlə bölüşüb.

Sizi Zülfüqar Rüfətoğlu və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

Göz yaşı içində gülüş

-Rüfət Əhmədzadənin kədər dünyasından danışmaq çətindir, bəlkə də heç mümkün deyil. Çünki o, bu dünyada kədərlənəcək yaşa qədər yaşamadı. 55 illik qısa ömrünün şüurlu dövrünü insanları güldürən və güldürərək düşündürən şeirlər, tamaşalar, ssenarilər yazdı. Onun onlarca lirik mahnısında da yumor və satira hiss olunurdu. Füzulinin, Nəsiminin ən kədərli sevgi şeirlərinə qəhqəhə doğuran nəzirələr yazmışdı. Onun şeirlərindəki lirik qəhrəmanı da komik idi.

Gözlərinin yaşarmasını tək bir dəfə, 1988-ci ilin noyabrında görmüşəm. Onda Bakını Qarabağ mitinqləri bürümüşdü. Bu mitinqlərə qoşulanların sayı yüzminlərlə idi. Hətta gərək ki, bir-iki dəfə AzTV də göstərmişdi. Televizorda bu izdihamı görəndə gözləri yaşarmışdı. Azərbaycanın azadlığına lap az qaldığını bilirdi.

Lakin bunun ardınca Bakıya qoşun hissələri yeridilmiş, meydan dağıdılmışdı. Açıq antisovet mahiyyəti kəsb eləməyə başlayan etirazların təşkilatçılarını həbs etmişdilər. Yenə də AzTV-də onların üzünə duran, narkoman və sair adlandıran adamları göstərirdilər. Bu liderlərdən bir neçəsini öz günahlarını “səmimi etiraf” etdirərək efirə verirdilər. Bir də onda kədərli görmüşdüm atamı. Amma o bu kədərdə də bir yumor görürdü. Deyirdi ki, “bu hadisələrlə bağlı komediya yazmaq istəyirəm”. Hətta adını da demişdi: “Kommendant saatı”. Bu tamaşada heç nədən xəbəri olmayan obrazları – yeniyetmələri, müəllimləri, gecə növbəsindən qayıdan həkimləri, toydan qayıdan musiqişiləri, cəbhəçiləri və hətta milli partokratları  gətirməliydilər kommendaturaya, rus generalının qarşısına. Belə bir süjet qurmuşdu. Amma bu tamaşanı yazmağa vaxtı qalmadı. 1988-ci ilin 15 dekabrında vəfat etdi. Bircə gün də xəstə yatmamışdı.

Onda həmin, bir az da icazəli mitinqlərə yazıçılar, şairlər getməyə başlamışdılar. Bir dəfə ondan soruşdum ki, “sən niyə tribunaya qalxıb sözünü demirsən?”. Dedi: “Bilirsən ki, mən sözümü deməkdən heç vaxt qorxmamışam, amma yüzminlərlə adamın qarşısında çıxış eləsəm və onlar da məni alqışlasalar, ürəyim dayanar…”. Belə bir…çox abırlı adam idi.

 

Repressiyanın 5 yaşlı qurbanı

 

-Atam öz atası barədə demək olar heç nə danışmırdı. Daha doğrusu hiss edirdim ki, danışmaq da istəmir. Onun xasiyyətinə yaxşı bələd olan birisi kimi bilirəm ki, bunun iki səbəbi vardı: Birincisi, atası, şair, jurnalist, inqilabçı Zülfüqar Əhmədzadə 1938-ci ilin 16 mayında bir daha evinə qayıtmamaq üçün həbs ediləndə, Rüfətin 5 yaşı tamam olmuşdu. Bu yaşda insanın ağlabatan, inandırıcı xatirələri olmur…

Amma sonralar başa düşdüm ki, bu susqunluğun daha dərin fəlsəfi mənası vardı. O, bizim – yəni qardaşlarımın və mənim hiddət və qisas hisslərilə böyüməyimizi istəmirdi. Hesab edirdi ki, bu nəsil artıq günahsız qurbanını verib və inanırdı ki, repressiyalar qayıda bilər. Yox, repressiyalardan qorxmurdu, bizim taleyimizdən narahat olurdu. Amma sonrakı illərdən bir çox xatirələrini bizə danışmışdı…Deyirdi ki, kədərin və nifrətin də yaddaşı var, amma yaxşı yaddaş deyil bu…

Ömrün acı və qabarlı illəri

-Atam danışırdı ki, 1937-ci ildən başlayan repressiyalar sonrakı illərdə də təsirini buraxmışdı. Onda Dram Teatrının yanında, Vidadi küçəsində yaşayırdılar. Şəhərin bu hissəsində yaşayan ziyalılar çox idi. Deyirdi ki, qəribə bir hal yaranmışdı. Həyətdə repressiya olunanların uşaqları ayrıca oynayırdılar. Repressiyadan kənarda qalanların övladarı ilə qaynayıb-qarışmırdılar. Yəqin ki, o uşaqların valideynləri övladlarına “xalq düşmənlərinin uşaqları” ilə oynamamağı bərk-bərk tapşırmışdılar. Deyirdi ki, “bunun bir yaxşı cəhəti var idi. Həbs olunanların əksəriyyəti namuslu və istedadlı adamlar idi və mənim də uşaqlıq dostum onların övladları idilər”.
Əhməd Cavadın oğulları ilə dostluğu sonrakı illərdə də davam etmişdi. Əfsanəvi komediya ulduzu Hacıbaba Bağırov, unudulmaz bəstəkar Emin Sabitoğlu ilə uşaqlıq dostu idilər. Rəhmətlik dramatrurq Sabit Rəhman həbs olunmasa da, elə repressiya olunmuş kimi idi. Atamla Hacıbaba Bağırov birinci sinifdə bir partanın arxasında oturmuşdular.

Atam dram dərnəyinə yazılmışdı. Deyirdi ki, “sonra Həcini də dartıb apardım ora”. Zarafat edirdi: “O böyük aktyor oldu, amma məndən heç nə çıxmadı”. Bir də danışırdı ki, tez-tez Akademik Dram Teatrına gedərdilər. Anası teatrda texniki işçi idi. Danışırdı ki, “bizi bəzən, uşaq rollarını oynamaq üçün səhnəyə də buraxırdılar”. Bunlar adətən epizodik, sözsüz rollar idi. Məsələn Şekspirin Hamletində Hacıbaba Bağırovla qəbristanlıq uşaqlarını oynamışdılar.

1940-cı illərdə ailənin ağır vəziyyəti ilə bağlı nənəmin doğma yurdu Balakənə köçmüşdülər. Burada atam 13 yaşından kinomexanik işləməyə başlamışdı. Uşaqlıq xatırələrinin böyük bir hissəsi də Balakən həyatı ilə bağlı idi. Bakıda doğulsa da, balakənlilər atamı öz doğmaları bilirdilər. İndi orda Rüfət Əhmədzadə küçəsi var…

1952-cin ildən “Kirpi” jurnalına işə götürülmüşdü. Onda baş redaktor görkəmli jurnalist Əvəz Sadıq idi. Atamın ən çox zəhləsi gedən üç şey vardı: rüşvət, yaltaqlıq və yerliçilik. Əvəz Sadıqdan danışanda deyirdi ki, “rəhmətlik məni işə götürəndə heç haralı olduğumu da soruşmamışdı. Şeirlərim xoşuna gəlmişdi, vəssəlam”.

Əvəz Sadıq nəinki atamın doğulduğu yeri soruşmamışdı, heç onun “xalq düşməninin oğlu” olduğuna da məhəl qoymamışdı. Nəzərə alın ki, 1952-ci il idi. Deyirdi ki, o vaxt o məşhur “Çippolinonun başına gələnlər” kitabında qrafinya albalıcıqlar Çippolinoya tərbiyə vermək üçün ona “Mən tərbiyəsiz oğlanam” cümləsini yüz dəfə yazdırdıqları kimi, biz də hər dəfə anket dolduranda “mən xalq düşməninin oğluyam” yazmalıydıq.

HAŞİYƏ - uşaqlıqdan bir xatirə... 

-Mənim atamla bağlı bir uşaqlıq xatirəm var. Bilmirəm bunu mənim xatirəm saymaq olarmı? O vaxt mənim 6-7 yaşım olardı və hadisəni də mənə elə atam danışmışdı. O vaxt “Kirpi” jurnalının redaksiyası “Malakan bağı” (indiki Xəqani bağı-red.)  deyilən parkın yanında yerləşirdi. Atam bəzən, şənbə-bazar günləri məni də özü ilə işə aparırdı. Bir gün yenə də məni özü ilə apararkən indiki İstiqlal, ovaxtkı Kommunist küçəsinin Hüsi Hacıyev küçəsi ilə kəsişməsindəki çörək mağazasının qarşısında böyük ədib Əliağa Vahidlə rastlaşmışdılar. Bunların başı söhbətə qarışarkən mənim də gözüm Vahidin tor zənbilindən görünən bulkalarda idi. O vaxt bu kişmişli bulkaları uşaqlar çox sevirdilər. Deməli Vahid həm söhbət edir, həm də bir gözü ilə baxır ki, mən gözlərimi bulkalara zilləmişəm. Zənbildə iki bulka, bir də zavod çörəyi vardı. Atam danışırdı ki, “axırda Vahid əlini zənbilə salıb bulkalardan birini çıxardı və yarı bölüb bir yarısını sənə verdi, o biri yarısını isə təkrar zənbilə qoydu. Axı evdə ər-arvad iki nəfər idilər…”. Düşünürəm ki, mənimlə bölüşdüyü öz bulkası olub.


“Çoxu bilmir ki…”

-Atamın səhnə əsərləri başlanğıcını AzTV-də həftəsonu efirə verilən səhnəciklərdən götürmüşdü. Dostu Hacıbaba Bağırovun xahişi ilə onun üçün bir neçə səhnəcik yazmışdı. Sonralar bu səhnəciklər “Sonqulunun sərgüzəştləri” serialına çevrilmişdi. Televiziya tamaşaçıları Sonqulunun növbəti sərgüzəştinə baxmaq üçün həftəsonlarını səbirsizliklə gözləyirdilər.

Daha sonra isə dostu Emin Sabitoğlunun məsləhəti ilə Sonqulu üçün daha sanballı tamaşa yazmağa qərar vermişdilər. "Gülüş sanatoriyası", Şirbalanın məhəbbəti" və başqa tamaşaların yaranma tarixi belə olub. Bu tamaşalarda daim anşlaq olurdu. Bilet tapılmırdı. Təbii ki, adlı-sanlı dramaturqlar bir az narahat olmuşdular. Atam bəlkə də bu narahatlıqlara görə deyirdi ki, “mən dramaturq deyiləm, amma yazdığım tamaşalara çox sayda insan baxır, gülür və bəyənir. Məncə ən əsası da elə budur”.

“Kirpi"li şeirlər

-Rüfət Əhmədzadə 1952-ci ildən vəfat etdiyi günədək “Kirpi” satirik jurnalında çalışıb. Bu jurnalda korrektordan baş redaktor müavininə qədər uzun bir yol keçib, şair və jurnalist kimi püxtələşib. Əlbəttə, işi ilə bağlı hədə və təhdidlər də olurdu. Ələxüsus da felyetonları ilə bağlı. Çox kəskin jurnalist qələmi vardı.  Ən çətin vaxtlarda da “Kirpi”ni tərk etməyib. Bu jurnalı “Molla Nəsrəddin”in davamçısı sayırdı.

Bəzən, satira ilə bağlı maraqlı və hətta cəfəng hadisələr baş verirdi. Bir dəfə onun jurnalda keyfiyyətsiz mebel haqında bir satirik şeiri dərc olunmuşdu. Yəni, ümumən mebelin keyfiyyətsizliyindən bəhs edən, konkret hədəfsiz və ünvansız bir şeir idi. Şeir dərc olunandan bir həftə sonra jurnala Bakı Mebel Fabrikinin rəsmi blankında məktub gəlmişdi: “Filan şeirdə qeyd olunmuş nöqsanlar aradan qaldırılıb və məsuliyyət daşıyanlar işdən kənarlaşdırılıb…”.

Xəstəliklərlə döyüşən ömür

-Ağır uşaqlıq illərinə baxmayaraq səhhətindən şikayət etməyi xoşlamazdı. Amma hər halda tənqid və satira ilə bağlı həyat, illər keçdikcə ağır təsirini buraxırdı. Ürəyindəki ağrılardan şikayətlənirdi, amma bir gün də olsun, xəstə yatmamışdı. İnfarktların üçünü də ayaq üstdə keçirtmişdi. Vəfat etdiyi gün bir saat olardı ki, işdən qayıtmışdı. Yorğun idi. Elə divana əyləşəndən az sonra gözlərini əbədi yummuşdu.


Son görüş, son söhbət
 

-Son görüşümüz onun vəfatı günü olub. Evdən bir yerdə çıxmışdıq. O “Azərbaycan” nəşriyyatına, mən isə “Kommunist” qəzetinə getməliydik. Dekabrın 15-i qəribə və həlim bir qış günü idi. Deyirdi ki, “son vaxtlar özümü heç bugünkü qədər yaxşı hiss etməmişəm…”.
Mən də həyəcanlı idim. Həmin gün Rəşid Behbudovla müsahibəm vardı. Belə bir şəxsiyyətdən müsahibə almağımla fəxr edirdim. Axşam evə tələsirdim ki, Rəşid Behbudovla necə görüşdüyümü ona danışım…Pilləri iki-iki qalxırdım…Evə çatanda qapını açıq gördüm. Evdən başqa adamların da səsləri gəlirdi. Bu anda anam Mirvari xanım göz yaşlarını silə-silə qabağıma çıxdı… “Zülfüqar, daha atanız yoxdur…” – dedi.

Anamla 31 il ömür sürmüşdülər…Onların evləndikləri 1956-cı ildə babama bəraət verilmişdi. Mən, qardaşlarım Vüqar və Rəşad “xalq düşməninin nəvələri” kimi doğulmayacaqdıq. Atamızın bütün yazılarının ilk oxucusu və tənqidçisi, sevimli anamız Mirvari xanım 3 il bundan əvvəl rəhmətə gedib.

“Vəfat edəcəyi günü hiss edirdi”

-Atam vəfat edəcəyi günü bilmirdi, amma hiss edirdi ki, vaxt azdır. İnfarkt keçirmişdi. İndi ürəyə şunt qoydurmaq dişə plomb qoydurmaqdan rahatdır. O vaxt elə deyildi. Amma infarktla da zarafatından qalmırdı. DTK onun ağrılı yeriydi…Deyirdi ki, “bilirsən, bu ürək “KQB” kimi bir şeydir. Sən gəzirsən, yaşayırsan, deyib-gülürsən, sevirsən-sevilirsən, amma o, gecə gündüz səni izləyir, hər hərəkətini casus kimi yazır…Bir də görürsən ki, səni qəfildən götürdülər…”.
 


Son söz əvəzi - Ailəsi, davamçıları və varisləri... 

-Ailədə üç övlad olmuşuq. “Sülalə peşəsinin” davamçılığı mənim üstünə düşüb. 33 ildir ki, bu peşədəyəm. Ortancıl qardaşım Vüqar bioloqdur, öz sahəsi üzrə çalışır. Sevimli sonbeşik qardaşımız Rəşad Əhmədzadə incəsənət adamıdır, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. O da ömrünün yarıdan çoxunu Azərbaycan teatrına həsr edib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktorudur… Deməli, o da atamızın layiqli davamçısıdır. Atamız bizi həm övladları kimi sevir, həm də dostu sayırdı…İndi də bir araya gələndə onun qoyub getdiyi boşluğu hiss edirik.



N.Nihad

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu
23.02.2018, 14:00

Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu

Əli İnsanov əfv ərizəsi yazıb?..   
23.02.2018, 13:55

Əli İnsanov əfv ərizəsi yazıb?..  

“Belə sürücüləri xəttə buraxmaq çox ağır cinayətdir”   
23.02.2018, 13:51

“Belə sürücüləri xəttə buraxmaq çox ağır cinayətdir”  

"Azərbaycan avtomobil yolları 100 il” medalı təsis olundu
23.02.2018, 13:48

"Azərbaycan avtomobil yolları 100 il” medalı təsis olundu

Deputat quzıların kəsilməsinə qarşı çıxdı - “Onlar hələ yetişməlidir”   
23.02.2018, 13:44

Deputat quzıların kəsilməsinə qarşı çıxdı - “Onlar hələ yetişməlidir”  

Sürücülərlə bağlı yeni MADDƏ: parlament TƏSDİQLƏDİ
23.02.2018, 13:33

Sürücülərlə bağlı yeni MADDƏ: parlament TƏSDİQLƏDİ

Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb 
23.02.2018, 13:29

Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb 

Deputat bahalaşmaya etiraz etdi
23.02.2018, 13:28

Deputat bahalaşmaya etiraz etdi

Mahmud Abbasın xəstə olduğu təkzib edildi  
23.02.2018, 13:23

Mahmud Abbasın xəstə olduğu təkzib edildi  

Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı
23.02.2018, 13:20

Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı

Amnistiya mayda verilə bilər
23.02.2018, 13:17

Amnistiya mayda verilə bilər

Deputatlar vəkillikdən danışdılar: “O arqumenti qəbul edə bilmərik...”   
23.02.2018, 13:12

Deputatlar vəkillikdən danışdılar: “O arqumenti qəbul edə bilmərik...”  

Milli Məclis Azərbaycanla Türkiyə arasında imzalanan sazişləri ratifikasiya etdi
23.02.2018, 13:09

Milli Məclis Azərbaycanla Türkiyə arasında imzalanan sazişləri ratifikasiya etdi

Rəsmi Bakıdan Niderland parlamentinə ÇAĞIRIŞ
23.02.2018, 13:04

Rəsmi Bakıdan Niderland parlamentinə ÇAĞIRIŞ

Gəncədə tut ağaclarını kəsən şəxs 1500 manat cərimələndi   
23.02.2018, 13:00

Gəncədə tut ağaclarını kəsən şəxs 1500 manat cərimələndi  

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul etdi
23.02.2018, 12:54

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul etdi

Vəkillərin səlahiyyətləri artırılmalıdır – Deputat məsələ qaldırdı
23.02.2018, 12:49

Vəkillərin səlahiyyətləri artırılmalıdır – Deputat məsələ qaldırdı

Silah oğurlayanlar TUTULDU
23.02.2018, 12:44

Silah oğurlayanlar TUTULDU

Əli Hüseynli: “Məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib”   
23.02.2018, 12:44

Əli Hüseynli: “Məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib”  

Qoran Breqoviç Heydər Əliyev Mərkəzində çıxış edəcək
23.02.2018, 12:42

Qoran Breqoviç Heydər Əliyev Mərkəzində çıxış edəcək

“Muğanbank”da bir əmanət, iki kart
23.02.2018, 12:40

“Muğanbank”da bir əmanət, iki kart

Böyük əfv sərəncamı veriləcək
23.02.2018, 12:38

Böyük əfv sərəncamı veriləcək

“Begomot”
23.02.2018, 12:36

“Begomot”

Sabahın hava PROQNOZU   
23.02.2018, 12:27

Sabahın hava PROQNOZU  

Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək - Spikerdən AÇIQLAMA
23.02.2018, 12:25

Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək - Spikerdən AÇIQLAMA

Yaxın qohumunun qızıllarını oğurlayan saxlanıldı
23.02.2018, 12:20

Yaxın qohumunun qızıllarını oğurlayan saxlanıldı

Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”    
23.02.2018, 12:20

Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”  

Oqtay Əsədov Fəttah Heydərovu təbrik etdi
23.02.2018, 12:11

Oqtay Əsədov Fəttah Heydərovu təbrik etdi

Əldəqayırma şirkətlərin sənaye terroru - AMEA-dan yağlarla bağlı HƏYƏCAN TƏBİLİ
23.02.2018, 12:08

Əldəqayırma şirkətlərin sənaye terroru - AMEA-dan yağlarla bağlı HƏYƏCAN TƏBİLİ

Vyanada “Saxta xəbərlər əsrində demokratiyanın müdafiəsi” mövzusu müzakirə olunub
23.02.2018, 12:07

Vyanada “Saxta xəbərlər əsrində demokratiyanın müdafiəsi” mövzusu müzakirə olunub

Hamilə qadınlara xəbərdarlıq - Bu qidalardan uzaq durun!
23.02.2018, 12:00

Hamilə qadınlara xəbərdarlıq - Bu qidalardan uzaq durun!

İki piyadanı vurub qaçan sürücü həbs edilib
23.02.2018, 11:53

İki piyadanı vurub qaçan sürücü həbs edilib

Bakı Ali Neft Məktəbi MGİMO ilə Anlaşma Memorandumu imzaladı
23.02.2018, 11:52

Bakı Ali Neft Məktəbi MGİMO ilə Anlaşma Memorandumu imzaladı

Qəribə OĞURLUQ: qaçırdığı maşınla yas mərasiminə gedərkən TUTULDU 
23.02.2018, 11:44

Qəribə OĞURLUQ: qaçırdığı maşınla yas mərasiminə gedərkən TUTULDU 

“Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub” - Axtarışa qoşulan dağçıdan AÇIQLAMA    
23.02.2018, 11:41

“Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub” - Axtarışa qoşulan dağçıdan AÇIQLAMA  

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(12.5%)
“Bazarstore”(6.25%)
“Neptun” marketləri(3.12%)
“Favorit” marketi(7.81%)
“Makromarket”(3.12%)
“Bizim market”(1.56%)
“Rahat market”(3.12%)
“Bravo” marketləri(12.5%)
“Oba market”(10.9%)
Heç biri - digər mağazalar(39.0%)