Modern.az

Qırğızıstanda “SEÇKİ BOMBASI” partlaya bilər - İnqilablar ölkəsindəki SON DURUM  

Qırğızıstanda “SEÇKİ BOMBASI” partlaya bilər - İnqilablar ölkəsindəki SON DURUM   

10 Oktyabr 2017, 16:31

5 gündən sonra Qırğızstan özünün yeni prezidentini seçəcək. Nəzərə alanda ki, Qırğızıstan Respublikasının Konstitusiyasına görə, prezident 1 dəfə 6 illik müddətə seçilir, onda indiki dövlət başçısı Almazbek Atambayevin ikinci dəfə seçim imkanı qalmayıb.  Lakin hakimiyyət kürsüsündən belə asanlıqla getməyi hər zaman hər kəs istəmir.

6 milyon əhalisi olan Qılrğızıstanda builki prezident seçkilərində ilk günlər 40 nəfərə qədər namizəd irəli sürülmüşdü. İndi isə Mərkəzi Seçki Komissiyasının siyahısında 12 namizədin adı qalır. Əsas fiqurlar isə Sooronbay Jenbekov, Omurbek Babanov, Temir Sarıyevdir.

Qırğızıstanın əsrlərlə oturuşmuş milli xüsusiyyətlərinə görə burada insanlar daha çox tayfabazlığa meyillidirlər.  Ağlı başında olan, özgə puluna susamayan sıravi qırğız üçün  özünün tayfasından olan şəxsin hakimiyyətə gəlməsi daha maraqlıdır.


Bəs seçki marafonunu necə keçir?


Marafonun ən öndə gedəni Sooronbay Jenbekovdur.  2017-ci ilin avqust ayından Qırğızıstan Respublikasının baş naziri vəzifəsindən istefa verərək, seçkilərdə iştiraka başlayıb.  Namizədliyi hakimiyyətyönlü Sosial-Demokrat Partiyasından irəli sürülüb. Ölkədə hamı bilir ki, onun qalib gəlməsi hazırkı hakimiyyətin maraq dairəsindədir.

 
Digər namizəd - 47 yaşlı Omurbek Babanov Atambayevə qədər olan prezident Kurmanbek Bakiyevin istefasını tələb edənlərdən birincisi olub. Son 25 ilin  müstəqillik tarixinə inqilablar ölkəsi kimi düşən Qırğızıstandakı axırıncı inqilabdan - Bakiyevin qaçışından sonra Almazbek Atambayev hakimiyyətində təmsil olunaraq baş nazirin 1-ci müavini vəzifəsinə qədər yüksəlib. 2011-ci ilin oktyabrından isə baş nazirin vəzifəsini icra edib, 2012-ci ildən sonra isə parlament koalisiyası buraxılandan sonra istefa verib, “Respublika-Ata Jurt” parlament fraksiyasının lideri kimi fəaliyyətə başlayıb.

Prezidentliyə üçüncü namizəd Temir Sarıyev isə ölkənin şimal regionunu təmsil etdiyindən haklimiyyət üçün bir o qədər də təhlükəli deyil. Çünki bu köçərilər ölkəsində əsasən cənubluların çoxluğu tərəfindən seçilənlər qalib gələ bilir.
Təbii ki, ölkə daxilindəki əvvəlki inqilabları yada salsaq, görərik ki, hər an, hər hansı bir tayfa inqilab eləmək qabiliyyətinə malikdir. Qırğız liderlərin öz tayfasını, qohum-əqrabasını yığıb parlamentin qarşısına gələrək, burada çadır və alaçıqlar qurması dünya ictimaiyyətinin yadından çıxmayıb.


Bəs bu gün ölkədə vəziyyət necədir?

Sooronbay Janbekov hakimiyyətə ən yaxın adamdır. Onun qardaşı Səudiyyə Ərəbistanında ölkənin maraqlarını təmsil edən səfirdir. Bundan başqa, deyilənlərə görə, Almazbek Atambayevin Türkiyədəki biznesinin də şəriki və qoruyucusudur. Və onun prezident kürsüsündə qalmasına da böyük köməklikləri dəyib. Bu gün hakimiyyət və administrasiya resursları bütün postsovet məkanlarında olduğu kimi, burada da Sooronbay Jenbekovun xeyrinə işləyir.

Və bu gün birdən-birə müxalif namizədlər sırasından kimlərinsə oyunu pozub, qonşu ölkələrdən imdad və kömək istəməsi hakimiyyət düşərgəsində xoşa gəlməyib.  

Baxmayaraq ki, Sooronbay Jenbekov özü də bu ilin iyulunda Astanada keçirilən Sammitdə Qırğızıstanın baş naziri kimi Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə ölkəsində keçiriləcək seçkilərlə əlaqədar türk dünyasının ağsaqqalından xeyir-dua almışdı.


Onda bəs görəsən bu il sentyabrın 19-da prezidentliyə namizəd Omurbek Babanovun Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşməsi hakimiyyət təmsilçilərini nədən narahat etdi? 

Qazaxıstan lideri  qardaşlıq münasibətlərinə önəm verdiyini qeyd edərək həmin görüşdə deyib:  “İndi Qırğızıstan hər bir ölkənin həyatında mühüm mərhələ olan prezident seçkiləri ərəfəsindədir. Mən hər zaman sizin prezidentlərlə birgə işləməyə üstünlük vermişəm. Yenə də qırğız xalqının seçdiyi və etibar etdiyi  prezidentlə  birgə əməkdaşlıq edəcəyik.  Bizim ölkələrimiz arasında bölünəcək heç nə yoxdur.  Biz hər zaman Qırğızıstana qardaş və dost köməyi göstərməyə hazırıq”.

Deputat Omurbek Babanovun  qonşu ölkənin lideri ilə görüşməsinə hakimiyyətin  reaksiyası özünü çox sərt şəkildə göstərdi. Qırğızıstanın prezidenti Atambayev bu görüşə çox kobud tərzdə reaksiya bildirdi. Şübhəsiz ki, Nursultan Nazarbayev haqqında dedikləri nə ona, nə də ölkəsinə hörmət gətirdi. Bununla belə, Qazaxıstan Respublikası həm rəsmi və həm də qeyri-rəsmi şəkildə qırğız və qazax xalqlarının hər zaman dost olduğunu, Atambayevin söylədiyi “havalı sözlərin” bu münasibətlərdə əks olunmayacağını bildirdi. Və həm də Qırğızıstanın hər zaman Qazaxıstandan asılı bir ölkə olduğunu da xatırlatmağı  unutmadılar. Çünki bu günə qədər qonşu ölkələr arasında  ən böyük  mal dövriyyəsi Qazaxıstanla bağlıdır. Qırğızlar unu və kömürü də Qazaxıstandan alırlar. 100 mindən artıq qırğız isə Qazaxıstanda miqrant kimi fəaliyyət göstərir.    
Dünən Qazaxıstanın Baş naziri Bakıtjan Saqintaev rəsmi bəyanat verərək, Almazbek Atambayevin dediklərini bir dövlət başçısı haqqında “provokasiya” adlandırdı. 

Almazbek Atambayevin belə emosional çıxışlarını hər iki ölkənin politoloqları da müsbət qiymətləndirmədi. Qırğız politoloqu Marat Kazakbayevin fikrincə, ölkə başçısı etik normalardan kənara çıxaraq, bütün qaydaları pozub.  Onun fikrincə , Atambayevin xoşuna gəlməyən Babanov seçki kampaniyasında heç bir pozuntuya yol verməyib.

“Babanov özü də qazax və rus biznesmenləri ilə görüşlərini gizlətmir. Bu onun haqqıdır. O ki, qaldı bir ölkə prezidentinin öz çıxışlarında belə fikirlər işlətməsinə, bax bu yolverilməz  və diplomatik qaydalara zidd bir addımdır”.
 

Qazax politoloqu Aydos Sarımın fikrincə isə, qazaxların seçki marafonunda iştirak edənlərə köməyinə  müsət baxır və bunu bir böyük qardaş köməyi kimi dəyərləndirir. Bununla belə, o, seçki marafonuna qatılanları siyasi alış-veriş kimi yüngül söhbətlərə baş qoşmamağa çağırır. Politoloq seçki öncəsi və sonra ölkədə siyasi stabilliyin pozulmayacağına əmin ola bimədiyini də qeyd edir. Qırğız partiyalarının kriminallaşması, ticarət kapitalları ilə bağlı olduqları səbəbindən   ölkədə çevriliş  ehtimalının olacağını da deyib.

Bu məqamda Atambayevin idarə etdiyi ölkədə hər deputatın bir idman klubu açması və həmin klubdakı adamların istənilən vaxt qol gücü tətbiq etməsi də vəziyyəti gərginləşdirən amillərdəndir. Çünki qonşu dövlətlərin deputatları görüşlərdə səliqəli geyimli köməkçilərlə iştirak etdiyi halda, qırğız deputatları hər zaman təlim görmüş idmançılar əhatə edir.

Bəs gəlin görək bu seçki ərəfəsində xarici qüvvələrin rolu nə qədərdir?


Araşdırdığım mənbələrdən məlum oldu ki, ölkənin 50 faizi dini radikallaşıb. 50 faiz insan daha çox İSİD, FETÖ və ya başqa belə dini qruplaşmalarda cəmləşməyə üstünlük verib. İş o yerə çatıb ki, ölkənin parlamentində xüsusu “namazxana” -namaz otağı yaradılıb.  Sivil qanunlarla idarə olunan bir dövlətdə dini yönümlü insanların dövlət içərisində oturması, sonradan yaxşı nəticələr vermir. Adətən belə “kamikadzelər” dövlətin içəri strukturundakı əsas rıçaqları ələ keçirə bilirlər. 

Radikal qruplaşmaları ölkəyə Avropadan maaliyyələşən QHT-lər gətirir. QHT-ələrə nəzarət isə yox həddindədir. Bu ölkədə beynəlxlaq təşkilatlar çox aktiv işləyirlər. Dövlət isə insanlara lazımi səviyyədə iş yerləri verə bilmədiyindən, vətəndaşların beynəlxalq təşkilatlarla işləməsinə çox zəif nəzarət edir. 
Ötən bir neçə il ərzində ölkədə məscidlərin sayının çoxalması da, əslində gələcəkdə partlaya biləcək bombalardan xəbər verir. Təbii ki, Qırğızıstanda bu gün həm Rusiyanın Şimal, həm də Avropanın Qərb küləyi əsməkdədir.

Prezident Almazbek Atambayevi Şimal küləyi bərk tutduğundan, o son günlər özünü qızdırmalı kimi aparır və bu hərəkətlərinə, qonşu ölkələrin liderlərinə qarşı səsləndirdiyi fikirlərdə hətta özünə haqq qazandırır. 

Ölkə daxilində hər kəs Atambayevin ötən 6 ildə bugünkü qədər fəal olmaduğunu görməmişdilər. Birdən-birə hansısa maraqlı xarici resursdan gələn gəlirlər hesabına hətta respublika əhəmiyyətli obyektlərin tikintisinə da başlanılır, təməllər qoyulur.  Bir neçə gün bundan əvvəl Özbəkistan prezidenti ilə olan rəsmi görüşdə bir neçə sənədin imzalanması da maraqlı məqamlardandır.


Düşünmək olardı ki, Atambayev Özbəkistan prezidenti Şavkat Mirzyayevlə görüşdə özünə arxa, dost qazanmaq fikirndə də olub. Lakin Şavkat Mirzyayev Almazbek Atambayevdən fərqli olaraq, siyasətdə oyunçudur. O regionda kimin kim olmasının fərqindədir. İslam Kərimovdan sonra Qazaxıstanla çox isti münasibətlər qurmağa üstünlük verməsi də, onun bir siyasətçi kimi uzaqgörənliyindən xəbər verir. Yəni Mirzyayev siyasi gedişlərdə Atambayevdən fərqli olaraq, oyunun şərtlərini bilir. Atambayevin son çıxışları göstərdi ki, 6 il ərzində o siyasi arenada oyun oynamağı, diplomatik gediş etməyi öyrənmədi. Bu məqamda onun Türkiyə tərəfindən Rusiya təyyarəsi vurulan zaman dediyi fikirləri də xatırlatsaq, belə təsəvvür yaranır ki, özünü həmin ərəfədə də dövlətlərarası qarşılıqlı dostluq əlaqələrinə sadiq qalmayan bir dövlət başçısı kimi göstərdi. Bundan başqa, Atambayevin Ərdoğan hakimiyyətinin FETÖ ilə mübarizə kampaniyasına qoşulmaması da, Türkiyə hakimiyyəti tərəfindən yaxşı qarşılanmadı. FETÖ-çüləri ölkədən çıxarmayacağını isə o, həmin şəbəkənin burada sərmayə yerləşdirib, iş yerləri açmaları ilə əsaslandırdı.
 

Sonda belə bir nəticəyə gəlmək olar ki, bir çox hakimiyyətdə oturan adamlar kimi, özünü kreslosuz gücsüz hüsab edə bilməyin xofundan çıxa bilməyən Almazbek Atambayevin sərsəm çıxışları, onun siyasi karyerasına  son qoydu.


Prezident seçkiləri ərəfəsində  avtoqəza keçirərək, dünyasını dəyişən  baş nazirin müavini Temir Kurmanqaziev haqqında danışarkən Atambayev “...Seçkilərin  şəffaf keçirilməsi üçün mənim çox dostlarım əziyyət çəkdilər... Əgər mən də Temir Kurmanqaziev kimi ölməsəm, o zaman hər kəsin öhdəsindən gələcəm ki, seçkilər şəffaf keçsin!” deməklə özündən bir balaca da qəhrəman obrazı yaratdı.


Administrasiya tərəfdarları şəffaf keçirmək istədikləri  seçki prosesində ana tərəfi kürd olan Babanovun MSK-da namizədliyinin ləğv olunması barədə şikayət də ediblər. Bu gün MSK Babanovun namizədliyinin qalıb-qalmayacağını həll edəcək. Əgər onun namizədliyinə son veriləcəksə, Babanov da sakit oturmayaraq özünün  beynəlxalq və daxili resurslarından istifadə edə biləcək. Belə bir vəziyyətdə isə ölkənin indiki prezidenti  seçkilər onun istədiyi kimi keçirilsin deyə, yəqin ki, fövqəladə vəziyyət elan edəcək.

Və elə bu gün Time jurnalına müsahibə verən Almazbek Atambayev əslində  şimal qonşusunun dəstəyinə ehtiyacı olduğunu bildirib:

“Putin dinləməyi bacaran insandır. Biz onunla bir çox məsələlərdə mübahisə etmişik, mən öz fikrimdə doğrulanda, o, mənimlə razılaşıb. Elə buna görə də biz dostuq. Mən fikirləşirəm ki, onunla mübahisə edən az adam var. O geniş  dünyagörüşü olan ağıllı bir insandır...”.

Belə populist çıxışları ilə xalq qazanmaq istəyən Almazbek Atambayevin digərlərinin seçilməsindən niyə qorxduğunu isə zaman göstərəcək.
 

Qırğızıstanda beynəlxalq təşkilatlar sakit və gizlin şəkildə rahat işləyə bilirlər. Səsləri isə yəqin ki, prezident seçkiləri başa çatandan sonra çıxacaq. 

 

Aida Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir