Modern.az

Arutinovun Qarabağ xəyalı, Bağırovun məntiqli cavabı - Malenkovu təəccübləndirən məktub…

Arutinovun Qarabağ xəyalı, Bağırovun məntiqli cavabı - Malenkovu təəccübləndirən məktub…

9 Oktyabr 2017, 22:16

1945-ci il oktyabrın 27-də gecədən xeyli keçmiş Stalin bağ evində Ermənistanın birinci katibi Arutinovu qəbul edir. Qısa dialoqdan sonra Arutinov Stalinə bir zərf uzadaraq Ermənistan kommunistlərinin xahişini rəhbərə çatdırır:

- Yoldaş Stalin, Ermənistan kommunistləri və zəhmətkeşləri sizin köməkliyinizlə illərdən bəri hökm sürən bir ədalətsizliyə son qoymağı sizdən xahiş edir.

 

- Hansı ədalətsizlikdən söhbət gedir, nəyi nəzərdə tutursunuz?

 

- Xahiş edirik Dağlıq Qarabağ məsələsini araşdırıb Ermənistan SSR-in tərkibinə verilməsi ilə bağlı erməni xalqının haqqını və arzusunu nəzərə alasınız.

 

Stalin zərfi açır, Arutinovun əsassız arqumentlərini oxuya-oxuya özünəməxsus ciddi səslə soruşur:

- Siz elə düşünürsünüz ki, SSRİ daxilində sərhədləri dəyişmək asandır? Və siz bu məsələ ilə bağlı yoldaş Bağırovla söhbət etmisiniz?

 

- Xeyr, yoldaş Stalin, bu haqda söhbətimiz olmayıb...

 

Modern.az saytı sovetlər dönəmində ermənilərin Dağlıq Qarabağ iddiası ilə bağlı növbəti cəhdlərinin biri haqqında yazını təqdim edir.

1937-ci ildə Malenkov və Mikoyanın Ermənistana gəlişi ilə respublikanın bütün rəhbərliyi, o cümlədən Ermənistanın birinci katibi də vəzifəsindən azad olunaraq “NKVD”-nin “ağuşuna” atılır. Kremlin nümayəndələri respublikaya kimin rəhbər təyin ediləcəyini düşünəndə Beriyanın təklifi ilə çox yaxın dostluq münasibətində olduğu Qriqori Arutinov birinci katib təyin olunur. Və beləliklə Arutinov 1937-ci ildən 1953-cü ilə qədər Beriyanın himayədarlığı altında Ermənistana rəhbərlik edir.

Bir çox erməni tarixçiləri Arutinovu “simasını dəyişməyən siyasətçi” kimi təqdim edirlər. Ancaq bu titulu Arutinova verənlər yəqin bir məsələni unudublar. Ermənistana rəhbərlik etdiyi illərdə Beriyanı özünə Allah sayan Arutinov, Stalinin ölümündən və Beriyanın həbsindən sonra, Lavrenti deyib dost qəbul etdiyi himayədarına ilk lənət edən, Xruşovun kabinetində Beriyanı cinayətkar adlandıran məmurlardan biri olub. Daha doğrusu, Arutinov əsl erməni xislətinə xas olan xəyanətkarlığını layiqincə nümayiş etdirib.

Erməni tarixçiləri Arutinovu həm də “cəsarətli siyasətçi” adlandırırlar. Bu adı isə belə əsaslandırırlar ki, o, böyük cəsarətlə Dağlıq Qarabağ məsələsini Stalinin qarşısında qaldırıb. Bu fikirdə də böyük yanlışlıq var. Çünki həmin dövrdə “cəsarətli” Arutinovun azərbaycanlı həmkarı Mircəfər Bağırov daha cəsarətli və Moskvada daha böyük nüfuza malik olub. Məhz Arutinovun çin olmayan Dağlıq Qarabağ röyasını da Bağırov alt-üst edib.

Beləliklə, Arutinovun Stalinə ünvanladığı  Dağlıq Qarabağla bağlı məktubunu rəhbər araşdırmaq üçün MK-nın katibi Malenkova yönəldir.

1945-ci ilin noyabr ayında Mircəfər Bağırov məsələ ilə bağlı Malenkovdan məktub alır. Məktubda Arutinovun Dağlıq Qarabağın Ermənistan SSR-nin tərkibinə verilməsi haqqında təklif irəli sürülür və bununla bağlı bir çox “əsaslar” göstərilir.

Erməni həmkarının təklif-məktubuna Bağırov çox tutarlı və məntiqli cavab hazırlayır. Bağırov ilk növbədə məktubda qeyd edir ki, Dağlıq Qarabağ heç də Arutinovun söylədiyi kimi Ermənistan SSR ilə həmsərhəd deyil, Ermənistan SSR ilə Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əhalinin əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, Laçın, Dəstəfur (indiki Daşkəsən) rayonları yerləşir.

 

Daha sonra Mircəfər Bağırov aşağıdakıları qeyd edir:

“Eyni zamanda ÜIK(b)P MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır... Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki əhalisi tamamilə, azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olan və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar”.

1945-ci ilin dekabrın 10-da Bağırov cavab məktubunu Malenkova göndərir. Malenkov tutarlı və məntiqli cavabdan hətta təəcüblənir və bu məsələni Stalinlə rəsmi şəkildə deyil, sadəcə şifahi adi bir söhbətdə Arutinovun “cəsarətli” təklif-məktubunu ermənilərin “xəyallar arxivinə” göndərir.

Beləliklə də, ermənilərin 1945-ci ildəki Qarabağ arzusu bu dəfə də iflasa uğrayır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi