Modern.az

Azərbaycanlılar niyə həyatdan zövq ala bilmirlər... - SƏBƏBLƏR  

Azərbaycanlılar niyə həyatdan zövq ala bilmirlər... - SƏBƏBLƏR   

Mədəni̇yyət

13 Oktyabr 2017, 12:57

Adətən Avropa ölkələrindəki yaşam tərzini müqayisə edənlər deyirlər ki, azərbaycanlılar həyatdan zövq ala bilmirlər. İstər işdə, istər istirahətdə və ya başqa zamanlarda anımızı yaşamaqdansa, ya problem yaradır ya da bu haqda düşünürük.

Bəs bizi həyatdan zövq almağa qoymayan səbəblər nələrdir?

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a bildirib ki, məsələ ilə bağlı sosial, iqtisadi və  mənəvi faktorları nəzərə almaq lazımdır:

“İlk növbədə ölkəmizdə təəssüf ki, hər kəsin arzu etdiyi, yaxud ailəsini təmin edəcək qədər iş tapmaq olmur və bu, ciddi problemdir. Yəni mövcud əmək haqqı ilə yaşamaq məsələsi çətindir. Hətta işi olanlar da bəzən əlavə nələrləsə məşğul olmağa məcbur olur. Həmin məşğuliyyət də çox zaman doğru seçilmir. Bu da həyatdan zövq almağa ciddi təsir edir.
İkinci tərəfdən Azərbaycanda lazımsız maddi dəyərlər dəbdədir. Məsələn, toylara getmək. Bir ailə quran gəncin aylıq əmək haqqı 300 manat olacaqsa, onu da ayda 3-4 toya çağıracaqlarsa, təbii, ailə büdcəsinə zərbə dəyəcək. Həmçinin, indi dəbdəbəli geyimlərə üstünlüyün verilməsi, bu istiqamətdə özünü başqaları ilə müqayisə etmək, bütün bunlara əlavə pullar xərcləmək də problemdir. 
Bir avropalı toya və ya geyimə bizdəki qədər pul xərcləmir. Halbuki, onun gəliri bizimkilərlə müqayisədə daha stabildir. Bir tərəfdən gəlir aşağıdır, o biri tərəfdən də mənasız şeylərə pul xərcləmək kimi ənənə var.  Nəticə olaraq bu da həyatdan zövq almağa mane olur”.

Sosioloq qeyd edib ki, həyatdan zövq almaq istəyən insanların  daxili aləmi zəngin olmalıdır:

“İnsan özünü xarici aləmin ixtiyarına verəndə həmişə problemlərin içərisində olur. Lakin daxili aləm zəngin olan zaman daha çox rahatlıq tapmaq olur. Bilirsiniz, burada bir boşluq yaranıb. Ona görə də bəzi adamlar daxili aləmini zənginləşdirmək üçün ibadət, dini ayinlər icra edir və bu zaman rahatlıq tapırlar. Bir çoxları dindarların artmasından şikayət edir. Halbuki, bu, insanların özünü xilas etmə yoludur. Həyatda onlara daha mütərəqqi yollar təklif edə bilmədiyimiz üçün, onların bir çoxu bu  üsullarla rahatlıq tapırlar.

Amma çalışmalıyıq ki, cəmiyyətdə elə şərait yaradaq ki, insanlar öz daxili aləminə, mənəvi inkişafına daha çox diqqət versinlər. Məsələn, Sovet dövründə buna fikir verirdirlər.  Yaşlı adamlardan soruşsanız, hər kəsin evində o zaman böyük kitabxana var idi. Yəni  həmin vaxtlar iqtisadi vəziyyət indikindən çətin olsa da, insanlara təhsilə, elmə, mütaliəyə daha çox yer vermələri üçün imkan yaradırdılar. Bunlar da stimullaşdırılmalıdır, özbaşına olmur. Cəmiyyətdə insanların daxili aləminə diqqətlə bağlı ümumi ovqat yaranmalıdır. Bu, fərdi  də ola bilər. Amma həyatdan zövq almama məsələsi cəmiyyətdə olan boşluqdan irəli  gəlir”.

Tanınmış psixoloq Elnur Rüstəmov həyatdan zövq alma məsələsinin fərdi xarakter daşıdığını deyib:

“Bunu ümumiləşdirmək bir az çətindir. Çünki biz həmişə özümüzü Avropa və ya digər  inkişaf etmiş ölkələrlə müqayisə etmişik. Amma bizdən də pis durumda yaşayan ölkələr var. Doğurdanmı digər ölkələrdə insanlar yağ-bal içində yaşayırlar?

Söhbət insan faktorundan gedir. Fərqi yoxdur, hansı millətdəndir və ya harada yaşayır. Rahatlıq , hüzur insanın daxilində olmalıdır.  Bunun maddiyyatla əlaqəsi yoxdur. Bu baxımdan bizim insanların narahat olduğunu, olan bir şeylərdən zövq almaqda çətinlik çəkdiyini demək olar. İnsan əlində olanları dəyərləndirməlidir.  Məsələn, ən azı yaxınlıqda park varsa, övladınla və ya ailənlə birlikdə gəzə bilərsən. Amma bunun üçün də az qala pul istəyənlər olur. Yaxud axşam vaxtı insanları müşahidə etsəniz, hansısa məkanda boş-boş oturanları görə bilərsiniz. Halbuki, onlar həmin vaxtı ailələri ilə keçirə bilərdilər. Ona görə boğazdan yuxarı danışmaq lazım deyil.  Hüzur insanın içində olmalıdır”.

Psixoloq bildirib ki, insanı həyatda tutan bir şeylər olmalıdır:

“Ən azından indi hər kəsdə mobil telefon var. Həmçinin, hazırda kifayət qədər audio və ya  normal kitablar, gözəl filmlər mövcuddur. İnsanlar bunların vasitəsilə özünü inkişaf etdirməlidir. Çünki dünyagörüşü geniş olarsa, bir o qədər hüzur olacaq. İnsanlarımız bu istiqamətdə maariflənməlidir. Hər şey insanın özündən asılıdır. Adam var ki, 10 ildir məhbus həyatı yaşayır, amma içindəki hüzur azadlıqda yaşayan insanın hüzurundan çoxdur. Çünki o adam nə üçün yaşadığını bilir.

İnsan hər anına görə şükür etməli və hər anın qədrini bilməlidir.  Vaxtında oyanmağından asılı olmayaraq əgər səhər qalxırsansa, bundan zövq almalısan. Əgər işin 9-da başlayırsa, 9-un yarısı yox, 7-də oyan. Heç olmasa bu müddətdə gəz, sonra rahat işinə get. Əlbəttə, 9-un yarısı  evdən çıxsan, tıxaca düşərsən və ya nəsə problem yaranar və nəticədə aqressiv, gərgin olarsan. Həyatdan zövq almaq üçün maddiyyat önəmli deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür