Modern.az

Üzeyir bəyin qardaşına məktublarındakı gizli şifrələr: “Nəsib bəy məmləkəti qurtardı”

Üzeyir bəyin qardaşına məktublarındakı gizli şifrələr: “Nəsib bəy məmləkəti qurtardı”

12 Oktyabr 2017, 15:42

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılayıb. 

Məsələn, Üzeyir bəy Hacıbəylinin mühacirətdə olan qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublarında Nəsib bəy haqqında xeyli maraqlı faktlar var ki, onlar bir çox tədqiqatçıların gözündən kənar qalıb.

Modern.az bu dəfə  Üzeyir bəyin məktublarındakı gizli Nəsib bəyi təqdim edəcək. Burada onun həm baş nazir kimi bacarığını, həm maliyyəçi kimi qənaətcilliyini, həm də insan kimi obyektivliyini görəcəyik:

 

Nəsib bəy məmləkəti təhlükədən qurtardı”


Ceyhun bəy qürbətə yeni gedib. Lakin hələ mühacir sayılmaz. Çünki ADR hökuməti hələ süquta uğramayıb və Ceyhun bəy də həmin hökuməti dünyaya tanıtmaq üçün təşkil olunan nümayəndə heyətinin tərkibində Parisə yollanıb. Ara-sıra qardaşı Üzeyir bəylə məktublaşırlar. Bu məktubların birində Üzeyir bəy ADR hökumətinin yeni baş naziri  seçilən Nəsib bəy Yusifbəyli haqqında qardaşına bunları yazır:

 

“Siyasi işlərə gəldikdə,  hal-hazırda hökumət böhranı mövcuddu. Nəsib bəy kabinəsi istefa etmişdir. Lakin bu yaxınlarda yenə başında Nəsib bəy olmaq üzrə, yeni kabinə düzələcəkdir. Nazirlərin sayı bir az azalıb, əlavə zənn edirəm ki, sosialistlərə yer verilməyəcəkdir. Əhvali-siyasimiz dedikcə yaxşıdır. Nəsib bəy işi çox gözəl apardı və məmləkəti demək olar ki, hər bir təhlükədən qurtarmaqla bərabər, abad, məmur və qüvvətli bir hala saldı.  Bu saat tam mənası ilə müstəqil dolanırıq. İçimizdə heç bir biganə əl yoxdur. Qarabağ və Lənkəran məsələləri bizim nəfimizə olaraq, həmən qan tökülmədən həll edildi. Bir əndişəmiz varsa, o da şimaldandır. Lakin o barədə də bizə ümid verənlər az deyil. Qərəz, işimiz “xod”dur”.

Ad günü qonaqlığı

Məktubda Üzeyir bəyin Nəsib bəyə xoş münasibəti açıq-aydın görünür. Onlar həm də yaxın dost olublar. Üzeyir bəy hökumət rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli ilə yaxından dostluq edib. Ceyhuna elə həmin ərəfələrdə yolladığı məktubda 18 sentyabr tarixində olan ad gününü bir yerdə keçirdiklərini və nümayəndə heyətinin üzvlərini də yad etdiklərini bildirir:

“O gün yaxşı bir qonaqlıq oldu. Nəsib bəy özü və arvadı, Məhəmməd Əmin, Şəfi bəy (Şəfi bəy Rüstəmbəyli) dəxi bizdə idilər. Sizin də sağlığınıza içdik və sizi dəxi yad etdik”.

Baş tutmayan qastrol

 

Ceyhun bəy Parisdəki konfransa yollandığı zaman Üzeyir bəyin əsərlərini Fransa teatrlarında tamaşaya qoymağa çalışır. Bunun üçün Üzeyir bəyin truppa ilə Parisə gəlməsini istəyir. Bü xüsusda əlindən gələni də edir. Lakin çox təəssüflər ki, Üzeyir bəy Parisə yollana və qardaşını orada görə bilmir. Üzeyir bəyin bununla bağlı qardaşına yazdığı məktubda səbəblər də izah olunur və yenə Nəsib bəyin adı çəkilir:

“O ki qaldı Parisə truppa aparmaq işinə,  mən burada Nəsib bəylə danışdım. O tapşırdı ki,  mən smeta düzəldim. Düzəltdim verdim. Amma Nəsib bəy demədi ki, əgər bizi təsdiq etsələr,  o halda,  getməyə lüzum olmayacaqdır”.

Məktubda müəyyən qədər şifrəli məsələlər var. O səbəbdən ilk baxışdan tam anlaşılmır. Məsələn, “əgər bizi təsdiq etsələr” ifadəsi... Bu, 1920-ci ilin yanvarı üçün çox aktual bir ifadə idi. Parisdə sülh konfransına yollanan nümayəndə heyətimiz də  dünyanın bizi tanımasına, təsdiqinə çalışırdı. Buna nail də oldular. Nəsib bəy də məhz bunu demək istəyirdi. Əgər dünyanın böyük gücləri bizi tanısa, sizin Parisə getməyinizə gərək olmayacaq. Çünki siyasi müstəvidə daha vacib işlər görülməlidir və bütün diqqət də bunlara ayrılmalıdır. İki vacib kadr- Ceyhunla Üzeyir də bu işlərin əsas aparıcı qüvvəsi olmalıdır.

Baş tutmayan səfirlik

Elə həmin vacib işlərdən biri də ADR hökumətinin Fransada səfirliyinin yaradılması  idi. Hökumət bu vəzifəyə elə Ceyhun bəyi əsas namizəd kimi görürdü. Üzeyir bəyin qardaşına növbəti məktubunda bunu daha dəqiq görmək olar:

“Əlavə burada bir məsələ var ki, Yevropaya səfarətlər təyin edilsin. Bu xüsusda mən Nəsib bəylə görüşmək istəyirəm ki, görüm sənin barəndə fikri nədir? Hərgah bir böylə plan olsa ki, sən Parisdə səfarət işləri ilə məşğul olasan, o halda sən buraya qayıtmalı olmazsan, səy edəcəyəm ki, özüm oraya gəlim”.

 

Qonarar məsələsi

Üzeyir bəyin Ceyhuna yazdığı məktublarında Nəsib bəyin portretinin başqa bilinməyən üzü də açılır. Baş nazir ola-ola atasından borc pul istəyən Nəsib bəy büdcəsini təsdiq etdiyi “Azərbaycan” qəzetində Məhəmməd Əmin Rəsulzadənin də məvacib alması üçün istəməyərəkdən bir addım atır. Bilirik ki, Üzeyir bəy qəzetdə baş redaktor kimi Ceyhun Hacıbəylini əvəz edirdi. Özü qonarar alır, baş redaktor maaşını isə qardaşına yollayırdı. Büdcənin azlığı səbəbindən Nəsib bəy smetada əlavə qonararı kəsməli olur. İndi ancaq Üzeyir bəy baş redaktor kimi aylıq maaşını alacaqdı. Məktuba diqqət edək:

 

“Qəzetəni idarəyə davam edirəm. Ancaq iş çox olduğuna görə yoruluram. Xeyli şrift gətirdik. Bu günlərdə qəzetəni böyüdəcəyik. Bizim qəzetədən sənə hər ay məvacib çıxmaq məsələsi də  baş tutmadı. Çünki səndən sonra Nəsib bəy mənimlə görüşüb dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al, Məhəmməd Əmin də məvacib alsın. Deməli, daha sənə xüsusi məvacib yeri qalmadı və smeta dəxi öylə də yazıldı. Lakin Məhəmməd Əmin yalnız məqalə yazır, ağır iş mənim boynumadır. Bu məsələləri ona görə yazıram ki, Bakıda məvacibinizə ümidvar olmayasınız. Sonra məyusluq gələr”.

Qeyd: Yazıda araşdırmaçılar Aslan Kənanın və Solmaz Tohidinin ərsəyə gətirdiyi məktublardan istifadə edilib.



N.Nihad

  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir