Modern.az

“Dindarların içində ağıl problemi olanlar var” - Deputat 

“Dindarların içində ağıl problemi olanlar var” - Deputat 

9 Oktyabr 2017, 16:51

Sosial şəbəkələr hər kəsə açıqdır və əksəriyyət burada öz fikirlərini  azad ifadə edə bilir. Ortaq düşüncəli insanların bir qrupda və ya səhifədə cəmləşdiyini və müəyyən çıxışlar etdiyini də görürük.

 

Bu baxımdan sosial şəbəkələrdə ateistlər və dindarların da fəaliyyəti hər kəsə məlumdur. Öz növbəsində onları iki qismə ayırmaq olar.

 

Dini radikal şəkildə pisləyən, bəzən isə təhqir edənlər və dini baxışlarını normal, intellektual şəkildə ifadə edən ateistlər.

 

Eyni zamanda bunun əksi, yəni qarşı tərəfə aqressiv cavab verən dindarlar da var. 

 

Artıq Azərbaycanda Facebook-da onlarla ateist səhifələri mövcuddur. Dindarlarla ateistlərin belə səhifələrdə söz qarşıdurması  baş verir. Adətən hər iki tərəfin öz dini və elmi baxışları barədə tutarlı arqumentləri  olmalıdır. Amma bəzən dini duyğuları alçaldan paylaşımların da şahidi oluruq.

Maraqlıdır, dini inancların bu dərəcədə alçaldılması məsuliyyət yarada bilərmi?

 

Məsələ ilə bağlı  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib:

 

“Hər bir halda bu cür məsələlərə dindarlar dözümlü yanaşmalı və arqumentlərlə cavab verməlidirlər.  Əlbəttə, təhqir yolverilməzdir. Amma dini aşağılayan hər hansı situasiyadan söhbət  gedirsə, buna cavab verilməlidir.

 

Təbii, bu da mədəni formada olmalıdır. Sadəcə dindarların içində  məntiqi olmayan, ağıl problemi yaşan xeyli insanlar var və onlar adətən söyüşdən, təhqirdən istifadə edirlər. Görünür, həmin şəxslər peyğəmbər məktəbi keçməyib, nəsə öyrənməyiblər. Halbuki peyğəmbərimiz onu təhqir edən insanlara qarşı nə qədər  mülayim, səviyyəli və hazırlıqlı cavablarla  çıxış edib”.

 

Deputat düşünür ki, bu cür məsələləri qadağa və ya məsuliyyət yolu ilə həll etmək mümkün deyil:

 

“Yaxşı olar ki, qeyd edilən alçaldıcı paylaşımlara məntiqli arqumentlərlə cavab verilsin. Karikatura çəkəni və ya kitab yazanı  yandır, öldür - bu, İslam dini deyil ki. Bunu edənlərin dindən xəbəri yoxdur. Hər şeyi qadağan etməklə İslam olmur. Təbii , dini qəbul etməyən çoxsaylı insanlar var. O zaman hamısının başı kəsilməlidir?.

 

İŞİD-çi, Hizbullahçı zehniyyətin  təsiri ilə bunu etmək olar. Amma ağıllı adam, gerçək dindar üçün hər bir məsələnin cavabı var. Peyğəmbərə də zamanında müxtəlif adlar qoşurdular. O necə cavab verirdi? Mədəni və səviyyəli. Həmin səviyyədə cavab verməyə hazır olmaq lazımdır. Din bunu öyrədir. Biri kiminsə saqqalının , digəri zəncirinin uzunluğunu ölçürsə, bu, İslam dini deyil. Məntiq, ağıl, əxlaq öyrənməyəndə cavab verməkdə çətinlik çəkirsən və ölüm hökmü kəsir ya da başqa  qadağan edən yollar axtarırsan. Bu da heç bir məntiqə uyğun gəlmir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi