Modern.az

“Eurovision 2012": nəyi necə etməli?

“Eurovision 2012": nəyi necə etməli?

9 İyun 2011, 10:35

Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği üçün yaranmış ideal imkandan necə yararlana bilərik?

“Eurovision 2011" qələbəsi ilə bütün dünyanın diqqətini üzərimizə çəkdiyimiz günlərdə ölkə daxilində gələnilki müsabiqəyə tam sürətlə hazırlıq başlanıb. Tədbirə gələn il ev sahibliyi edəcək ölkəmizin bunun üçün necə bir məkan seçəcəyi, ölkə daxilində hansı islahatlar edəcəyi gündəlik mətbuatın müzakirə mövzularıdır. Bəs bu qələbənin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında oynayacağı rol nə dərəcədə ola bilər?

Bu yarışmanın nə qədər əhəmiyyətli olması və nə qədər böyük auditoriyaya çıxış imkanı olmasını təsəvvür etmək üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" yarışmasının final mərhələsini 70 milyon tamaşaçı izləyib.

İnternetdə on-line olaraq 56-cı "Eurovision" müsabiqəsini 804.000 insan izləyib. Müsabiqənin rəsmi interne saytı olan eurovision.tv-də isə 87 milyon nəfər builki müsabiqəyə tamaşa edib. Bu da ötən ildən 8 faiz çoxdur. Müsabiqəni işıqlandırmaq və izləmək üçün Almaniyaya minlərlə jurnalist və on minlərlə turist gedib.

Gələn il başda jurnalistlər də daxil olmaqla böyük bir əcnəbi ordunun Azərbaycana gəlişini nəzərə alanda bizim də üzərimizə təbliğat vasitələrini son sürətlə işə salmaq düşür. Bəs hansı mərhələlər, hansı sürətlə? Kim hansı işi görməlidir ki, strategiya uğurlu olsun? Bu suallara təcili cavab tapılmalı, konkret işlər müəyyənləşməli, hər kəs öz işini həyata keçirməlidir.

Son illərdə “Eurovision”-dakı qələbəmiz qədər Azərbaycanı tanıdan, imicini yüksəldən ikinci bir uğurumuz yox idi. Bu bir il ərzində bütün Avropanın, Rusiyanın və digər ölkələrin diqqəti bizdə olacaq, Azərbaycanla bağlı xəbərlər izlənəcək. Bundan maksimum yararlanmağa çalışmalıyıq. Təəssüf ki, hələlik bu yarışmanı keçirmək üçün hələlik uyğun bir yerimiz yoxdur, amma bunu 1 ilədək həll etmək olar.

Artıq hökumətə belə bir möhtəşəm məkanın tikilməsi ilə bağlı bir neçə layihə təqdim olunub. Bunun üçün tikiləcək bina müasir üslüblardan istifadə olunmaqla milli arxitekturaya uyğun olmalı, şəhər mərkəzindən çox da uzaq olmamalı, texniki təchizatı mükəmməl olmalıdır.

Fikrimizcə, həmin məkanın qarşısında böyük bir abidə qoymayılıq- bizə qarşı edilən soyqırımlarla bağlı və gələn rəsmi qonaqları oranı ziyarət etməyə dəvət etməliyik. Onlara bəzi sənədlər, faktlar, foto və video materiallar vermək olar. Çox sayda və fərqli məsələlərə aid press-relizlər paylamaq olar. Böyük bir media mərkəzi açılmalı, hər cür texniki imkanlarla təchiz olunmalıdır. Xarici jurnalistlərlə iş aparacaq xüsusi qruplar hazırlamaq olar.

Ermənilərin kim olduğunu və bəşəriyyətə qarşı hansı cinayətlər törətdiyini sübut edən kitablar, disklər, bukletlər və s paylamaq olar. Təkcə Qarabağ məsələsini yox, ümumiyyətlə, Azərbaycan gerçəklərini dünyaya çıxarmağa çalışmalıyıq. 

Dünyada hələ də ölkəmiz haqda geridə qalmış Şərq ölkəsi təsəvvürü var. Bunu dağıtmaq üçün kiçik turist marşrutları və gəzintilər təşkil etmək olar. Qonaqları, xüsuslə də jurnalistləri Bakının ən maraqlı yerlərinə- ən əsası muzeylərə aparmaq onlarda çox gözəl təəssürat yarada bilər.

Həmin dövrdə teatrlarımızda şah əsərlərin tamaşaya qoyulması, telekanallarımızın yüksək səviyyəli verilişlər verməsi daha yaxşı olar. Bakıda nəqliyyatın işi qaydaya salınmalı, təmizlik işləri gücləndirilməli, restoran və kafelərə nəzarət artırılmalıdır.

Ermənilərin bizdən oğurladığı “Sarı gəlin” kimi mahnılarımızı yarışma meydanının ətrafında oxutmalı, bu mahnıların tarixi, yaranması, mahiyyəti haqda press-relız paylamalıyıq. Həm də təkcə mahnılarımız üçün yox, bütün oğurlanmağa cəhd göstərilən mədəni sərvətlərimiz üçün belə etməliyik. Məsələn, milli kulinariyamızı, musiqi alətlərimizi, milli geyimlərimizi, dünyada İran, Qafqaz ya da Şərq xalçası adı təqdim olunan milli xalçalarımızı sərgiləməliyik.

Ta qədimdən bəri böyük şəxsiyyətlərimiz- dövlət başçılarına, alimlərə, yazarlara həsr olunmuş, kültürəl elementlərimiz, qədim dövlətlərimizin haqqında 2-3 dildə fotostendlər təşkil etmək etmək olar. Azərbaycanın müasir dünyanın bir hissəsi olduğunu, burada insanların milli, dini, siyasi, sosial fərqlərə önəm verilmədən mehriban yaşadığını bir daha göstərməliyik.

Təbii ki, bu işlərə indidən başlamaq lazımdır. Bundan böyük təbliğat imkanı əlimizə çətin düşsün. Qarşıda böyük işlər dayanır- bu işi təkcə dövlət yox, bütün cəmiyyət həyata keçirməlidir. Fikrimizcə, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində xüsusi şöbə yaradılmalı, QHT-lərin və milli medainın gücündən istifadə olunmaqla kompleks iş aparılmalıdır.

Hər bir halda nümunəvi bir təşkilatçılıq göstərilməli, müasir texnologiyaya dayanan maraqlı bir yarışma keçirilməlidir. Bunun üçün Azərbaycanda bütün imkanlar var. Yeri gəlmişkən, mayın 19-da Prezident İlham Əliyev “Eurovision–2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, müsabiqənin keçirilməsi üçün yüksək rütbəli hökumət üzvləri və tanınmış ictimai xadimlərdən ibarət təşkilat komitəsi yaradılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin olunub.

İnanırıq ki, qısa müddətdə bu Komitə Avropanın və dünyanın ən nüfuzlu mahnı yarışması olan “Eurovision” müsabiqəsini yüksək səviyyədə keçirilməsi üçün mümkün olan hər şeyi edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi