Modern.az

“Hər şey neftin qiymətindən asılı olacaq” - İqtisadçının 2018-ci il PROQNOZLARI  

“Hər şey neftin qiymətindən asılı olacaq” - İqtisadçının 2018-ci il PROQNOZLARI  

9 Oktyabr 2017, 14:34

Bizi yeni - 2018-ci ildən 3 ay ayırır. Psixoloji olaraq yeni həftənin, yeni ayın, yeni ilin astanasında insanların gələcəyə yönəlik hansısa müsbət gözləntiləri olur. 2015-ci ilin 21 fevral və 21 dekabrından bəri dilimizdən düşməyən devalvasiya qorxusu, bahalaşma,... Bax beləcə 2017-ci ili başa vuracağıq, 2018-ci ilə böyük ümidlərlə...

Bütün diqqət 2018-ci ilin büdcəsinədir

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, hər şey 2018-ci il üçün qəbul ediləcək büdcədən asılı olacaq:

“Ötən il ümumi daxili məhsul (ÜDM) 3,9 faiz azalmışdı, bu ilin ilk 8 ayında 1 faiz azalma müşahidə olunub. İqtisadi canlanmaya hələ ki tam olunmayıb. Bank sektorunda sağlamlaşdırma prosesləri sona çatdırılmayıb, banklar özü iqtisadi proseslərdə normal işləyəcək durumda deyil. Problemli kreditlərin həcmi durmadan artır. Bununla yanaşı, investisiyalar azalıb. Uzun illər idi ki, Azərbaycanda çox sadə bir model formalaşmışdı: Dövlət Neft Fondundan vəsait daxil olurdu büdcəyə və bununla da iqtisadi canlanma yaranırdı.  Keçən il və bu il investisiya xərcləri 40 faizə qədər azalıb. Bu da bank sektoru ilə paralel olaraq iqtisadiyyatda problem yaradıb.

Hər şey 2018-ci il üçün qəbul ediləcək büdcənin parametrlərindən asılı olacaq. Azərbaycanda hələ də xərcləmələrə dayanan bir iqtisadi model var. 2018-ci ilin büdcəsində manat ekvivalentində 20  milyard manata yaxın artım gözlənilir. Büdcə xərcləmələrində investisiya layihələrinə, təmir-tikinti işlərinə yenidən vəsait ayrılsa, bu, iqtisadiyyatda müəyyən canlanmaya gətirib çıxaracaq. Amma təəssüf ki, bu, orqanik və təbii canlanma deyil, iqtisadiyyatda büdcə, dövlət xərcləmələri hesabına olan canlanmaya dəlalət edir.
Əgər büdcə xərcləmələri artarsa, bank sektorunda sağlamlaşdırma addımları bəhrəsini verərsə, gələn il iqtisadiyyatda müəyyən qədər sabitləşmə müşahidə edə bilərik. Amma bu, daxildən savayı, xarici amillərdən, daha çox da neftin qiymətindən, dolların dünyadakı məzənnəsindən asılı olacaq. Yəni bizdən asılı olmayan səbəblər də ola bilər ki, bunların hesabına Azərbaycan iqtisadiyyatında dalğalanmalar müşahidə edə bilərik. Neftin qiymətində yenidən ucuzlaşma olacaqsa, yaxud dollar bahalaşacaqsa, bunlar iqtisadiyyatımıza mənfi təsir göstərəcək. Təəssüf ki, hər iki ehtimal çox yüksəkdir. Bunlar nəzərə alındığı halda atılan addımların effektini görə biləcəyik. Əgər neftin qiymətlərində artım müşahidə olunsa, yaxud dollar dünya birjalarındakı məzənnəsini qoruya bilsə, o zaman daha sabit və dayanıqlı iqtisadi model yaranacaq, gözlə görünəcək dəyişikliklərin şahidi olacağıq”.

 

Aqrar potensial böyükdür...

 

Ekspert bildirib ki, Azərbaycanın aqrar potensialı böyükdür:

“Aqrar sektor Azərbaycanda indi yaranan problemlərin həllində mühüm rol oynaya bilərmi? Reallıq başqa şey deyir. Aqrar sektor çox ağır sahədir və bu sahəyə qoyulan investisiyalara illər lazımdır. Məsələn, baramaçılığın inkişafı üçün hələ ötən il Çindən 1,5 milyon tut tingi gətirildi. Bunların böyüməsi, məhsul verməsi, sonradan baramaçılıqda istifadə edilməsi üçün 5-7 il lazımdır. Yəni bəzi atılan addımların uzun vədəli olması gözlənilir. O cümlədən də, pambıqçılıqla bağlı ümidlər çoxdur. Gələn ilin hədəfi 200 min ton pambıq yığmaqdır. Xatırladım ki, 2004-cü ildə Azərbaycanda 196 min ton pambıq yığılıb. Amma bu, həmin il üçün iqtisadiyyata ciddi təsir göstərməyib.
Bu sahədə məhsuldarlıqla, suvarma, torpaqların şoranlaşması ilə bağlı ciddi problemlər var. Ərazimiz az, əhalimiz çoxdur. Aqrar sektoru inkişaf etdirib həm vətəndaşı təmin etmək, həm də xaricə məhsul ixrac edərək ölkəyə valyuta gətirmək ehtimalı çox çətindi. Amma bu sahə mütləq şəkildə inkişaf etdirilməlidir. Çünki potensial var. Neft pulları əhalini və hökuməti tənbəlləşdirənə qədər Azərbaycanda baramaçılıq, tütünçülük, pambıqçılıq olub. Neft erası ilə bu sahələr ya tənəzzülə uğradı, ya da yarımçıq qaldı. İndi bu sahələrdə inkişaf olmalıdır. Amma yeni texnika və texnologiyaların, aqrotexniki avadanlıqların tətbiqi ilə. Azərbaycanda bütün sahələrdə məhsuldarlıq Avropa və dünyadakından 2-3 dəfə aşağıdır. Məsələn, taxılçılıqda üstünlüklərə malik olan Kanadada 1 hektardan 60-65 sentnerə yaxın məhsul yığıldığı halda, ölkəmizdə bu rəqəm 18 sentnerdir. Məhsuldarlıq artırılmalı, əl əməyindən daha az istifadə edilməklə rentabelli aqrar-sənaye kompleksləri yaradılmalıdır ki, bu sahədə qazanc gözlə görünəcək və nəzərəçarpacaq dərəcədə olsun”. 

 

Əmək haqları bahalaşmaya adekvat olacaqmı?...

 

N.Cəfərli 2018-ci ildə əmək haqları və təqaüdlərdə artım olacağı proqnozunu verib:

“Azərbaycan qanunvericiliyinə görə, rəsmi inflyasiya səviyyəsində minimum əmək haqları, təqaüdlər indeksləşir. Bundan çıxış edərək büdcə təşkilatlarında çalışanların əmək haqları artırılır. Hələlik rəsmi illik inflyasiya 13-14 faiz civarındadır. Çox güman ki, ili ikirəqəmli inflyasiya səviyyəsində başa vuracağıq. Yanvardan sonra bu səviyyədə indeksləşməni görə biləcəyik. Baza hissənin indeksləşməsi indiki maaşların 10-15 manat artımına səbəb ola bilər. Amma bu o demək deyil ki, ciddi, nəzərəçarpacaq artım olacaq. Keçən il və bu ilin 9 ayında vətəndaşların real gəlirləri azalıb. Rəsmi olaraq, Azərbaycanda insanların gəlirlərində 6, 9 faiz artım var. Amma bu real yox, dominal artımdır. Dominal artım 6, 9 faiz olubsa da, demək olar ki, 14 faizlik inflyasiya insanların real gəlirlərini “yeyib”.

Çünki inflyasiya gəlirlərdən iki dəfə çox olub. İnflyasiyanın yüksək səviyyədə olması səbəbindən insanların aldığı maaşla öz ehtiyaclarını ödəməkdə çətinlik yaratdığını əminliklə söyləmək olar. Çox təəssüf ki, əmək haqlarında kəskin artım olacağını demək də mümkün deyil. 2018-ci ilin büdcəsinin bütün parametrləri açıqlananda biz dəqiq fikir yürüdə biləcəyik. Amma hazırda büdcənin o qədər imkanları yoxdur ki, minimum əmək haqqını, təqaüdü və büdcədən maaş alanların vəsaitini hiss olunacaq dərəcədə artırsın. Mən düşünürəm ki, 2018-ci ildə təkmilləşmə proqramları həyata keçirilsə, büdcədən maliyyələşən təşkilatlarda ixtisarların olması gözlənilnədir. Yəni bu il baş verən ixtisarlar gələn il də davam edəcək. Xərclərin optimallaşması üçün ixtisarların olması qaçılmazdır”.

 

“Qiymətlər bahalaşdıqca, əhali daha çox qənaət edir”

 

Ekspert bu ilin rəsmi rəqəmlərində idxal-ixrac əməliyyatlarında neft və neft məhsullarının, qazın dominant rol oynadığını bildirib:

“İxracatın təqribən 92 faiz enerji sektorunun payına düşür. Hələ də qeyri-neft sektorunun ixracatı xeyli aşağı səviyyədədir. Yuxarıda qeyd etdiyim kimi, gələn il hər şey neftin qiymətlərindən asılı olacaq. Neftin qiymətləri yüksək olarsa, tədiyyə balansında yaranmış müsbət dinamika davam edə bilər. Ölkəyə daha çox valyuta gəlməsi ehtimalı var. Problem ondadır ki, neftin hasilatı da azalır. Artıq bu il neft hasilatı 9 faiz azalıb. Yeni bağlanan müqavilə işə düşənə qədər (təq.4-5 il) hasilatın hər il azalmasını görəcəyik. Hasilatın azalması ilə yanaşı, qiymətlər ucuzlaşarsa, problemlər yaşana bilər. Qeyri-neft sektorunun ixracatda payı isə çox azdır. Doğrudur, müsbət dinamika var, amma həcm çox azdır. Yəni rəqəmlər o qədər də böyük deyil ki, qeyri-neft sektorunu əvəz edə bilsin. Nə qədər qəribə səslənsə də, bu il Azərbaycanda ən çox ixracatda artan məhsul qazdır. Keçən ilə nisbətən bu il qaz ixracatı 3 dəfə artıb. Yəni ixracat yenidən təbii resurslara köklənib.
Müsbət saldonun yaranmasına, ölkəyə gətirilən malların həcminin azalmasına səbəb olan amillərdən biri də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Qiymətlər bahalaşdıqca, əhali daha az məhsul almağa, daha çox qənaət etməyə məcbur olur. Bunun nəticəsi olaraq bu ilin 8 ayı ərzində  idxal məhsulların həcmi 27 faiz azalıb. İdxalın azalması ölkədən daha az valyuta çıxmasına səbəb olur. Bunun əks tərəfi də var. İdxalın azalması iqtisadi aktivliyin azalmasına da səbəb olur. Bu sahədə çalışanlar, pul qazananlar daha az fəaliyyət göstərir və daha az gəlir əldə edirlər ki, bu da ümumi makroiqtisadi göstəricilərə mənfi təsir göstərir. Gələn illə bağlı qeyri-neft sektorunda kəskin artımı gözləmək əbəsdir. Hər hansı artım olması üçün buna illər lazım olacaq. Ona görə də hər şey “qara qızıl”dan-neftdən asılı olacaq. Neftin qiymətləri Azərbaycanın tədiyyə balanasının, idxal-ixrac əməliyatlarının əsas faktoru olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır