Modern.az

Deputat dil kurslarını ittiham etdi: “Təhsil Nazirliyi nəzarət etməlidir”

Deputat dil kurslarını ittiham etdi: “Təhsil Nazirliyi nəzarət etməlidir”

12 Oktyabr 2017, 13:22

Azərbaycanda müxtəlif adda kurslar fəaliyyət göstərir. Pul müqabilində həmin kurslarda dizayn, dil, kompüterdən istifadə bacarıqları və s. öyrədilir, bunun qarşılığında sertfikat təqdim edilir. Həmçinin bu cür kursların reklamlarına müxtəlif yerlərdə rast gəlmək mümkündür.

 

Digər tərəfdən kəmiyyət hər zaman keyfiyyət göstəricisi olmur. Bu gün kifayət qədər kurslar fəaliyyət göstərsə də, uğurlu nəticə əldə edənlərin sayı azdır. Hər halda əksəriyyət tez-tez kurs dəyişənlərin, narazılıq edənlərin şahidi olub.

 

Maraqlıdır, ölkədə fəaliyyət göstərən bu kurslara görə kim məsuliyyət daşıyır?

 

“Sertifikat veriləndə səviyyə yoxlanmalıdır”

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında bildirib ki, kursların fəaliyyətinə Təhsil Nazirliyinin müvafiq qurumları nəzarət etməlidir:

 

“Sertifikatları verən müvafiq icra orqanı  kursların fəaliyyətinə nəzarət etməlidir. Sadəcə olaraq bu sahə özəldir və bu baxımdan özəl rəhbərlərin uğuru və ya uğursuzluğunun məsuliyyəti bu işi həyata keçirənlərlə bağlıdır. Amma sertifikat veriləndə səviyyə yoxlanmalıdır. Buna da Təhsil Nazirliyinin müvafiq qurumları nəzarət etməlidir”.

 

“Müəllimlik peşəsindən uzaqlaşan şəxslər müxtəlif  fənnlər üzrə kurslara cəlb edilir”

 

Təhsil eksperti Etibar Əliyev qeyd edib ki, kurslar spontan şəkildə yaradılıb və yalnız çoxsaylı uşaqları cəlb etməkdə maraqlıdırlar:

 

“Bu kurslar müstəqil şəkildə yaradılır. Təbii, əsas məqsəd qazanmaqdır. Fəaliyyət göstərən kursların televiziyalarda, sosial şəbəkələrdə çox ciddi reklamı gedir. Nəticədə valideynlər əsasən məktəbdən kənarda uşaqların biliklər qazanmasına meyllənirlər. Bu, həm də ondan irəli gəlir ki, repetitorluqla məşğul olanlar məktəb təhsili ilə nəinki ali məktəblərə, heç kolleclərə də daxil ola bilməməyi təbliğ edirlər. Bu səbəbdən yaranan kurslar orta məktəb müəllimlərini, müəllim olmayanları, bu peşədən çoxdan uzaqlaşan şəxsləri müxtəlif  fənnlər üzrə cəlb edirlər.

 

Burada kefiyyət ölçüsü mümkün deyil. Çünki həmin kurslar spontan şəkildə yaradılıb və yalnız çoxsaylı uşaqları cəlb etməkdə maraqlıdırlar. Fikir verirsiniz, həmin kursların qarşısında çox vaxt bir ya iki nəfər 600 baldan yuxarı göstəricisi olan abituriyentlərin şəkillərini vururlar.

 

Əslində onların hansı kursun deyil, hansı məktəbin məzunu olmaları göstərilməlidir. Kurs  abituriyentlərin və orta məktəb şagirdlərinin tam şəkildə fənni  mənimsəməsini başa çatdıra bilməz”.

 

“Kursların təqdim etdiyi sertfikatlar kağız parçası xarakteri daşıyır”

 

Ekspert düşünür ki, bu gün hansısa qurumun kursları nəzarətə götürməsi heç bir keyfiyyət dəyişikliyinə səbəb olmayacaq:

 

“Əslində valideynlər bir qədər ehtiyatlı olmalıdırlar. Onların ümid bəslədiyi yeganə məkan məktəblər olmalıdır. Onlar valideyn komitələri vasitəsilə fərdi şəkildə uşaqların dərslərində iştirak etməli, keyfiyyət tələb etməlidirlər. Hesab edirəm ki, kurslar çox hallarda uşaqların vaxtını alır.

 

Eyni zamanda kurslarda ödəmə haqları da çox yüksək olur. 2019-cu ildə tətbiq olunacaq yeni imtahan modeli orta məktəblərdə təhsil səviyyəsinin yüksəldilməsini tələb edəcək və bu, kursları, həmçinin repetitorların fəaliyyətini də zəiflədəcək.

 

Kursların təqdim etdiyi sertfikatların heç bir yerdə hüququ yoxdur və kağız parçası xarakteri daşıyır. Bunlar bir növ gözdən pərdə asmağa xidmət edir və onların gələcək karyera üçün heç bir üstünlük vermir. Bu cür sertfikatlara inanmaq da doğru deyil.

 

Kursların nəzarət mexanizmi hələ düşünülməyib. Ölkədə təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi bunlara nəzarət edə bilərdi. Lakin nazirliyin  yerinə yetirməli olduğu ciddi öhdəlikləri çoxdur. Bu gün hansısa qurumun kursları nəzarətə götürməsinin heç bir keyfiyyət dəyişikliyinə səbəb olmayacağını indidən demək olar. Düşünürəm ki, yaxın gələcəkdə də hər hansı nəzarət mexanizmi ilə bağlı danışıqmaq tezdir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir