Modern.az

Musiqi ilə yaşayan şəxsiyyət - FOTOLAR  

Musiqi ilə yaşayan şəxsiyyət - FOTOLAR   

13 Oktyabr 2017, 13:24

Bu il isti yay günlərində eşitdiyimiz üzücü  bir xəbər qanımızı dondurdu, bizi çox sarsıtdı. Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verdi.  Bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rəşid Camal oğlu Əliyev (Rəşid Şəfəq) avqust ayının 24-də ömrünün 77-ci ilində vəfat etdi.   


Əliyev  Rəşid  Camal  oğlu  13  oktyabr  1940-cı  ildə  Bakı şəhərində  ziyalı  ailəsində  dünyaya  göz  açmışdır. Bəstəkar  özünə  “Şəfəq” təxəllüsü  seçmişdir. O, bu təxəllüsü atası  Camal  müəllimin  anadan  olduğu  kəndin adından  götürmüşdür. 


 Bəstəkarın atası - Camal  Əhməd  oğlu  Əliyev  keçmiş  Yelizavetpol  (sonralar  isə  Gəncə) quberniyasına  daxil  olmuş  Goranboy  mahalının  Şəfəq  kəndində  1902-ci ildə  anadan  olmuşdur.  Camal  müəllim   30-cu  illərdə  Gəncədə  Kənd   Təsərrüfatı  İnstitutunda müəllim  vəzifəsində  işləmişdir. O, Böyük  Vətən  müharibəsindən  əvvəl  təhsil almaq  üçün  Bakıya  gəlmiş  və  burada  ailə  qurmuşdur. Sonralar  Camal  Əliyev  Bakıda  Azərbaycan  Sənaye  və  Azərbaycan  Dövlət  Texniki  İnşaat  İnstitutlarında  müəllimlik  etmiş, 1939-42-ci  illərdə  isə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunda  rektor  vəzifəsində  çalışmışdır.

        
Bəstəkarın  anası – mehriban  və  qayğıkeş  Böyükxanım  İbrahim  qızı Mursaqulova  Borçalı  mahalının  Qızıl  Hacılı  kəndində  1909-cu  ildə  anadan olmuşdur  və  sonralar  Tiflisdə  ibtidai  siniflərdə  dərs  demişdir. Onun  ilk şagirdləri içərisində  dünya  şöhrətli  müğənnimiz  Rəşid  Behbudovun  adını  çəkmək olar.



Rəşid Şəfəq  istedadlı bir bəstəkar olmaqla yanaşı mənim üçün  çox əziz bir insan idi; uşaqlıq illərimin xatirəsini özündə yaşadan, canlı şahidi olan bir şəxs. O , sənətimdə uğurlarıma daim bəstəkarlıq müstəvisindən yanaşıb. Yaxşı xatırlayıram, 1996-cı il idi. 11 yaşım var idi.  Müəllimim, xalq artisti Mobil Əhmədovla Fəvvarələr meydanı ilə addımlayırdıq. Köhnə Müəllimlər evi adlanan binaya gəldik. Pilləkənlərlə qalxarkən çoxlu uşaq səsləri eşidilirdi. Qapını açanda içəridə uşaqların xor şəklində ifa etdiyini gördük. Bizi görcək eynəkli kişi dərsi saxladı. Müəllimim ehtiramla görüşəndən sonra məni onunla tanış etdi və dedi ki, bu, bəstəkar Rəşid Şəfəqdir.  Mobil müəllim Rəşid müəllimlə bəstəkar romanslarını öyrənirdi. Ümumiyyətlə, deyim ki, Mobil müəllimlə Rəşid Şəfəqin birgə çalışdıqları iş prosesi məni valeh edirdi. O vaxtlar düşünürdüm ki, görəsən, mən də nə vaxtsa bu romansları ifa edə biləcəyəm? Bu hadisələri xatırlamaqla onu demək istəyirəm ki, Rəşid Şəfəqi mən uşaqlıq dövrümdən tanıyıram. Hətta, teatrda onun bir neçə uşaq tamaşalarında və “1 saatlıq xəlifə” operettasında baş rolda (Məlik İbn Səid) oynamışam. Gəlin qısaca da olsa  Rəşid müəllimin böyüyüb boya-başa çatdığı mühitə nəzər salaq.

 
Rəşid Şəfəqin ailəsi - Əliyevlər  ailəsi  zəmanəmizin  görkəmli  bəstəkarı, o  vaxtlar  Azərbaycan  Dövlət  Konservatoriyasının  tələbəsi  olan  Fikrət  Məşədi  Cəmil  oğlu Əmirovla  bir  binada (Qoqol  küç. 3) indiki  Mərdanov  qardaşları  küçəsində qapı  bir  qonşuluqda  yaşayırdı. Camal  müəllimin  dörd  övladından  biri – balaca  Rəşid  ailənin  ortancıl  uşağı  idi.  O, kiçik  yaşlarından  musiqi  dinləməyi  və  mahnı  oxumağı  çox  sevirdi. Rəşidin  musiqiyə  böyük  həvəsi olduğunu  görən  Fikrət  Əmirov  valideynlərinə  məsləhət  görür  ki, onu  musiqi  məktəbinə  aparsınlar. Camal  müəllim elə  də  edir. Anası  Böyükxanım  müəllimənin  yaxın  qohumlarından  biri  olan  Cavadbəy  Cuvarlı  balaca  Rəşidin  mahnı  oxumasını  eşidib  demişdir: ”Ay  Camal, bu  uşaq,  deyəsən,  musiqiçi  olacaq…Onu  aparıb  dostuma  göstərim”. Bu  sözlərdən  sonra  o, Rəşidin  əlindən  tutub  vaxtilə  Qori  seminariyasında  birgə  təhsil  aldığı  Azərbaycanın  dahi  bəstəkarı  Üzeyir  Hacıbəylinin  yanına  aparır.  


Üzeyir bəy  balaca  Rəşidə  çox  diqqətlə  baxdı  və  üzünü  Cavadbəyə  tutaraq  soruşdu: ”Ay  Cavad,  bu  uşaq  nəvən  deyil  ki?”  Cavadbəy  balaca  Rəşidin  əlindən  tutaraq  irəli  çəkib, baldızı  oğlu  olduğunu  bildirdi  və  onun  musiqiyə  olan   böyük  həvəs  və  məhəbbətindən  söz  açdı.  Üzeyir bəy  balaca  Rəşiddən  soruşdu:”  Ay  oğlan, hansı  mahnıları  bilirsən ?  Birini  bizim  üçün  oxu, görək!..  


Balaca  Rəşid  bu  sözləri  eşidən  kimi  “Sona  xanım” -  Azərbaycan xalq mahnısını  oxumağa  başladı. Elə  bu  vaxt  Üzeyir  bəylə  Cavadbəy  bir-birinə baxıb, qəh-qəhəylə  gülürlər. Rəşid  tez  oxumağı  saxlayıb, dodaqlarını  büzdü. Gülüşün  səbəbi  ona  məlum  deyildi. Böyüklər  uşağın  incikli  hala düşməsini görüb,  gülməyi  saxladılar. Demə, onlar  balaca Rəşidin  mahnının  sözlərini  təhrif  etdiyinə  görə  və  arabir  özündən  yeni  sözlər  qoşmağına  gülürlərmiş…Əlbəttə,  balaca  Rəşid  o  vaxt  mahnının sözlərini  bilmirdi. Bir  də  ki,  Cavadbəyin həyat yoldaşının  adı  Sona  xanım  idi…


Üzeyir bəy  Rəşidin  könlünü  almaq  üçün  ona  başqa  mahnını  oxumağı təklif  etdi. Onda  balaca  Rəşid    böyük  adaşı  Rəşid  Behbudovun  yenicə  Bakı kinoekranlarına  çıxmış  “Arşın  mal  alan” filmindən  arşınmalçı  “Əsgərin  mahnısı”nı  oxumağa  başladı.


Musiqi  tamamlanan  kimi  Üzeyir bəy  royal  arxasına  keçərək, balaca Rəşidi  yanına  çağırıb, onun  musiqi  yaddaşını  və  ritm   qabiliyyətini  yoxladı. Sonra Rəşidin  başını  tumarlayıb, payızdan  musiqi  məktəbində  oxumağı  məsləhət  gördü. Lakin  həmin  payızda  Rəşid  musiqi  məktəbinə  getmədi, çünki onun  hələ  beş  yaşı  var idi. Buna  baxmayaraq, o,  musiqi  ilə  müntəzəm  məşğul  olurdu. Qonşuları  Fikrət  Əmirov  və  onun  həyat  yoldaşı  Humay  xanım (onun  gözəl  səsi  var  idi)  Rəşidə  müntəzəm  olaraq  nəğmələr  oxutdurar, pianonun  dilləri  ilə  tanış  edərdilər. Çox  keçmir  ki,  balaca Rəşid  kiçik  həcmli fortepiano  miniatürlərini  özü  sərbəst  çalır  və  oxuduğu  mahnıların  melodiyalarını  heç  bir  kömək  olmadan  pianonun  şirmayi  dillərində  axtarıb  tapmağa  başlayır.


Beləliklə, Rəşid  ilk  musiqi  məşğələlərinə  artıq  beş  yaşından  başlayıb və  musiqiyə  olan  sonsuz  məhəbbəti  həyatı  boyu  onu  müşayiət  edib. Rəşid  Şəfəq  öz  xatirələrində  yazırdı: ”Mənim  valideynlərim  musiqini çox  sevirdilər,  onların  qohum  və  dostları  bizə   qonaq  gələndə  evimizdə  həmişə  böyük  canlanma  və  musiqi  səslənərdi. Cavadbəy  Cuvarlı,  məşhur  komik  aktyorlardan   Mustafa Mərdanov, Lütfəli  Abdullayev, gənc  müğənnilərdən  Rəhilə  Cabbarova, Mustafa  Topçuyev  və  başqaları  bizim evə  toplaşardılar. Onların  arasında  Azərbaycan  vokal  sənətinin  parlaq  nümayəndəsi və  banilərindən  biri  Şövkət  Məmmədovanı  xüsusi  qeyd  etmək  istərdim”. Şövkət  xanım  Məmmədova  Hacı  Zeynalabdin  Tağıyevin  təşəbbüsü  və  maddi yardımı  sayəsində  İtaliyada  musiqi  təhsili  almış  ilk  azərbaycanlı  qadın  idi. O, balaca  Rəşidin  anası  Böyükxanım  müəllimənin  yaxın  qohumlarından  biri idi...



Rəşid  Şəfəq  Şövkət  xanımla  sonralar  da  tez-tez  görüşərdi (tələbəlik illərində  və  konservatoriyanı  bitirdikdən  sonra da). Gənc  bəstəkar  çox  vaxt yeni  vokal  əsərlərini  Şövkət  xanıma  göstərər, ondan  dəyərli  məsləhətlər  alardı.


Məlum  olduğu  kimi, Fikrət  Əmirovla  ölməz  müğənnimiz  Rəşid Behbudov  sıx  yaradıcılıq  əlaqələri  saxlayardı. Balaca  Rəşid  öz  böyük  adaşını  yaxın  qonşuları  olan  bəstəkar  F. Əmirovgildə  tez-tez  görmüş  və  onun  gözəl  səsinə  valeh  olmuşdu. 


Beləliklə, Rəşid 1948-ci  ildə  səkkiz  yaşında ikən  Azərbaycan  Dövlət  Konservatoriyasının  nəzdindəki  Orta  İxtisas  Musiqi məktəbinin  violonçel  sinfinə  qəbul  edilir. Kiçik  yaşlı  istedadlı  şagird  ilk  yaradıcılıq  addımlarını  isə  9  yaşından  atmağa  başlayır. Onu  məktəbin  nəzdində təşkil  edilmiş  uşaq  yaradıcılığı  sinfinə  həmin  məktəbin  direktoru, professor  Kökəb  xanım  Səfərəliyeva  gətirir  və  balaca  Rəşid  professor  V.İ.Zeydmanın, sonralar  isə  qayğıkeş  insan, əməkdar  müəllim ,  bəstəkar  Mithət  Əhmədovun  rəhbərliyi  altında  öz  bəstəkarlıq  qabiliyyətini  həvəslə  inkişaf  etdirir. O, artıq  10  yaşında  fortepiano  üçün  prelüdlərin, mahnı, marş, vals və  sair  musiqi  miniatürlərinin  müəllifi  idi. Bundan  başqa  violonçel  sinfində oxuduğundan  həmin  alət  üçün  musiqi  pyesləri  bəstələyir. Onun  ilk  uşaq  nəğmələri  Abdulla  Şaiqin  və  o  vaxt  gənc  şairlər  Rüfət  Əhmədzadə  və  İlyas  Tapdığın  sözlərinə  yazılmışdır. Bu  mahnılar  Bakının  bir  sıra  qəzet  və  jurnallarında  çap  olunur, məktəblilərin  olimpiadalarında,  bayramlarda uşaq  xorlarının  ifasında  səslənirdi. Belə  nəğmələrdən “Pionerlər  mahnısı” (1955), “Ana  yurdum , Azərbaycan!“, “Radio”(1956), “Əməyi  sevirik  biz!”, “Manqa  rəhbəri”(1957), “Bəxtəvər  uşaqlar”, “Aviamodelçilər  marşı”(1958), “Hazır  ol, “May”(1959)  və  s.  misal  gətirmək  olar.


1958-ci  ildə  Orta  İxtisas  Musiqi  məktəbinin  nəzəriyyə-bəstəkarlıq şöbəsini  uğurla  başa  vuran  gənc  Rəşid  müəllimlik  fəaliyyətinə  başlayır.  O,  Bakının  bir  sıra  musiqi  ocaqlarında,  o  cümlədən musiqi  və  orta  ümumtəhsil  məktəblərində,  mədəniyyət  və  məktəblilər  saraylarında  uşaq  xor  studiyaları və  dərnəkləri  təşkil  edir.


Qeyd  etmək  lazımdır  ki, respublikamızda  ilk  uşaq  vokal-xor  və opera  studiyaları,  habelə  bir  çox  maraqlı  klublar  və  dərnəklər  məhz Rəşid  Şəfəqin  təşəbbüsü  ilə  yaradılmışdır. Bəstəkar  həmin  xor  kollektivlərinə şəxsən  özü  rəhbərlik  etmiş, onların  daha  da  inkişaf  etməsi  üçün  heç  vaxt qüvvə  və  bacarığını  əsirgəməmişdir.              


Hələ  1956-cı  ildə  Rəşid  Şəfəq  Bakının  indiki  Xətai  rayonundakı pioner  və  məktəblilər  evində  vokal-xor  studiyası  yaradır. Həmin  kollektiv  onun  əsl  yaradıcılıq “laboratoriyasına”  çevrilir. O illər (1956-1961)  həmin  pioner  və  məktəblilər  evinin  direktoru  Rəşid  Şəfəqin  yaxın  dostu şair  Rüfət  Əhmədzadə  idi. Hər  iki  sənətkarın  sıx  yaradıcılıq  ünsiyyəti səyəsində  bir  sıra  gözəl  və  ecazkar  mahnılar, vokal  silsilələri, Azərbaycanda  ilk  uşaq  kantata  və  oratoriyalar  yaranır. Yuxarıda  adları  çəkilən əsərlər  həmin  qəbildəndir.


Bəstəkarın  yaradıcılığında  konservatoriyada  oxuduğu  illər  mühüm bir  mərhələ  kimi  qeyd olunmalıdır.  Rəşid  Şəfəq  1961-ci  ildə  Üzeyir  Hacıbəyli  adına Azərbaycan Dövlət Konservatoriyasının  bəstəkarlıq  fakültəsinə  daxil  olur.  Konservatoriyada bir  müddət  Azərbaycanın  görkəmli  bəstəkarı, rektor  və  professoru  Cövdət  Hacıyevin  bəstəkarlıq  sinfində  oxuduqdan  sonra  o, böyük  bəstəkarımız Qara  Qarayevin  sinfində  təhsilini  davam etdirir  və  bu  sənətin  incəliklərinə,   professional   bəstəkarlıq  texnikasına  dərindən  yiyələnir. Bununla yanaşı o, Soltan  Hacıbəyovun  sinfində  simfonik  orkestrin  sənət “sirlərini”  yaxından  mənimsəyir.


O, konservatoriyada  oxuduğu illəri  xoş təəssüratlarla  xatırlayır, çünki o illər  ərzində  bir  sıra  maraqlı  və  cəlbedici  əsərlər  bəstələmişdir.  Onların arasında  fortepiano üçün  “Sonata”nı, skripka  ilə  piano  üçün  “Poema”nı, Ömər  Xəyyamın  sözlərinə “3 romans – rübai” ( Bülbülə  ithaf  edilib ), bir  sıra prelüdləri  və  fuqaları, müxtəlif  səpkili  miniatürləri, “a sarella”  xoru  üçün əsərləri  və  s.  misal  göstərmək  olar.       


Gənc  bəstəkar  konservatoriyanı  bitirərkən,  diplom  işi  kimi  böyük simfonik  orkestr  üçün  bəstələnmiş və  Nəriman  Nərimanovun  100 illiyinə həsr olunmuş  “Simfonik  poema”nı  təqdim  edir. Diplom  işi  uğurla müdafiə   olunmuş, Dövlət  Konservatoriyası  və  musiqisevərlər  tərəfindən  yüksək  qiymətləndirilmişdir...

        
“Uşaqlar  üçün  musiqi  yazmaqdan  ötrü ancaq  bəstəkar  olmaq  azdır. Eyni  zamanda  həm  bəstəkar, həm  pedaqoq,  həm  də  tərbiyəçi  olmaq  lazımdır.” Bu  üç  vəzifənin - bəstəkar, pedaqoq  və  tərbiyəçi  ağırlığını  Rəşid  Şəfəq  eyni dərəcədə  ləyaqətlə  daşıdı.  Omum uşaqlar  üçün  müxtəlif  janrlarda  musiqi  əsərləri  yaratmaqla  bərabər,  onların  bədii-estetik  tərbiyəsi  sahəsində  çoxşahəli fəaliyyət  göstərməsi  buna  əyani  sübutdur.


Bəstəkarın  tələbəlik  illərini  eyni  zamanda  müəllimlik  illəri  adlandırsaq, heç  də  yanılmarıq. Çünki  qeyd  etdiyimiz  kimi,  o, Bakının  musiqi  və  ümumtəhsil   məktəblərində  musiqi fənnindən  dərs demiş,  bədii  özfəaliyyət, xor studiyaları  və  kollektivləri  yaratmışdır.

        
Rəşid  Şəfəq  1966-cı  ildə  Bakının  ordenli  190  saylı  ümumtəhsil orta  məktəbində  musiqi  müəllimi  və  bədii  rəhbər  kimi  çalışdığı  zaman  orada  ilk  Məktəbli  Filarmoniyası  yaratmışdır. Həmin  məktəbli  filarmoniyasına unudulmaz  bəstəkar, bütün  dünyada  məşhurlaşan  “Cücələrim”  mahnısının müəllifi  Qənbər  Hüseynlinin  adı  verilmişdir.


Respublikamızda  ilk  yaranan Məktəbli  Filarmoniyasının  fəaliyyəti geniş  və  maraqlı  bir  səlnamə  təşkil  edir. Həmin  illər  190  saylı  məktəbdə  təhsil  alan  qabiliyyətli  məktəblilər  xalq  çalğı  alətləri  orkestrinə  cəlb  edilmişdir. Onların  hamısı  bütün  əsərləri  notla  çalırdı. Bu  kollektivə  sanballı  mütəxəssis, görkəmli  tarzən  və  pedaqoq  Mirzə  Mansurun  tələbəsi  Nadir  Əhmədov  rəhbərlik  edirdi.  Onlar  məktəbin  bütün  tədbir  və  görüşlərində  müntəzəm  olaraq  çıxış  edir,  maraqlı  və  rəngarəng  repertuar,  o  cümlədən  Qərbi  Avropa, rus  və  dünya  musiqisinin  ən  gözəl  nümunələrini  səsləndirirdilər.


Qeyd etdiyim kimi, Rəşid Şəfəqin yaradıcılığında uşaq musiqisi üstünlük təşkil edib. Hər zaman dövlətinə, onun musiqisinə yeni-yeni töhvələr verib.  Rəşid Şəfəq ömrünün sonunadək  Azərbaycan Televiziyasının Səsyazma evində  çalışdı. Fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif tele-operalara, uşaq teletamaşalarına, “Bənövşə” uşaq xoruna silsilə əsərlər yazdı.


Mərhum sənətkarımız Şövkət Ələkbərova onun bir neçə əsərlərini lentə alarkən deyirdi:  ”Rəşidin musiqisi zəngin köklərə söykənir.”  


Biz onunla bir neçə mahnılar üzərində çalışmışıq. Lakin mənim könlümə yatan və həmişə sevə-sevə oxuduğum “nə gözəlsən, ey Vətən” mahnısıdır. Sevindirici haldır ki, bəstəkarın yaradıcılığına  bu gün də gənc solistlər müraciət edirlər. Mən böyük əminliklə deyə bilərəm ki, Rəşid Şəfəqin yazıb-yaratdığı əsərlər və zəngin mənəvi irsi bundan sonra da gələcək nəsillərə bir töhvə  olacaqdır.


Allah rəhmət eləsin!


Hörmət və ehtiramla Ramil Qasımov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi