Modern.az

BDU-nun 100 illiyi keçirilsə… -  TƏKLİFLƏR - “Onda Rəsulzadəyə də heykəl qoyulsun!”

BDU-nun 100 illiyi keçirilsə… -  TƏKLİFLƏR - “Onda Rəsulzadəyə də heykəl qoyulsun!”

10 Oktyabr 2017, 18:08

Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təklif edilib.

 Bu təkliflə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edib.

 "Sərəncamınıza əsasən, növbəti ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq.

Fürsətdən istifadə edərək, Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə məsələni diqqətdən keçirməyinizi Sizdən xahiş edirəm", - deyə nazir bildirib.

Bakı Dövlət Universitetinin yaranma tarixi

Modern.az-ın məlumatına görə, “Azərbaycan” qəzetinin 1918-ci il, 17 noyabr tarixli nömrəsində “Darülfünun açılması” başlığı altında məqalədə müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olan Bakı Darülfünu –indiki BDU-nun açılması barəsində geniş məlumat verilib. Universitetin ilk rektoru V.İ.Razumovski yazırdı:


“Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni bir məşəl yandı. 

Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən, türklərdən ibarət qarışıq hökümət təşkil edildi. Bu dövrdə xalq maarifi naziri Fətəli xan Xoyski idi. Biz Tiflisdə “Rus universiteti”nin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökümətə təklif etdik. Nazir bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə etdi ki, “bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti... Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?””.

Danışıqların gedişində Azərbaycan Höküməti, Tiflisdəki universitetin Bakıya köçürülməyəcəyi halda belə, öz universitetini yaratmaqda israrlı olduğunu nümayəndə heyətinin diqqətinə çatdırır. Bu müddət ərzində Həmid bəy Şahtaxtinski V.İ.Razumovskiyə teleqram göndərib, Bakıda yeni universitetin açılacağını bildirdi və bu universitetin təşkilini öz üzərinə götürməyi ona təklif etdi...


Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulduqdan sonra hökumət  1919-cu  iyunun 16-da universitet komissiyasının ştatlarını təsdiq edib, maaşları müəyyənləşdirdi. Ölkənin iqtisadi vəziyyətinin mürəkkəb olduğu bir şəraitdə universitet üçün tələb olunan maliyyə vəsaiti komissiyanın təklif etdiyi 3,5 milyon manatdan 5 milyon manata qədər artırıldı. Amma 1919-cu il avqustun 21 də parlamentdə universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsi göstərdi ki, universitetin açılmasına əksəriyyətin tərəfdar olması ilə yanaşı, bunun əleyhdarları da var. Onlar rus dilində açılacaq universitetin ruslaşdırma ocağı olacağından ehtiyat edirdilər. Amma belə fikirlərə baxmayaraq, 1919-cu ilin sentyabrın 1-də Parlament “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” layihəsini qəbul etdi. 

Universitetin açılması haqqında qanunda onun dörd fakültədən: tarix- filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilirdi. Xüsusi qeyd olumuşdu ki, Azərbaycan (türk) dili bütün fakültələrdə icbari fənn kimi tədris olunmalıdır. 

Universitetə həm kişilər, həm də qadınlar bərabərhüquqla qəbul olunurdular. Qəbulda Azərbaycan vətəndaşlarına isə üstünlük verilirdi.

Universitetin təşkilat komissiyası V.İ.Razumovskini rektor, görkəmli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof.İ.İ.Şirokoqorovu tibb fakültəsinin dekanı seçdi.
Universitet Şurasının 1919-cu ilin noyabrın 10-da keçirilən birinci iclasında universitetin akademik heyəti də təsdiq olundu. 1919-cu ilin noyabrın 15-də universitetdə birinci dərs günü elan edildi . 


Universitetdə 4 fakültə açılması qəralaşdırılsa da, 1919-1920 tədris ilində ancaq tibb və tarix-filologiya fakültəsini açmaq mümkün oldu. Tarix-filologiya fakültəsində Məhəmməd Əmin Rəsulzadə və maarif naziri Rəşid Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmməd ağa Şahtaxtlı isə Azərbaycan dilinin qrammatikasından mühazirələr oxuyurdular. 

İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa, 217 nəfər azad dinləyici qəbul edilmişdi.

Gizli qalmış fədai


BDU-nn yaranma tarixindən danışarkən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli ilə yanaşı, hökumətin ən gənc naziri olan Rəşid xan Qaplanovun da fəaliyyətini demək lazımdır. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi dördüncü hökümət kabinəsində xalq maarifi və dini etiqadlar naziri təyin edən Qaplanov  eyni zamanda “Əhrar” partiyasının üzvü kimi ölkənin siyasi həyatında yaxından iştirak etməyə başlayır. Azərbaycanda ilk universitetin aşılmasında, xaricdə oxumağa tələbələr göndərilməsində, ümumtəsil məktəbləri şəbəkəsinin genişləndirilməsində onun rolu olduqca böyük olur. Universitet açmaq üçün uyğun vaxt olmadığını söyləyən parlament üzvlərinə, hətta partiyadaşlarına belə çox sərt cavablar verərək, bu işi ləngitməyi böyük günah sayır. Universitet işə başladıqda isə kadr çatışmadığına görə özü Osmanlı tarixi və ədəbiyyatından dərs deyir. Onun fikrincə, universitet yalnız tədris deyil, daha çox milli-mənəvi mərkəz kimi fəaliyyət göstərməli, buradakı elmi personal Azərbaycanı öz qədim tarixi, mədəniyyəti, zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyaya tanıtmalıydı.

 

Yubiley olarsa…

“Həqiqətən, BDU-nun 2019-cu ildə 100 illik yubileyi qeyd olunarsa, nə kimi işlər həyata keçirilməlidir?”- Cümhuriyyət dövrünün araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu Modern.az-ın bu sualına ətraflı cavab verib. O, universitetin yubileyi çərçivəsində aşağıdakı təkliflərin də həyata keçməsinin vacibliyini vurğulayıb:

“BDU-nun 100 illiyinin keçirilməsi çox yaxşı hal olar. Zaqafqaziyada yaradılan ikinci universitetdir; birincisi Kutaisidə yaradılıb.

Yubiley əsnasında diqqət edilməli məsələlərdən biri də universitetin ənənələri olmalıdır. Yəni yarandığı ildə hansı ənənələri olub? Universitet hansı əsaslarla fəaliyyət göstərməyə başlayıb? Şəxsən mənim üçün bu sualların cavabı çox maraqlıdır.

İkincisi, universitetin ilk Azərbaycan müəllimləri haqqında bilgilər vermək lazımdır.

Üçüncüsü, yarandığı ilk illərdə burada hansı tədris prosesi mövud idi?  Ümumiyyətlə, orada nə tədris edirdilər? Tədris necə aparılırdı?- Yubiley keçirilərsə, bu məsələləri də öyrənmək yaxşı olardı.

Yubiley keçirilsə,yaxşı olardı ki, ora qəbul olan ilk tələbələrin ad-soyadından ibarət  kataloq buraxılsın. BDU-nun ilk tələbələrinin ad-soyadlarından ibarət kataloq çox vacibdi. Görək, ilk ildə burada kimlər oxuyub.

Həmçinin, burada AXC dövründə  dərs deyən milli müəllimlərin biblioqrafiyası hazırlanmalıdır. Diqqət edirəm ki, Cümhuriyyət dövründə universitetdə dərs demiş, sonradan isə buradan mühacirətə gedən müəllimlərin üstündən xətt çəkilir. Məsələn, Rəsulzadə orada dərs deyən ilk müəllimlərdən biri olub. Məşhur aydınımız Əhməd Cəfəroğlu universitetin ilk məzunlarındadır. Türk dünyasının ən böyük alimlərindən biri olub. Özü də Almaniyada müdafiə edib. Biz bilməliyik ki, onun və onun kimi xeyli dəyərli ziyalıların ilk təhsil aldığı qurum Bakı Dövlət Universitetidir.

İstərdim ki, universitetin 100 illik yubileyi standart yubileylərdən olmasın. Mənim verdiyim təkliflər reallaşsa, tələbələr də Bakı Dövlət Universiteti haqqında lazımı bilgi alarlar.

Yarandığı ildə universitetin 3 fakültəsinin açıldığı yerlərdə xatirə lövhələri asılmalıdır. İnsanlar bilməlidirlər ki, bu obyektlərdə ilk universitetimizin fakültələri açılıb. Faklütələrdən biri indiki Pedaqoji Universitetdə, digəri, yəni tibb fakültəsi indiki 4 saylı xəstəxanada olub. Bu məkanlarda xatirə löhvələri asılsa, yaxşı olar.

Ən nəhayət, əgər BDU-nun 100 illik yubileyi keçirilsə, onda arzu edərdim ki, bu münasibətlə universitetin həyətində Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulsun. Çünki uzun illərdir ki, orada Rəsulzadənin heykəlinin qoyulacağını bildirən qara lövhə qoyulub”.

N.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir