Modern.az

Fədakarlıq həmişə uğur gətirir - Əminə Tuncay haqda nə bilirik...

Fədakarlıq həmişə uğur gətirir - Əminə Tuncay haqda nə bilirik...

9 Oktyabr 2017, 12:51

Azərbaycan mədəniyyətində, incəsənətində, elmində, ictimai-siyasi həyatında bir qadın, xanım var. Adı Əminə, soyadı Tuncaydır. Heç kəsə bənzəməyən, heç kəsi təkrarlamayan, heç kəsin yolunu getməyən bir qadın, xanım. Bu gəlimli-gedimli dünyada yaxşı mənada hamıdan fərqlənmək, yaxşı mənada hamıdan qeyri-adi düşünmək, yaxşı mənada hamıdan seçilmək o qədər də asan deyil. Asan olmayan, asan əldə olunmayan nə varsa, onun hər birini Əminə xanım qazanıbdır. O, Azərbaycanın mədəni, elmi, ictimai həyatında xidməti olan hər bir kəsin qəlbində əbədi heykəl qoyubdur. Ədalət naminə deməliyəm ki, ziyalıların böyük əksəriyyətinin rəğbətini qazananlar azdır. Ancaq Əminə xanım bu rəğbəti qazanmış ziyalı xanımlarımızdandır. Məhz Əminə xanımın “Rəylər... Məqalələr” kitabı (Bakı, “Adiloglu”, 2017, 416 səhifə) ona olan hörmət, etimad və məhəbbətin bariz nümunəsidir. Kitabın rəylər bölməsində Əminə xanım barəsində Anarın, Vasim Məmmədəliyevin, İsa Həbibbəylinin, Yaqub Mahmudovun, Fərhad Bədəlbəylinin, Firəngiz Əlizadənin, Gülnaz Abdullazadənin, Telman Əliyevin, Elməddin Əlibəyzadənin, Qəzənfər Paşayevin, Aida Feyzullayevanın, Aqşin Babayevin, Buludxan Xəlilovun, Cəbi Bəhramovun, Əsədulla Qurbanovun, Fərman İsmayılovun, Firdovsiyyə Əhmədovanın, İfrat Əliyevanın, Leyla Gərayzadənin, Məhərrəm Qasımlının, Şahin Fazilin, Sərdar Fərəcovun, Tərlan Quliyevin, Zemfira Qafarovanın, Zümrüd Dadaşzadənin, Aydın Kazımzadənin, Əlibaba Məmmədovun, Arif Babayevin, Nüşabə Araslının... rəyləri, fikirləri, xoş sözləri özünə yer alır. Bu rəylərin , fikirlərin, xoş sözlərin hər biri barədə söhbət açmaq, onları təhlil etmək zamanın, vaxtın ixtiyarında olmayan bir işdir. Ancaq onlardan bəzilərinə yer ayırmaq, diqqət yetirmək Allaha da xoş gələr, bəndəyə də, hətta Əminə xanımın özünə də xoş gələr. Ona görə ki, hər bir insan kimi o da əməllərinin, məhz yaxşı əməllərinin nəticəsini, heç şübhəsiz ki, bəhrəsini görmək istəyir. Əminə xanımın ziyalıların onun barəsində dediklərinə mənəvi ehtiyacı var. Axı Əminə xanım mənəviyyat adamıdır. Onun mənəvi dünyasının əsas qidası ziyalıların bu xanım barədə olan düşüncələridir. İnsaf naminə onu da qeyd edək ki, onun barəsində ziyalıların düşücələri yüksək səviyyədədir. Elə bir səviyyə ki, həmin səviyyəyə başqalarının qibtə etməsindən başqa bir yol qalmır.

                                                                                             
Qeyd etmək lazımdır ki, böyük ənənəsi olan milli mədəniyyətimizin tarixində xidməti olanlar az deyildir. Bununla belə, xidməti olanların xidmətini tədqiq etməyin özü də bir xidmətdir. Məhz Əminə xanım bu cür xidmət göstərən bir insan kimi ziyalılarımızın gözündə ucalmışdır. Onun bu ucalığına yüksək qiymət verənlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəylidir. İsa müəllim Əminə xanımın obrazını yaratmaq üçün, onun milli mədəniyyətimizin tarixində bir qadın, xanım simasını təqdim etmək üçün bəzi məqamları xüsusilə qabardır. Daha doğrusu, mədəniyyət tariximizin yaranmasında əvəzsiz xidmətləri olan məşhurların fəth etdkləri zirvəyə bir işıq salır. Bununla da bu zirvələrin fonunda Əminə xanımın kimliyini təqdim edir. İsa müəllim hələ orta əsrlərdə musiqi sənətinin elmi əsaslarını yaradan Əbdülqadir Marağayi, Səfiəddin Ürməvi kimi nəhənglərin xidmətləri sayəsində Azərbaycanın Şərq aləmində musiqi sahəsində mərkəzlərdən birinə çevrilməsini diqqətə çatdırır. Və Əminə xanımın milli musiqimizin elmi-nəzəri və fəlsəfi əsaslarının kamil bilicisi olduğunu təsdiq edir. Bundan başqa, İsa müəllim Əminə xanımı Azərbaycan ədəbi-bədii fikrində möcüzələr yaradan Nizami Gəncəvinin, İmaməddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Mirzə Ələkbər Sabirin mənəvi övladı kimi qəbul edir. Bu nəhəng ədəbi simaların açdıqları istiqamətlərin, sındırdıqları “tilsim” lərin təbliğində Əminə xanımın təəssübkeş bir ziyalı xanım olduğunu nəzərə çatdırır. İsa müəllim XIX-XX əsrləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində yeni epoxa kimi səciyyələndirir. Bu obyektiv reallığı belə xarakterizə etməkdə İsa müəllim Əminə xanım barədə bir həqiqəti də oxucuya çatdırmaq istəyir. Həmin həqiqət belədir ki, Üzeyir Hacıbəyov Azərbaycan professional musiqi sənətinin banisi olmaqla xalq mahnılarını nota almış, “Leyli-Məcnun” əsəri ilə türk-müsəlman dünyasında ilk opera sənətinin əsasını qoymuş, “Koroğlu” operasını yazmış, “Sənsiz” romansını, “Sevgili canan”ı yazmış, bir sözlə, milli mədəniyyətimizin tarixində əfsanəvi bir rol oynamışdır. Onun bu xidmətlərinə həmişə önəm verən, onun fəaliyyətini təbliğ edən ziyalılardan biri və birincisi Əminə xanım olmuşdur. İsa müəllim yazır: “ Üzeyir Hacıbəyov haqqında fəlsəfə elmləri namizədi Əminə Tuncayın yazdığı əsərlər bu böyük şəxsiyyətə ürəkdən gələn vurğunluğun ifadəsidir.  Azərbaycan ziyalılığının Üzeyir Hacıbəyovun xidmətləri qarşısındakı böyük və bədii borcunun yerinə yetirilməsində Əminə Tuncayın yorulmaz fəaliyyəti yeni nəsillər üçün nümunədir”. Deməli, Üzeyir Hacıbəyov milli mədəniyyətimizin və ictimai fikrin inkişaf edib möhkəmlənməsində nə qədər rol oynayırsa, onun xidmətlərini tədqiq və təbliğ edən Əminə xanım da heç də ondan az əhəmiyyət kəsb etməyən bir səviyyədə xidmət göstərir. Ədəbiyyatımızın, mədəniyyətimizin keşiyində ayıq-sayıq bir əsgər kimi dayanır.             


Əminə  xanım ziyalılarımızın fikrində və rəyində fədai bir xanımdır. O, insanlarla ünsiyyət qurmağı bacarır, görkəmli ziyalıların sənət məktəbindən bəhrələnir və dostluq, əməkdaşlıq əlaqələrinin genişlənməsinə qadir olan qabiliyyət sahibidir. Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazır: “ Mənim əzizlərimlə (atası Rəsul Rzanı və anası Nigar Rəfibəylini nəzərdə tutur- B. X.) onun tanışlığının qəribə bir tarixi var. Bu gün o tarixi yaşadan şəkil- Rəsul Rza, Nigar Rəfibəyli ilə birlikdə Şuşada çəkdirdiyi şəkil mənim evimdədir.  Əminə Tuncay atama mənəvi atam, anama isə mənəvi anam, -deyə müraciət edib”. Anar müəllim Əminə xanımın yaşadığı dövrün bütün ziyalıları tərəfindən birmənalı qəbul olunmasını da nəzərdən qaçırmır. Hər adama, ziyalıya nəsib olmayan bu keyfiyyətin Əminə xanımda olduğunu dəqiq ifadə edir. Anar müəllim Əminə xanımın dilçi alim Muxtar Hüseynzadədən, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadədən, tarixçi-alim Ziya Bünyadov kimi alimlərdən əxz etdiklərini xoşbəxtlik və sənət uğuru kimi qiymətləndirir. Onu da qeyd edir ki, Əminə xanım böyük ziyalılarla yanaşı, repressiya qurbanı olanlara da biganə qalmayan, onların hər birinə doğma bir hisslə yanaşan ziyalı xanımdır. Anar müəllim Əminə xanımın mərd, təvazökar, incə duyğulu bir insan olduğunu anlatmaq üçün onun Abbas Mirzə Şərifzadənin, Salman Mümtazın, Hüseyn Cavidin, Heydər Hüseynovun, Ziya Bünyadovun, Bəxtiyar Vahabzadənin və digərlərinin şəkillərini böyüdərək lazımi yerlərə hədiyyə etməsini sənətə və sənətkara sevgi kimi dəyərləndirir. Bununla da Əminə xanımın daxili dünyasını oxucuya incə bir formada sezdirir. Anar müəllimə görə, Əminə xanım həmişə yeniliyə doğru yol gedir. Doğurdan da bunu onun Közərən məhəbbət”, “Mənəvi ucalıq”, “Şəxsiyyətlər haqqında”, “Dağılan dünyam”, “Musiqi töhfələri” kitabları tam əminliklə təsdiq edir.                          


Akademik Vasim Məmmədəliyev Əminə xanımın xarakterik keyfiyyətlərini dürüst bir formada anladır. Onun muğam bilicisi olmasını əsaslandırır. Və Əminə xanımın Bakının Nardaran kəndində dünyaya gəlməsini muğamı bilməsinin kökündə, mayasında duran bir amil olduğunu qeyd edir. Vasim müəllim Əminə xanımın daim axtarışda olan yaradıcılığını yüksək qiymətləndirir. O yazır: “Əminə Tuncay böyük alimimiz, akademik Ziya Bünyadovun rəhbərliyi altında “Muğamın fəlsəfi dünyası və onun tarixdə rolu” adlı dissertasiya yazıb. O, bir müddət 1965-ci ildən 1975-ci ilə qədər Niyazinin rəhbərlik etdiyi Filarmoniyada konsert aparıcısı kimi işləyib”. Vasim müəllim bununla da Əminə xanımın musiqi həyatımızın bilicisi olduğunu deyir. Onun muğamlarımızın ən incə məqamlarını bilən bir musiqişünas olduğunu qəbul edir.          

                                                                  
AMEA-nın mübir üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, millət vəkili Yaqub Mahmudov Əminə xanımı “haqq aşiqi” kimi qiymətləndirir. O yazır: “Tarixinə, mili-mənəvi dəyərlərinə sahib çıxan, onu Əminə xanım Tuncay kimi uca tutan, qiymətləndirən və qoruyan xalq heç zaman basılmaz! ”                                                        
Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor, Beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli Əminə xanım barədə deyir: “ Əminə Tuncay Üzeyir bəy musiqisinin hikmət, müdriklik, kamillik nümunəsindən zövq alır”. Fərhad müəllim Əminə xanıma musiqimizə və onun tarixinə səyahət etməyi bacaran, musiqimizin aliliyini göstərməyə çalışan, Azərbaycan milli musiqisinin inkişaf meyillərini müəyyənləşdirmək gücündə olan, Azərbaycan musiqisi ilə bağlı maraqlı məqalələr yazan ziyalı xanım kimi önəm verir. Əminə xanımı dünya musiqisinə münasibət bildirmək gücündə olan tədqiqatçı kimi xarakterizə edir. 

                                                                 
Filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev Əminə xanımı “ensiklopedik bilik sahibi”, yorulmaq bilməyən və həmişə elmi axtarışlarını davam etdirən, örnək əməlləri ilə xalqımıza başucalığı gətirən, hərtərəfli biliyə malik olan, fitri istedad sahibi hesab edir. O yazır: “ Əminə xanımla söhbət edəndə adama elə gəlir ki, dünyanın ən xoşbəxti odur dünyada. Onun apardığı tədqiqatlar, milli dəyərlərimizin təbliği yolunda gördüyü əvəzsiz işlər də bunu deməyə əsas verir”.       
                                              

Əminə xanım ziyalıların, alimlərin rəyində həmişə gündəmdədir. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov Əminə xanım barədə qeyd edir ki, o, bir fərd olaraq görüşlərinin əsasında duran milli düşüncə, vətənpərvərlik hislərini bizlərə tanıdıb, sevdiribdir. Yaxud filologiya elmləri doktoru, professor, əməkdar müəllim İfrat Əliyeva yazır: “Əslində Əminə xanım elm fədaisi olduğunu çoxdan sübut etmiş bir ziyalıdır. O, uzun illərdir ki, öz elmi-yaradıcılıq fəaliyyətində sənətşünaslığın işlənilməmiş, öyrənilməmiş sahələrinə üz tutmuş, ən çətin mövzular üzərində çalışmışdır”. Əminə xanım geniş və çoxşaxəli yaradıcılıq imkanlarına, zəngin dünyagörüşə, bilik dairəsinə malik olan xanımdır. O, mükəmməl bildiklərini də özünəməxsus bir üslubda təhlil edir, məsələlərə öz baxışını və mövqeyini açıq bildirir. Əminə xanım filosof olduğuna görə hər bir məsələnin fəlsəfəsinə vara bilir, tarixiliklə müasirliyin vəhdətini umumiləşdirməyi bacarır. Filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı qeyd edir ki, “Əminə xanımın sənətlə bağlı araşdırmaları zəngin irsimizə söykənir” . O yazır: “ Sarı Aşıq, Aşıq Şakir, Aşıq Alı və digər aşıq yaradıcılığını xarakterizə edərək onların yaradıcılığında əsas xətt olan məzmun və məqsədi diqqətə çəkir. Aşıq Alının yaradıcılığında türkçülüyün əsas mahiyyətini göstərir. Bütün bunlar Əminə xanımın şifahi xalq ədəbiyyatının icəliklərinə bələd olmasını və yaradıcılığında müasirliklə tarixiliyi vəhdətdə verməsini göstərmiş olur”.                 

                                  
Əlbəttə, Əminə Tuncayın “Rəylər...Məqalələr” kitabındakı rəylərin, məqalələrin hər birindən bəhs etmək imkan xarcindədir. Ən azı həmin fikirlərin, rəylərin, məqalələrin hər birinin üzərində dayanmaq sonu görünməyən bir təhlilə çevrilə bilər. Odur ki, kitabın oxucular tərəfindən əldə olunmasını və oxunmasını məqsədəuyğun sayırıq.       

               
Ancaq bununla belə, kitabdakı məqalələr barədə də bir neçə kəlmə söyləmək istəyirik. Kitabdakı məqalələr oxucunu Böyük Vətən müharibəsi illərindəki cavan yazıçılarımızın igidlikləri ilə tanış edir, eyni zamanda Azərbaycan fəlsəfi fikir tarixində rolu olanlardan bəhs olunur. Məqalələrdə A.A.Bakıxanovun tərcüməçilik fəaliyyətindən, B.Vahabzadənin “Muğam” poemasının fəlsəfi izahından, Üzeyir Hacıbəylinin əsərlərindən və digər maraqlı mədəniyyət hadisələrindən söhbət açılır. Bu məqalələrin hər birində Əminə xanım mədəniyyəti, ədəbiyyatı və pedaqoji-fəlsəfi görüşləri rahatlıqla oxucuya istiqamətləndirə bilir. Onu da qeyd edək ki, Əminə xanım mədəni mühitimizi zənginləşdirənləri yaşatdığı kimi onun özü də yaşayır. İslam Səfərlinin, Bəxtiyar Vahabzadənin, Tofiq Bayramın, Nüsrət Kəsəmənlinin, Əliağa Kürçaylının və digərlərinin ona həsr etdiyi şeirlərdə yaşayır. Azərbaycan radiosunda və televiziyasında tez-tez səslənən Ələkbər Tağıyevin “Azərbaycan gəncləri”, Şəfiqə Axundovanın “Xoşbəxtliklə gülüm”, Tofiq Bakıxanovun “Gözəlliyin”, “Təbəssümün”, Taleh Hacıyevin “Haralısan, ay oğul”, Tamilla Məmmədzadənin “Bəlkə gəldi”, “Sevirsənsə ümid bəslə” və s. mahnılarında yaşayır. Yəni ona həsr olunmuş şeirlərə xeyli sayda mahnılar bəstələnmişdir. Sonda onu qeyd etməyi özümə borc bilirəm ki, vətəni, insanları, həyatı, ədəbiyyatı, mədəniyyəti və bütövlükdə dünyanı sevmək üçün Əminə xanımın kitabını- “Rəylər...Məqalələr” kitabını oxumaq lazımdır.

 

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
01.08. 2017-ci il

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır