Modern.az

“Mavzoleydə fəxri qaravul ləğv edilsin” - General Barsukovun əmri, 7 oktyabr, 1993-cü il...

“Mavzoleydə fəxri qaravul ləğv edilsin” - General Barsukovun əmri, 7 oktyabr, 1993-cü il...

Ədəbi̇yyat

7 Oktyabr 2017, 20:17

7 aprel 1993-cü ildə Kremlin komendantı, Rusiya Baş Mühafizə İdarəsinin rəisi general Barsukovun əmri ilə Lenin Mavzoleyində 1-ci post və fəxri qaravulun dayanması ləğv olunub. Bununla da proletariatın rəhbəri daha bir “dövlət güzəşti”ndən, mühafizəçilərdən məhrum edilib.

Leninin “son mənzil” məsələsi dəfələrlə gündəmə gəlsə də, hələlik onu Kreml rahatlığından ayırmırlar.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Artıq 93 ildir ki, Vladimir İliç Lenin Rusiya paytaxtının baş meydanındakı Mavzoleyə şəriksiz sahiblik edir. 1953-cü ildən İosif Stalin Mavzoleyi Leninlə bölüşsə də, Nikita Xruşovun təkidi ilə 1961-ci ildə Stalin mavzoleydən çıxarılaraq yenidən mütləq sahibinin ixtiyarına verilib. 

Bəlkə də SSRİ rəhbərlərinin hər birinin ürəyindən Mavzoleydə uyumaq arzusu keçib. Ancaq bu arzuların heç biri reallaşmayıb. Məşhur lətifədə deyildiyi kimi:

Bir gün Brejnev nəvəsi ilə Mavzoleyə gəlir. İçəri keçdikdən sonra nəvəsi Brejnevdən soruşur:

 

- Baba, sən də öləndən sonra burda yaşayacaqsan?

 

Brejnev inamla deyir:

 

- Əlbəttə...

 

Sözünün ardını deməyə imkan tapmamış Brejnev Leninin əsəbi səsini eşidir:

 

- Lyonka, bura sizin üçün yataqxana deyil.

 

Vladimir İliç Leninin ölümündən sonra Mavzoleydəki 93 illik “həyat”ı çox da sakit ötüşməyib. Bu illər ərzində proletariatın rəhbərinin cəsədini tez-tez narahat ediblər.

1924-cü ilin yanvarın 21-də Leninin vəfatından sonra ölkədə gündəmdə olan ən vacib məsələlərdən biri rəhbərin adının əbədiləşdirilməsi olub. Söhbət təkcə onun şərəfinə abidə ucaltmaqdan, küçə, məktəb adı qoymaqdan getməyib. Leninin cəsədinin açıq şəkildə saxlanılması, rəhbərin qəbrinin yerləşdirilməsi üçün yerin müəyyənləşdirilməsi partiya qarşısında icrası təxirəsalınmaz olan məsələyə çevrilib.

Bu məqsədlə xüsusi komissiya yaradılıb. Qərara alınıb ki, Qızıl meydanda xüsusi mavzoley tikilsin və Leninin açıq qəbri onun adını daşıyacaq mavzoleydə saxlanılsın.

Dövrün siyasətçiləri arasında yeganə olaraq Trotski Leninin məhz bu cür əbədiləşdirilməsinə qarşı çıxaraq, bu işi ağılsızlıq adlandırıb.

 

Stalin isə Mavzoleyin yaradılmasının, Leninin cəsədinin açıq şəkildə saxlanılmasının tərəfdarı olub. Mavzoleyin açılışından sonra Stalin çıxışlarının birində bu məsələnin vacibliyini xüsusi qeyd edib:

“Siz bu günlərdə şahidi oldunuz ki, Mavzoleyi ziyarət edənlərin sayı yüz minlərlədir. Bu say getdikcə artacaq. Dünyanın ən uzaq yerlərindən belə, milyonlarla insanlar bura ziyarətə gələcəklər. Bəşəriyyət bir daha şahidi olacaq ki, Lenin təkcə rus proletariatının, Avropa fəhlələrinin deyil, bütün dünya zəhmətkeşlərinin rəhbəridir”.

 

Mavzoleyin layihəsinin hazırlanması arxitektor Aleksey Şusevə həvalə olunub. Layihənin hazırlanmasına bir gecə, tikintiyə isə üç gün vaxt sərf olunub. Mavzoley ilk dəfə kub şəklində ağacdan tikilib.

Tikintidən sonra Leninin cəsədinin açıq şəkildə saxlanılması və Mavzoleydəki qəbrin hansı formada olacağı barədə qərarlar qəbul olunub. Nəhayət, iki aydan sonra Leninin meyitinin balzamlaşdırılması kimyaçı alim Boris Zbarskiyə və xarkovlu anatom Vladimir Vorobyova tapşırılıb. Vorobyov əvvəl bu işdən imtina etmək istəyib. Aradan ötən iki ay müddətində cəsəddəki çürümələr bir anatom kimi onda narahatlıq yaradıb və o meyitin balzamlaşdırılması prosesinin alınacağına şübhə ilə yanaşıb. Ancaq həmkarının inamlı təkidindən sonra razılıq verib.

Alimlər istər elmi, istərsə də siyasi cəhətdən olduqca mürəkkəb və həm də məsuliyyətli olan bu işin üzərində dörd ay çalışıblar. Son nəticədə onlar meyitin tam həcmini, formasını, toxuma strukturlarını saxlamaqla Lenini balzamlaşdırmağa nail olublar. İyulun 26-da dövlət komissiyası rəhbərin cəsədinə baxış keçirərək alimlərin işini yüksək qiymətləndiriblər.

Ağacdan tikilmiş Mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına və belə qeyri-sabit hava şəraitinin Leninin cəsədində problem yaradacağına görə, 1929-cu ildə Mavzoley öz formasını saxlamaq şərtilə daşdan tikilib.

Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva Hərbi Qarnizonunun rəisi 26 yanvar 1924-cü ildə xüsusi əmr imzalayıb. 

 

 

 

Leninin cəsədini daim nəzarətdə saxlamaq üçün SSRİ Səhiyyə Nazirliyində xüsusi elmi-tədqiqat laboratoriyası yaradılıb. Mütəxəssislərin son rəylərinə görə, Leninin cəsədi hələ bu gündən sonra da neçə onilliklər öz formasını itirməyəcək.

 

Böyük Vətən Müharibəsi illərində Leninin cəsədi Tümenə köçürülüb. Tümendə cəsəd Dövlət Kənd Təsərrüfatı Akademiyasının binasının ikinci mərtəbəsində auditoriyada saxlanılıb. 1945-ci ilin aprel ayında isə yenidən Moskvaya Mavzoleyə qaytarılıb.

 

Ötən 93 il ərzində dəfələrlə Mavzoleyi partlatmağa, Leninin cəsədini zədələməyə, bir sözlə SSRİ-nin qurucusuna qarşı sui-qəsdlərə cəhd olunub.

 

19 mart 1934-cü ildə Nikitin Mitrofon adlı şəxs Leninin cəsədinə atəş açmağa cəhd göstərib. Mühafizəçilər vaxtında hadisənin qarşısını ala biliblər. Ancaq Nikitin Mitrofon özünü güllələməyə imkan tapıb. Sonradan onun cibindən partiya və hökumətə qarşı yazılmış məktub çıxıb.

 

20 mart 1959-cu ildə Mavzoleyə ziyarətə gələnlərdən biri çəkiclə qəbrin üstündəki şüşə lövhəni sındırıb. Amma cəsəd zədələnməyib.

 

14 iyul 1960-cı ildə Frunze şəhərinin sakini Minibaeyev Mavzoleydə olarkən güclü ayaq zərbəsi ilə qəbrin üzərindəki şüşəni sındırıb. Şüşə qırıntıları Leninin cəsədinin zədələyib. Bərpa işləri üçün Mavzoley həmin ilin avqust ayının 15-nə qədər bağlanıb.

 

9 sentyabr 1961-ci ildə ziyarətə gələn Smirnova soyadlı qadın cəsədin üstünə tüpürüb və əl yaylığına bükülmüş daşla onu zədələmək istəyib. Mühafizəçilər hadisənin qarşısını alıblar.

 

1967-ci ilin sentyabr ayında Kaunas sakini Krısnov Mavzoleyin girişində əldə düzəldilmiş partlayıcını partladıb. Nəticədə özü və ziyarətə gələnlərdən iki nəfər ölüb. Leninin bəxti isə bu dəfə də gətirib.

 

1973-cü ildə Mavzoleydə baş verən hadisələr nəzərə alınaraq cəsədin yerləşdirildiyi qəbrin üstü güllə keçirməyən şüşə ilə bağlanıb.

 

Buna baxmayaraq, cəsədə qarşı təcavüzlər ara verməyib. 1 sentyabr 1973-cü ildə Mavzoleydə növbəti partlayış səsi eşidilib. Nəticədə partlayışı törədən və gənc ər-arvad ölüb, bir neçə nəfər yaralanıb. Leininin cəsədinə zədə toxunmayıb.

 

2000-ci illərdə də belə hadisələr bir neçə dəfə təkrar olunub.

 

SSRİ dağıldıqdan sonra Leninin cəsədinin Mavzoleydə saxlanılması haqqında müxtəlif fikirlər səslənib. Və o illərdən fərqli olaraq bu gün Mavzoleyə olan maraq da xeyli azalıb. Zaman keçdikcə, bu marağın azalması insanda Leninin sahibsiz olması kimi təəssürat yaradır. Bu da bir reallıqdır. Çünki Leninin sahibi, özünün sahib olduğu SSRİ idi. Bu məsələdə də məşhur bir lətifə yada düşür:

 

Günlərin birində bir gürcü Moskvaya gəlir. Uzun-uzadı növbədən sonra Mavzoleyə daxil olur. Leninin cəsədinin yanından ötükdən sonra diqqətlə Mavzoleyin o tərəf-bu tərəfinə göz gəzdirir və mühafizəçidən soruşur:

- Burada bir bığlı kişi var idi, hardadı o?

 

Mühafizəçi gürcünün bu sayaq sualına ciddi görkəmdə, ancaq zarafatla cavab verir:

- Bığlı kişiyə sahib çıxanlar çox oldu və götürüb apardılar.

 

Gürcü başını bulaya-bulaya Leninin cəsədinə işarə edir:

- Bəs bu yazığın sahibi yoxdur, yetimdir?

 

Lətifə olsa da, bir az da həqiqət var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi