Modern.az

“Yuğ”un gələcək aqibəti - Vaqif İbrahimoğlu yenə “Yuğ”da “yaşayacaqmı?”  

“Yuğ”un gələcək aqibəti - Vaqif İbrahimoğlu yenə “Yuğ”da “yaşayacaqmı?”   

Ədəbi̇yyat

11 Oktyabr 2017, 18:09

Dünən Azərbaycan teatr məkanına fərqlilik gətirən “Yuğ” Dövlət Teatrında struktur dəyişikliyi edildi.  Direktor Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edildi.

 

Rejissor Mehriban Ələkbərzadəyə “Yuğ” Dövlət Teatrının baş rejissoru, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə isə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edildi.

Teatr, sənət ictimaiyyətini bundan sonra bir sual düşündürür: Mərhum rejissor, böyük düşüncə sahibi Vaqif İbrahimoğlunun əsasını qoyduğu yuğçuluq fəlsəfəsi, psixosof nəzəriyyəsi bundan sonra da teatrda yaşayacaqmı?

Çünki uzun illər (1989-2011) “Yuğ”un baş rejissoru olmuş Vaqif İbrahimoğlu bu müddətdə hər bir tamaşada orijinal ideyaları ortaya atdı, Yuğu standart teatr anlayışından bir ritual məkanına çevirdi. Bu ənənə, bundan sonra da “Yuğ”da davam edəcəkmi? Hazırkı baş rejissor və direktor başqa teatr məktəblərinin nümayəndələridir.

Modern.az-ın məlumatına görə, 1989-cu ildə min bir əziyyətlə “Yuğ”u yaradan Vaqif İbrahimoğlu onun gələcəyi barəsində müsahibələrinin birində  maraqlı ehtimallarla çıxış etmişdi.

Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan “Ağın qardaşı” filmində rejissorun arxiv səs yazılarından da istifadə olunur. O səs yazılarının birində V.İbrahimoğlu əsasını qoyduğu “Yuğ”un poetikası və gələcək taleyindən danışıb:

“Heç kim heç kimə hamar bir yol vədə edə bilmir. Yollar enişli-yoxuşludur. Əgər biz istəyiriksə evimiz ünvanımız teatrımız həm özünü realizə etsin, həm milli köklərin üstündən qopmasın, həm dünyada baş verən proseslərə qoşulsun, onda əski vaxtlardan fərqli olaraq gənclərə özlərini daha çox sınamağa, təsdiqləməyə, yıxılıb başını qolunu əzsə də də yenidən qalxmağa şərait yaratmalıyıq. Bu şərtdi. 

“Yuğ”u dövr yaratdı. Dövrə "Yuğ" lazım olmasa, heç bir vasitələrlə, tədbirlərlə onu ayaq üstə canlı bir orqanizm kimi saxlamaq mümkün deyil. Hələ ki canlılıq göz dəyməsin, yaxşıdır. Amma həm də  bədii yaradıcılıq baxımından həll olunmamış bir çox poblemlər var. Amma gənclər də var. Mən irəliyə baxanda “Yuğ”un gələcəyini görürəm. Necə olacaq, bunu artıq dediyim gənclər həll edəcək”.

Bəs “Yuğ”u başqa teatrlardan fərqləndirən və bundan sonra da bu fərqliliklərin yaşayıb-yaşamamasını ortaya çıxaran səbəblər hansılardı?


“Yuğ”çular özü demiş, ora nə teatrdı, nə binadı, sadəcə olaraq bir ruh halıdı, bir yaşam tərzidir. Böyük rejissor Vaqif İbrahimoğlu ruhunun maddiləşmiş formasıdır. 1989-cu ildə böyük çətinliklər hesabına yaratdığı teatrın poetikasını müəyyənləşdirən və onu ruhun hikməti səviyyəsinə qaldıran Vaqif İbrahimoğlu uzaqgörən  bir şəxs idi. Hələ ölümündən əvvəl teatrın nə zamanda üzləşəcəyi problemlər barəsində “qeybdən dürlü xəbərlər söylərdi”.  

 

Adını çəkdiyimiz mənbədə mərhum Vaqif İbrahimoğlu “Yuğ”un poetikasını onun əsl özəlliyi kimi belə qiymətləndirmişdi:

“Tərtib etdiyimiz poetikanı psixosof poetikası adlandırırıq. Psixosofiya- yəni, ruhun hikmətləri. “Düşüncənin hikməti” demirəm, çünki düşüncəmiz bizi aldadır. 10 il bundan qabaq nəyi düşünmüsənsə, indi eyni düşünmürsən. Terminə diqqətlə baxsaq, burada teosofiyanı yəni –ilahi hikmətləri də görə bilərik. Teosoflar Allahın sirləri öyrənmək istəyirlər. Füzuli deyir ki, “əndişeyi zat qılmaq olmaz. Bilmək yetər ki, bilmək olmaz”.
“Yuğ”un başlıca məqsədi tamaşaçının yarım saat, 40 dəqiqə, bir saat  və sairə davam edən tamaşa müddətində öz ruhu ilə təmas yaratmasına kömək etməkdi. Təsəvvür elə ki, sən sənət nədir, tamaşa nədir bilmirsən. Amma bizdən biri olursan. Necə ki, axar çaya, bulağa saatlarla baxırsan. Amma baxandan sonra soruşsaq ki, sən ordan nə əxz etdin, hansı düsturu çıxardın, buna cavab vermək çətin olacaq. Amma eyni zamanda ruhunla tamaşa müddətində  sənə bu məqamda lazım olan bütün mətləbləri, bilgiləri intuitiv olaraq qəbul edirsən. 

Məsələlər var ki, onların haqqında düşünməliyik. Düşünürk ki, onları sabah, ya biri gün həll edək. Amma məsələlər də var ki, onlar əbədi və əzəlidir. Bu məsələlərlə məşğul olduqca, düşündükcə sən insan olursan. Odur ki, məsələlər var ki, onu mən də, sən də, o da həll etməlidir”.



N.Nihad

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir