Modern.az

Qənirə Paşayeva AŞPA-da Azərbaycanın terrora məruz qalmasından danışdı  

Qənirə Paşayeva AŞPA-da Azərbaycanın terrora məruz qalmasından danışdı  

12 Oktyabr 2017, 15:54

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsi müzakirə olunub.

Modern.az xəbər verir ki, müzakirə zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edib və terrorla mübarizədə ikili standartlara yol verilməməlidir deyib: 


"Mən bir müddət öncə Türkiyənin İraq və Suriya sərhədində İŞID zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüm. İraq türkmənlərinin təmsilçiləri, İraq Türkman Cəbhəsi rəsmiləri  İŞID-ın İraqda türkmənlərin yaşadığı bölgələrdə dəhşətli cinayətlərdən bəhs etdilər. Onlar AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞID ilə mübarizədə onlara dəstək verilmədiyini söylədilər və sizə çağırış etdilər.

Təqribən 20 gün öncə isə Türkiyənin Suriya ilə sərhədindəki vilayəti - Hataydakı qaçqın düşərgəsində Suriyadan qaçaraq Türkiyənin sərhəd bölgələrinə sığınan qaçqınlarla görüşdük. Suriyanın Türkməndağı və Bayırbucak bölgələrindən bura sığınan qaçqınlar da eyni şeyləri söyləyərək, İŞID ilə mübarizədə beynəlxalq təşkilatların, Avropa ölkələrinin fəal rol oynamamasından şikayət etdilər və sizdən daha çox dəstək gözlədiklərini bildirdilər. İŞID zülmündən əziyyət çəkən bütün bölgə xalqları və dövlətləri sizdən dəstək gözləyirlər. Həm İraq, həm də Suriyadan olan qaçqınlar, həm İŞID -la mübarizədə, həm də qaçqınlara sahib çıxma məsələsində ən çox qonşu Türkiyənin dəstəyini hiss etdiklərini söylədilər. Burdan Türkiyə dövlətinə və xalqına təşəkkür edirik.

Dəyərli Dostlar, İŞID terror təşkilatı ən çox Yaxın Şərq bölgəsi və ona yaxın ərazilərdə yaşayan xalqlara və bölgə ölkələrinə zərər verir. Bu terror təşkilatının kimlərin, hansı güclərin maraqlarına xidmət etməsini geniş şəkildə müzakirə edə bilərik. Amma bölgə xalqı və dövlətlərinə, özəlliklə də müsəlmanlara ciddi şəkildə zərər verirlər. Məsələn, İŞID-ın Türkiyədə həyata keçirdiyi 14 terror aktında 304 məsum insan həyatını itirib. O üzdən Suriya və İraq sərhədində İŞID ilə mübarizə aparan ölkələrə, özəlliklə Türkiyəyə Avropa ölkələri və təşkilatları daha çox dəstək verməlidir və buna çağırırıq.  

Mən Qrupumuz adına çıxış edirəm, amma qısa da olsa bunu bildirmək istəyirəm ki, əhalisinin böyük hissəsi müsəlman olan ölkəm Azərbaycan da İŞID-la mübarizədə ciddi addımlar atmaqdadır. Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənın terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır.
İŞID-in sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞID-ı müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. İŞID-ın etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞID-ın etdiklərini bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə etdiklərə çağırışlara da burdan etirazımızı bildirməliyik. Bu cür addımların Avropada İslamofobiyanın artmasına yönəlik hərəkətlərin hansı pis nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Bu cür məsuliyyətsiz açıqlamalar sadəcə İŞID-ın işinə yarayar. Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir və İslam əleyhdarlarının artmaması üçün də hamımız birlikdə ciddi çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyacımız var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı