Modern.az

Cümhuriyyət Baş nazirlərinin SİRLİ QƏTLLƏRİ

Cümhuriyyət Baş nazirlərinin SİRLİ QƏTLLƏRİ

Mədəni̇yyət

11 Oktyabr 2017, 17:43

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin sirli qətlləri barəsində araşdırma mediasında o qədər də çox yazılara rast gəlinmir.

Modern.az sayt; Cümhuriyyətin 100 illik yubileyi çərçivəsində hazırladığı yazılar seriyasından bu dəfə iki dövlət fədaisinin qətlindən danışacaq. Başlayaq, Nəsib bəydən…

Azərbaycan ideyasına siyasi məna verən, müstəqillik savaşının ideoloqu, Azərbaycan Xalq Cümhuriyyətində iki dönəm baş nazir vəzifəsini yerinə yetirən Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyəti təəssüf ki geniş tədqiqatdan kənardadır. Çox sadə həyat tərzi keçirən, Odessada hüquq təhsilini yarımcıq buraxıb Türkiyədə və Azərbaycanda hürriyyət savaşına qatılan Nəsib bəyin ailə hekayəti də kifayət qədər maraq doğurur.

Çox qısa cəmi 39 il ömür sürən Nəsib bəyin İsmayıl Qaspralı kimi böyük şəxsiyyətin qızı Şəfiqə xanımla evliliyi, ailəsi və övladlarının taleyi sanki bir savaşla üz-üzə qalmışdı. Görünür böyük amallar uğrunda savaşanların taleyi, ailə həyatı da qalmaqallardan mübarizələrdən keçməliymiş.

Nəsib bəyin qatili kimdir?

Nəsib bəyin ölümü də müəmmalarla doludur. Hətta nəinki ölümü, ölümündən məzarının harada olması, harada dəfn edilməsi ilə bağlı  versiyalar da dəqiq deyil. Nəsib bəyin qətli ilə bağlı öncə araşdırmaçı-jurnalist Akif Aşırlının aşkarladığı  faktlara diqqət edək:

“Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olmuş Nəsib bəy Yusifbəylini qətlə yetirənlər yanlış informasiyalar yaymaqla məşğul olurdular. İz azdırmaq üçün onun guya, İstanbulda ac-susuz, sərgərdan gəzdiyi barədə şayiələr ortaya atırdılar. Şəfiqə xanım isə övladlarının atası barədə həqiqətləri öyrənməyə çalışırdı. O, İstanbulda təsadüfən Nəsib bəyin sürücüsü ilə qarşılaşır, həmin adamı sorğu-suala çəkir və qətlin təfərrüatını öyrənir. Nəsib bəy Yusifbəyli Yevlaxda dostu Cümhuriyyət parlamentinin üzvü Qarxunlu Əşrəf bəyin evindən ayrılıb Gürcüstana getmək istəyərkən Kürdəmir ətrafında bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilib. Sürücüsü isə yaralanaraq, qaçmağa macal tapıb”.

Qətlin boşlşeviklər tərəfindən deyil, Nəsib bəyin öz əqidədaşı, Qarxunlu Əşrəf tərəfindən tamah məqsədilə törədildiyi xəbəri yayırdılar. Bolşevik xəfiyyələri tərəfindən uydurulan bu şayiə günümüzədək gəlib çıxıb və Nəsib bəyin qətlinin öz əqidədaşı tərəfindən həyata keçirildiyi bəzi tədqiqatçıların, o cümlədən Mövsüm Əliyevin yazılarında əks olunub.


Araşdırmaçı Şəmistan Nəzirli uzun tədqiqatdan sonra, həqiqəti ortaya çıxarıb. Qətlin Qarxunlu Əşrəf bəy tərəfindən törədilmədiyi məlum olub.


Başqa müəmmalı versiyalar - sənədlərin dili ilə…

Yazımızı bir araşdırmaçının qeydləri ilə məhdudlaşdırmaq istəməzdik. Belə ki, Nəsib bəyin qətli ilə bağlı başqa versiyalar da var. Firdovsiyyə Əhmədovanın “Nəsib bəy Yusifbəyli” toplusunda, eləcə də araşdırmaçı Nazif Qəhrəmanlının Nəsib bəyin ölümü ilə bağlı hazırladığı araşdırma  yazısında baş nazirin qətli ilə bağlı bir neçə versiyalar var:

1992-ci ildə “Odlar yurdu” qəzetində yazılan yazıda qeyd olunur ki, Nəsib bəyin qohumu Nağı bəy Xasməmmədov onun qatili sayılan Qarxunlu Əşrəflə 1932-ci ildə həbs düşərgəsində eyni kamerada qalıb. Nağı bəy o zaman Əşrəfin dindirilməsinin şahidi olur və xatirələrində o barədə bunları deyir:


“Əşrəf söyləyirmiş ki, guya, xəbərlər gəlir ki, Nəsib bəy Kürdəmirdən faytonla keçib gedəcək. Özü ilə ADR xəzinəsindən külli miqdarda pul da götürüb. Əşrəf pusquda durur və Yevlax meşəsində Nəsib bəyi qətlə yetirir. Ancaq sakvoyajda pul olmur”.

Digər versiyada isə göstərilir ki, Nəsib bəy Əşrəfin evində qonaq qalır və o, gecəykən Nəsib bəyi qətlə yetirir. Meyitini isə Kür çayına atır. Yenə də heç bir pul tapa bilmir”.

Araşdırmaçı alim Asif Rüstəmovun Azərbaycan Dövlət Arxivində tapmış olduğu bir rəsmi sənədə əsasən, Nəsib bəyin ölümü ilə bağlı daha bir versiya üzə çıxdı. Rus dilində olan bu sənəd Gürcüstan hökuməti tərəfindən Azərbaycan sovet orqanlarına göndərilmişdi. Hərb tarixçisi, publisist Şəmistan Nəzirli özünün “Qarxunlu Əşrəf bəy” povestində bu sənədə əsaslanaraq, Nəsib bəyin qatilinin Əşrəf olmadığını bildirir. Həmin sənəddə yazılır:

“Tiflisdə şənbə günü 1920-ci ilin iyun ayının 19-da saat 9-a yaxın Olginski küçəsinin başlanğıcında mauzerdən açılan atəş nəticəsində Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli öldürülmüşdür.  Qətldə günahlandırılan 8 nəfər şəxs Gürcüstan hökuməti tərəfindən saxlanılmışdır”.

Asif Rüstəmli isə özünün “Əbədi istiqlal” kitabında sənəddəki  həmin məlumatın “Kommunist” qəzetinin 1920-ci il 22 iyun sayından götürüldüyünü qeyd edib.

Göründüyü kimi, Nəsib bəyin ölümü ilə bağlı versiyalar çoxdu. Bu zaman haqlı olaraq, belə bir sual ortaya çıxır? Necə qətlə yetirilməsindən asılı olmayaraq, Nəsib bəyin məzarı haradadır? Doğrudanmı, onun cəsədi Kür çayına atılıb? Yaxud, haradasa, gizlin dəfn edilib?

Əvvəlcə onu deyək ki, Nəsib bəyin Fətəli xanla birgə öldürülməsi versiyası tamamilə yanlışdır. Çünki Fətəli xan 1920-ci ildə qətlə yetirilməzdən əvvəl onun yanında yalnız bir nəfər olub - Cümhuriyyət rəsmisi və səfiri Xəlil bəy Xasməmmədov. Onlar Tiflisdəki opera teatrının yanından keçərkən, erməni terrorçuları ilə üzə-üzə gəlirlər. Ermənilərin atdığı atəş  nəticəsində Fətəli xan ölür, Xasməmmədov isə ağır yaralanır. Nəsib bəy Yusifbəyli bu iki şəxsin yanında olmayıb ki, onların aqibətini yaşasın.


Həmçinin, Fətəli xan qətlə yetirildikdən sonra Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilib. Onun ölümündən bir il sonra Cümhuriyyət parlameninin sədr müavini olmuş Həsən bəy Ağayev də Tiflisdə erməni qulduru tərəfindən qətlə yetirildi. Həsən bəy Ağayevin də AXC-nin rəhbərlərindən biri olduğunu nəzərə alıb, onu Fətəli xanın yanında dəfn etdilər. Buradan da belə nəticəyə gəlmək olar ki, əgər baş nazir Nəsib bəy Yusifbəyli Fətəli xan Xoyski ilə birliklə qətlə yetirilsəydi, bu məntiqlə onları yanaşı dəfn edərdilər. Təəssüf ki, Nəsib bəyin məzarının yeri indi də məlum deyil.

Bir aktyorun etirafları - Can verən Xoyski...

Fətəli xan Xoyskinin ölümü ilə bağlı bir başqa mənbə isə məşhur aktyor Mustafa Mərdanovun yazdığı “50 il Azərbaycan səhnəsində” xatirələr kitabıdır. “O olmasın, bu olsun” filmində Məşədi İbada “meymun” deyən, onu şikayət etmək istəyən, hər zaman sərxoş olan “fransızdilli” Həsən bəy rolu ilə tanınan aktyor sən demə, sənətdən savayı işlərlə də məşğul olub. Onu hətta Xoyskinin ölümündə də günahlandırırlar. Adıçəkilən əsərdən bir parçaya diqqət edək:

“1920-ci ildə mən siyasi idarə tərəfindən Azərbaycanda ilk dəfə təşkil edilən “Təşviqat qatarı”nın rejissoru, sonra isə  komissarı vəzifəsinə təyin olundum.

...Elə bu vaxt məni mühüm bir tapşırıqla Gürcüstana yolladılar. Gürcüstanın gizlicə çalışan kommunist fəalları ilə görüşməli idim. O vaxt Tiflisdə menşeviklər ağalıq edirdilər.

Vəsiqələrim düzgün idi. Buna baxmayaraq, Tiflisə çatmamış Nəftuluq stansiyasında düşüb şəhərə piyada getdim.

Üç gün ötdü. Mənə tapşırılan işləri qurtarmaq üzrə idim. Bir gün “Kazyonnu teatr”da “Aşıq Qərib”i oynayırdılar. Məndən xahiş etdilər ki, suflyorluq edim. Razılaşdım. İkinci pərdə bitəndən sonra tamaşaçıların yanına gəlib, tanış-tunuşla salamlaşırdım ki, bir də gördüm Ağayev deyilən bir nəfərlə menşeviklərin  “Xüsusi şöbə” rəisi Paçuliya mənə yaxınlaşdılar.

“Tutun! Budur, Xan Xoyskini öldürən” deyən Ağayev mənə bərk bir şapalaq ilişdirdi. Məni tüfənglə döyə-döyə teatrdan çıxarıb maşına mindirdilər və harasa apardılar.

Sonra öyrəndim ki, Müsavat Partiyasının sədri Fətəli xan Xoyskini “Pikadilli” sirkinə girən zaman üç güllə ilə vurublarmış. Ağayev deyilən adam da məni Gəncəyə “Təşviqat qatarı” ilə gələndə görüb və iki gündür ki, güdürmüş.

Məni rəis Paçuliyanın kabinetinə gətirdilər. O, üstümə qışqırdı:

“Alçaq bolşevik! Yoldaşların kim idi? Söylə!”.

Onları inandırmaq istədim ki, heç nədən xəbərim yoxdu. İnanmadılar Məni yenidən maşına mindirib apardılar.

Axtarış başlandı. Evimi alt-üst edilər. Xan Xoyski vurulan yerdə dəsmala bükülmüş mauzer patronları tapıldığına görə, evdə nə qədər cib və üz dəsmalı var idisə, hamısını apardılar. Məni isə “Xüsusi şöbə”nin qaranlıq zirzəmilərindən birinə saldılar”....


... “Sonra üç nəfər məni maşına mindirib apardı. Hara getdiyimi bilmirdim. Nəhayət, maşın bir xəstəxananın qarşısında dayandı. Məni düşürüb Fətəli xan Xoyski yatan palataya apardılar. Gördüm ki, Xoyski can verir. Yanında olan bir azərbaycanlı isə hey başına döyüb ağlayırdı. “Azərbaycan məhv oldu, Azərbaycan məhv oldu!”- deyirdi.

Məni bura ona görə gətirmişdilər ki, can üstündə olan Xoyski ona mənim güllə atıb-atmadığımı təsdiqləsin. Lakin buna imkan olmadı. Xan Xoyski bir söz deməyib keçindi. Məni də yenidən maşına mindirib apardılar və zirzəmiyə saldılar”.

Təssüf ki, böyük Xoyski qatilin kim olmasından asılı olmayaraq, dünyasını dəyişdi. Mustafa Mərdanov isə yenidən zirzəmiyə aparılandan sonra “Xüsusi şöbə”nin rəisi ilə cəmi bir dəfə görüşdü. Qısa zaman aralığında nə olmuşdusa, rəis Paçuliya onu mehriban qarşılamış və “ehtiyatlı ol” deyərək, azad etmişdi.

Küçədə isə Mustafanı atası gözləyirdi. Rəis Paçuliyaya onu azad etmək üçün  100 qızıl pul rüşvət verən atası...

Qeyd: Nəsib bəy Yusifbəyli və Fətəli xan Xoyskinin qətli haqqında yazılarımızın ardı olacaq... 



N.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır