Adətən ölkədə seçkilər yaxınlaşdıqca partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənir. Məsələn, 2015-ci ildəki parlament seçkilərində Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası (ADP) ilə birlikdə seçki bloku yaratmaq məqsədilə danışıqlara başladı. Seçki blokunda yalnız Ümid və ADP təmsil olunacaqdı.
Düzdür, daha sonra Ümid Partiyasının qərargahında "Qarabağ" Blokunun iclası zamanı seçki bloku ilə bağlı hər iki partiya anlaşa bilmədi. Ümid Partiyasının “125-lər” adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin “125-lər” bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək partiyalar seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə etdilər.
Məlum olduğu kimi gələn il ölkədə prezident seçkiləri olacaq. Bu baxımdan seçki blokunun formalaşma ehtimalı yüksəkdir. Maraqlıdır, bu ərəfədə Ümid Partiyası seçki bloku yaratmağı düşünürmü?
Məsələ ilə bağlı Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə Modern.az-a açıqlama verib:
“Hələki seçki bloku yaratmaq barədə bir düşüncəmiz yoxdur. Amma partiyalar bütün təşkilatlarla funksional əməkdaşlığa həmişə açıqdır”.