Modern.az

Azərbaycan Qarabağ müharibəsi üçün hazırlıq görür” – Deputat Zakir Həsənovun Minsk səfərini şərh etdi  

“Azərbaycan Qarabağ müharibəsi üçün hazırlıq görür” – Deputat Zakir Həsənovun Minsk səfərini şərh etdi   

Qarabağ

12 Oktyabr 2017, 15:14

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasında rəsmi səfərdə olub. General səfər zamanı bir sıra önəmli görüşlər keçirib, ölkələrimiz arasında hərbi əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məqamları müzakirə edib.

 

Müdafiə nazirinin Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət etməsi diqqət çəkib. Belə ki, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, ordumuzun  silah arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.

 

Bəs Azərbaycan-Belarus hərbi əməkdaşlığının perspektivləri nədən ibarətdir?

 

Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a danışıb.

 

Deputat deyib ki, ölkə başçısının tapşırığı ilə  Zakir Həsənov Azərbaycan üçün dost və qardaş olan Belarusa səfər edib. 

 

“Orada Zakir Həsənov çox mühüm hərbi imkanlara malik olan  ölkənin raket sistemlərinə , digər  hərbi texnika və texnologiyalarına da baxış  həyata keçirdi. Media orada  əksini tapan fotolardan Belarusla “Polonez” raketləri ilə bağlı razılaşma əldə etdiyimiz nəticəsini çıxarıb.

 

4 günlük aprel müharibəsi zamanı da Aleksandr Lukaşenkonun rəhbərlik  etdiyi ölkə onun şəxsi  timsalında çox ədalətli, haqlı və bizim üçün siyasi cəhətdən həddindən artıq əhəmiyyətli olan mövqeyini göstərmişdi.

 

Digər tərəfdən bu coğrafiyada çox mühüm təhlükələrlə üz-üzəyik. Belarus müxtəlif sahələrdə inkişaf edən müasir imkanlara malikdir.

 

Onlar əslində Sovet dövründən bu imkanları qazanıb və müxtəlif raketlərin istehsalında, tankların və digər texnologiyaların  yaradılmasında yaxşı təcrübə əldə ediblər. Onlar texniki xarakteriskasına görə önəmli elektron sistemlərlə idarə olunan və keyfiyyətli qurğulardır.  Belə olan halda təbii ki, bu, Azərbaycanın diqqətini çəkəcək”.

 

Deputat düşünür ki, Belarusla münasibətlər həm siyasi, həm də hərbi əhəmiyyət daşıyır:

 

“Azərbaycan öz hərbi imkanlarını artırır. Bu gün bizim silah almaq üçün yetərincə müttəfiqimiz var.  Bu istiqamətdə Pakistan, Türkiyə, hətta Şərqi Avropa ölkələri, o cümlədən Belarus və başqa ölkələrlə mübadilələr həyata keçirilir. Digər tərəfdən Azərbaycan xaricdən silah aslılığını azaltmaq üçün  mühüm müdafiə sənayesi strukturlarını yaradıb.  

 

Azərbaycan növbəti Qarabağ müharibəsi üçün siyasi və hərbi cəhətdən hazırlıqlarını davam etdirir. Zakir Həsənovun geniş coğrafiyada müntəzəm, hesablanmış, dəqiq strategiya ilə müşaiyət olunan səfərləri gerçəkləşdirməsi  Ali Baş Komandanın qərarıdır.

 

Düşünürəm ki, Belarusla münasibətlərimiz həm hərbi, həm də siyasi əhəmiyyət daşıması silahlardan daha güclüdür”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir