Modern.az

Mehriban Ələkbərzadə: “Bu təyinatı gözləmirdim”  

Mehriban Ələkbərzadə: “Bu təyinatı gözləmirdim”  

Mədəni̇yyət

11 Oktyabr 2017, 11:39

“Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad ediliblər.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, teatr sahəsində aparılan islahatlar davam edir. Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb və əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib.


Bununla əlaqədar Modern.az saytı  Mehriban Ələkbərzadə ilə əlaqə yaradıb. O, yeni təyinatı gözləmədiyini bildirib:

“Bilirsiniz, “Yuğ” Dövlət Teatrında mənə qədər tamam başqa vəziyyət idi. Ona görə hazırkı durumu öyrənməli, kollektivlə görüşməli, insanlarla daha yaxından tanış olmalıyam. Eyni zamanda, yaradıcılıq spektorlarını görməliyəm.

Yeni təyinat gözlədiyim bir şey deyildi. Hər halda, belə məsləhət görüldü. Əlbəttə, qarşıya qoyulan planlar  və  öhdəliklər var.  Sadəcə, indi nəsə demək çox tezdir”.

Qeyd edək ki, digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!