Modern.az

Eldar Namazov: “Yarım milyon azərbaycanlının hüquqlarını nəzərə almırlar!”

Eldar Namazov: “Yarım milyon azərbaycanlının hüquqlarını nəzərə almırlar!”

12 Oktyabr 2017, 14:25

Dünən Deportasiya Qurbanları Cəmiyyətinin idarə heyətinin toplantısı keçirilib.

 

Toplantıda təşkilati məsələlər müzakirə edilib. Müzakirələr zamanı tanınmış şair Vahid Əziz, professor Firudin Cəlilov və digər ziyalıların təklifi ilə Eldar Namazov sədr seçilib. İdarə heyəti yeni sədrə geniş səlahiyyətlər verib.

Qurumun yeni sədri Eldar Namazov Modern.az-a açıqlamasında deyib ki, bu, bir ictimai təşkilatdır.

“Əslində, daimi sədr seçilməyim ifadəsi doğru deyil. Çünki əvvəllər sədr 6 aydan bir seçilirdi. Biz də qərara aldıq ki, 6 aydan bir seçilən sədr məsələsini aradan qaldıraq. Ona görə də müzakirə edirik ki, sədr 6 aydan bir yox, qurultaydan- qurultaya seçilsin. Ziyalıların təklifi ilə sədrliyi mənə həvalə etdilər. İctimai qurum deportasiyaya məruz qalmış insanların hüquqları ilə bağlı fəaliyyət göstərir. Həm sosial, həm də tarixi-etnoqrafik məsələlərlə məşğul olacağıq. Belə qərara gəldik ki, vaxtilə Ermənistandan deportasiya olunmuş insanların referendum keçirmək niyyətlərini beynəlxalq təşkilatlar qarşısında qaldıraq. Beynəlxalq hüquq normalarının əsas prinsiplərindən biri xalqların bərabərliyi prinsipidir. Necə ola bilər ki, Ermənistandan deportasiya olunan yarım milyon azərbaycanlının hüquqlarını nəzərə almırlar?! Güman edirəm ki, haqq-ədalət bunu tələb edir”.

E. Namazov qeyd edib ki, vaxtilə rus akademiki Saxarov Moskvadan həm Bakıya, həm də Yerevana səfər etmişdi.

“Həmin vaxtlarda Qarabağ  münaqişəsi yeni başlamışdı. Həm Bakıda, həm də Yerevanda bəyan etdi ki, onun Qorbaçovla müzakirəsi olub. Təklifi odur ki, bu problemi həll etmək üçün hər iki respublikada referendum keçirilsin. Həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistanda yaşayan azərbaycanlılar referendum keçirməklə öz müqəddəratlarını təyin etsinlər. Yəni hər iki xalqa eyni gözlə baxmaq lazımdır. Azərbaycan Elmlər Akademiyasında bununla bağlı Saxarovun böyük yığıncağı keçirildi. O zaman Saxarov köhnə “İnturist” otelində qalırdı. Gecə saat 1-ə qədər telefon söhbətimiz oldu. Ona izah edirdim ki, bu məsələdə azərbaycanlıların mövqeyini nəzərə almadan Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarından danışa bilmərik. Səhəri günü Saxarov  Elmlər Akademiyasında çıxış edərkən referendum keçirilməsini dilə gətirdi. Amma Saxarovun Yerevandakı çıxışını eşidən Ermənistan rəhbərliyi bütün güc strukturlarından istifadə edərək zorakı yolla Ermənistanda yaşayan azərbaycanlıları deportasiya etməyə başladı. Deportasiyanın məqsədi Ermənistanda yaşayan azərbaycanlıları referendum keçirib öz müqəddəratını təyin etməkdən məhrum etmək idi. Beynəlxalq təşkilatlar və beynəlxalq hüquq buna necə göz yuma bilər?!
Ona görə də bu məsələni qaldıracağıq. Çünki beynəlxalq əlaqələrim bunu etməyə  imkan verir.  Minsk qrupunun fəaliyyəti və “Madrid prinsipi”nin müzakirə olunduğu məsələlərin içində hər iki xalqa eyni prizmadan baxış bucağı olmalıdır. Ermənistandan deportasiya olunan azərbaycanlılara hansı hüquqlar verilirsə, Dağlıq Qarabağda yaşayan ermənilərə də eyni hüquqlar verilməlidir. Bərabərliyi poza bilmərik və bunun pozulmasına  imkan verməyəcəyik”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir