Bu il isti yay günlərində eşitdiyimiz üzücü bir xəbər qanımızı dondurdu, bizi çox sarsıtdı. Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verdi. Bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rəşid Camal oğlu Əliyev (Rəşid Şəfəq) avqust ayının 24-də ömrünün 77-ci ilində vəfat etdi.
Əliyev Rəşid Camal oğlu 13 oktyabr 1940-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Bəstəkar özünə “Şəfəq” təxəllüsü seçmişdir. O, bu təxəllüsü atası Camal müəllimin anadan olduğu kəndin adından götürmüşdür.
Bəstəkarın atası - Camal Əhməd oğlu Əliyev keçmiş Yelizavetpol (sonralar isə Gəncə) quberniyasına daxil olmuş Goranboy mahalının Şəfəq kəndində 1902-ci ildə anadan olmuşdur. Camal müəllim 30-cu illərdə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda müəllim vəzifəsində işləmişdir. O, Böyük Vətən müharibəsindən əvvəl təhsil almaq üçün Bakıya gəlmiş və burada ailə qurmuşdur. Sonralar Camal Əliyev Bakıda Azərbaycan Sənaye və Azərbaycan Dövlət Texniki İnşaat İnstitutlarında müəllimlik etmiş, 1939-42-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rektor vəzifəsində çalışmışdır.
Bəstəkarın anası – mehriban və qayğıkeş Böyükxanım İbrahim qızı Mursaqulova Borçalı mahalının Qızıl Hacılı kəndində 1909-cu ildə anadan olmuşdur və sonralar Tiflisdə ibtidai siniflərdə dərs demişdir. Onun ilk şagirdləri içərisində dünya şöhrətli müğənnimiz Rəşid Behbudovun adını çəkmək olar.
Rəşid Şəfəq istedadlı bir bəstəkar olmaqla yanaşı mənim üçün çox əziz bir insan idi; uşaqlıq illərimin xatirəsini özündə yaşadan, canlı şahidi olan bir şəxs. O , sənətimdə uğurlarıma daim bəstəkarlıq müstəvisindən yanaşıb. Yaxşı xatırlayıram, 1996-cı il idi. 11 yaşım var idi. Müəllimim, xalq artisti Mobil Əhmədovla Fəvvarələr meydanı ilə addımlayırdıq. Köhnə Müəllimlər evi adlanan binaya gəldik. Pilləkənlərlə qalxarkən çoxlu uşaq səsləri eşidilirdi. Qapını açanda içəridə uşaqların xor şəklində ifa etdiyini gördük. Bizi görcək eynəkli kişi dərsi saxladı. Müəllimim ehtiramla görüşəndən sonra məni onunla tanış etdi və dedi ki, bu, bəstəkar Rəşid Şəfəqdir. Mobil müəllim Rəşid müəllimlə bəstəkar romanslarını öyrənirdi. Ümumiyyətlə, deyim ki, Mobil müəllimlə Rəşid Şəfəqin birgə çalışdıqları iş prosesi məni valeh edirdi. O vaxtlar düşünürdüm ki, görəsən, mən də nə vaxtsa bu romansları ifa edə biləcəyəm? Bu hadisələri xatırlamaqla onu demək istəyirəm ki, Rəşid Şəfəqi mən uşaqlıq dövrümdən tanıyıram. Hətta, teatrda onun bir neçə uşaq tamaşalarında və “1 saatlıq xəlifə” operettasında baş rolda (Məlik İbn Səid) oynamışam. Gəlin qısaca da olsa Rəşid müəllimin böyüyüb boya-başa çatdığı mühitə nəzər salaq.
Rəşid Şəfəqin ailəsi - Əliyevlər ailəsi zəmanəmizin görkəmli bəstəkarı, o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olan Fikrət Məşədi Cəmil oğlu Əmirovla bir binada (Qoqol küç. 3) indiki Mərdanov qardaşları küçəsində qapı bir qonşuluqda yaşayırdı. Camal müəllimin dörd övladından biri – balaca Rəşid ailənin ortancıl uşağı idi. O, kiçik yaşlarından musiqi dinləməyi və mahnı oxumağı çox sevirdi. Rəşidin musiqiyə böyük həvəsi olduğunu görən Fikrət Əmirov valideynlərinə məsləhət görür ki, onu musiqi məktəbinə aparsınlar. Camal müəllim elə də edir. Anası Böyükxanım müəllimənin yaxın qohumlarından biri olan Cavadbəy Cuvarlı balaca Rəşidin mahnı oxumasını eşidib demişdir: ”Ay Camal, bu uşaq, deyəsən, musiqiçi olacaq…Onu aparıb dostuma göstərim”. Bu sözlərdən sonra o, Rəşidin əlindən tutub vaxtilə Qori seminariyasında birgə təhsil aldığı Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin yanına aparır.
Üzeyir bəy balaca Rəşidə çox diqqətlə baxdı və üzünü Cavadbəyə tutaraq soruşdu: ”Ay Cavad, bu uşaq nəvən deyil ki?” Cavadbəy balaca Rəşidin əlindən tutaraq irəli çəkib, baldızı oğlu olduğunu bildirdi və onun musiqiyə olan böyük həvəs və məhəbbətindən söz açdı. Üzeyir bəy balaca Rəşiddən soruşdu:” Ay oğlan, hansı mahnıları bilirsən ? Birini bizim üçün oxu, görək!..
Balaca Rəşid bu sözləri eşidən kimi “Sona xanım” - Azərbaycan xalq mahnısını oxumağa başladı. Elə bu vaxt Üzeyir bəylə Cavadbəy bir-birinə baxıb, qəh-qəhəylə gülürlər. Rəşid tez oxumağı saxlayıb, dodaqlarını büzdü. Gülüşün səbəbi ona məlum deyildi. Böyüklər uşağın incikli hala düşməsini görüb, gülməyi saxladılar. Demə, onlar balaca Rəşidin mahnının sözlərini təhrif etdiyinə görə və arabir özündən yeni sözlər qoşmağına gülürlərmiş…Əlbəttə, balaca Rəşid o vaxt mahnının sözlərini bilmirdi. Bir də ki, Cavadbəyin həyat yoldaşının adı Sona xanım idi…
Üzeyir bəy Rəşidin könlünü almaq üçün ona başqa mahnını oxumağı təklif etdi. Onda balaca Rəşid böyük adaşı Rəşid Behbudovun yenicə Bakı kinoekranlarına çıxmış “Arşın mal alan” filmindən arşınmalçı “Əsgərin mahnısı”nı oxumağa başladı.
Musiqi tamamlanan kimi Üzeyir bəy royal arxasına keçərək, balaca Rəşidi yanına çağırıb, onun musiqi yaddaşını və ritm qabiliyyətini yoxladı. Sonra Rəşidin başını tumarlayıb, payızdan musiqi məktəbində oxumağı məsləhət gördü. Lakin həmin payızda Rəşid musiqi məktəbinə getmədi, çünki onun hələ beş yaşı var idi. Buna baxmayaraq, o, musiqi ilə müntəzəm məşğul olurdu. Qonşuları Fikrət Əmirov və onun həyat yoldaşı Humay xanım (onun gözəl səsi var idi) Rəşidə müntəzəm olaraq nəğmələr oxutdurar, pianonun dilləri ilə tanış edərdilər. Çox keçmir ki, balaca Rəşid kiçik həcmli fortepiano miniatürlərini özü sərbəst çalır və oxuduğu mahnıların melodiyalarını heç bir kömək olmadan pianonun şirmayi dillərində axtarıb tapmağa başlayır.
Beləliklə, Rəşid ilk musiqi məşğələlərinə artıq beş yaşından başlayıb və musiqiyə olan sonsuz məhəbbəti həyatı boyu onu müşayiət edib. Rəşid Şəfəq öz xatirələrində yazırdı: ”Mənim valideynlərim musiqini çox sevirdilər, onların qohum və dostları bizə qonaq gələndə evimizdə həmişə böyük canlanma və musiqi səslənərdi. Cavadbəy Cuvarlı, məşhur komik aktyorlardan Mustafa Mərdanov, Lütfəli Abdullayev, gənc müğənnilərdən Rəhilə Cabbarova, Mustafa Topçuyev və başqaları bizim evə toplaşardılar. Onların arasında Azərbaycan vokal sənətinin parlaq nümayəndəsi və banilərindən biri Şövkət Məmmədovanı xüsusi qeyd etmək istərdim”. Şövkət xanım Məmmədova Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maddi yardımı sayəsində İtaliyada musiqi təhsili almış ilk azərbaycanlı qadın idi. O, balaca Rəşidin anası Böyükxanım müəllimənin yaxın qohumlarından biri idi...
Rəşid Şəfəq Şövkət xanımla sonralar da tez-tez görüşərdi (tələbəlik illərində və konservatoriyanı bitirdikdən sonra da). Gənc bəstəkar çox vaxt yeni vokal əsərlərini Şövkət xanıma göstərər, ondan dəyərli məsləhətlər alardı.
Məlum olduğu kimi, Fikrət Əmirovla ölməz müğənnimiz Rəşid Behbudov sıx yaradıcılıq əlaqələri saxlayardı. Balaca Rəşid öz böyük adaşını yaxın qonşuları olan bəstəkar F. Əmirovgildə tez-tez görmüş və onun gözəl səsinə valeh olmuşdu.
Beləliklə, Rəşid 1948-ci ildə səkkiz yaşında ikən Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Orta İxtisas Musiqi məktəbinin violonçel sinfinə qəbul edilir. Kiçik yaşlı istedadlı şagird ilk yaradıcılıq addımlarını isə 9 yaşından atmağa başlayır. Onu məktəbin nəzdində təşkil edilmiş uşaq yaradıcılığı sinfinə həmin məktəbin direktoru, professor Kökəb xanım Səfərəliyeva gətirir və balaca Rəşid professor V.İ.Zeydmanın, sonralar isə qayğıkeş insan, əməkdar müəllim , bəstəkar Mithət Əhmədovun rəhbərliyi altında öz bəstəkarlıq qabiliyyətini həvəslə inkişaf etdirir. O, artıq 10 yaşında fortepiano üçün prelüdlərin, mahnı, marş, vals və sair musiqi miniatürlərinin müəllifi idi. Bundan başqa violonçel sinfində oxuduğundan həmin alət üçün musiqi pyesləri bəstələyir. Onun ilk uşaq nəğmələri Abdulla Şaiqin və o vaxt gənc şairlər Rüfət Əhmədzadə və İlyas Tapdığın sözlərinə yazılmışdır. Bu mahnılar Bakının bir sıra qəzet və jurnallarında çap olunur, məktəblilərin olimpiadalarında, bayramlarda uşaq xorlarının ifasında səslənirdi. Belə nəğmələrdən “Pionerlər mahnısı” (1955), “Ana yurdum , Azərbaycan!“, “Radio”(1956), “Əməyi sevirik biz!”, “Manqa rəhbəri”(1957), “Bəxtəvər uşaqlar”, “Aviamodelçilər marşı”(1958), “Hazır ol, “May”(1959) və s. misal gətirmək olar.
1958-ci ildə Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə-bəstəkarlıq şöbəsini uğurla başa vuran gənc Rəşid müəllimlik fəaliyyətinə başlayır. O, Bakının bir sıra musiqi ocaqlarında, o cümlədən musiqi və orta ümumtəhsil məktəblərində, mədəniyyət və məktəblilər saraylarında uşaq xor studiyaları və dərnəkləri təşkil edir.
Qeyd etmək lazımdır ki, respublikamızda ilk uşaq vokal-xor və opera studiyaları, habelə bir çox maraqlı klublar və dərnəklər məhz Rəşid Şəfəqin təşəbbüsü ilə yaradılmışdır. Bəstəkar həmin xor kollektivlərinə şəxsən özü rəhbərlik etmiş, onların daha da inkişaf etməsi üçün heç vaxt qüvvə və bacarığını əsirgəməmişdir.
Hələ 1956-cı ildə Rəşid Şəfəq Bakının indiki Xətai rayonundakı pioner və məktəblilər evində vokal-xor studiyası yaradır. Həmin kollektiv onun əsl yaradıcılıq “laboratoriyasına” çevrilir. O illər (1956-1961) həmin pioner və məktəblilər evinin direktoru Rəşid Şəfəqin yaxın dostu şair Rüfət Əhmədzadə idi. Hər iki sənətkarın sıx yaradıcılıq ünsiyyəti səyəsində bir sıra gözəl və ecazkar mahnılar, vokal silsilələri, Azərbaycanda ilk uşaq kantata və oratoriyalar yaranır. Yuxarıda adları çəkilən əsərlər həmin qəbildəndir.
Bəstəkarın yaradıcılığında konservatoriyada oxuduğu illər mühüm bir mərhələ kimi qeyd olunmalıdır. Rəşid Şəfəq 1961-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur. Konservatoriyada bir müddət Azərbaycanın görkəmli bəstəkarı, rektor və professoru Cövdət Hacıyevin bəstəkarlıq sinfində oxuduqdan sonra o, böyük bəstəkarımız Qara Qarayevin sinfində təhsilini davam etdirir və bu sənətin incəliklərinə, professional bəstəkarlıq texnikasına dərindən yiyələnir. Bununla yanaşı o, Soltan Hacıbəyovun sinfində simfonik orkestrin sənət “sirlərini” yaxından mənimsəyir.
O, konservatoriyada oxuduğu illəri xoş təəssüratlarla xatırlayır, çünki o illər ərzində bir sıra maraqlı və cəlbedici əsərlər bəstələmişdir. Onların arasında fortepiano üçün “Sonata”nı, skripka ilə piano üçün “Poema”nı, Ömər Xəyyamın sözlərinə “3 romans – rübai” ( Bülbülə ithaf edilib ), bir sıra prelüdləri və fuqaları, müxtəlif səpkili miniatürləri, “a sarella” xoru üçün əsərləri və s. misal göstərmək olar.
Gənc bəstəkar konservatoriyanı bitirərkən, diplom işi kimi böyük simfonik orkestr üçün bəstələnmiş və Nəriman Nərimanovun 100 illiyinə həsr olunmuş “Simfonik poema”nı təqdim edir. Diplom işi uğurla müdafiə olunmuş, Dövlət Konservatoriyası və musiqisevərlər tərəfindən yüksək qiymətləndirilmişdir...
“Uşaqlar üçün musiqi yazmaqdan ötrü ancaq bəstəkar olmaq azdır. Eyni zamanda həm bəstəkar, həm pedaqoq, həm də tərbiyəçi olmaq lazımdır.” Bu üç vəzifənin - bəstəkar, pedaqoq və tərbiyəçi ağırlığını Rəşid Şəfəq eyni dərəcədə ləyaqətlə daşıdı. Omum uşaqlar üçün müxtəlif janrlarda musiqi əsərləri yaratmaqla bərabər, onların bədii-estetik tərbiyəsi sahəsində çoxşahəli fəaliyyət göstərməsi buna əyani sübutdur.
Bəstəkarın tələbəlik illərini eyni zamanda müəllimlik illəri adlandırsaq, heç də yanılmarıq. Çünki qeyd etdiyimiz kimi, o, Bakının musiqi və ümumtəhsil məktəblərində musiqi fənnindən dərs demiş, bədii özfəaliyyət, xor studiyaları və kollektivləri yaratmışdır.
Rəşid Şəfəq 1966-cı ildə Bakının ordenli 190 saylı ümumtəhsil orta məktəbində musiqi müəllimi və bədii rəhbər kimi çalışdığı zaman orada ilk Məktəbli Filarmoniyası yaratmışdır. Həmin məktəbli filarmoniyasına unudulmaz bəstəkar, bütün dünyada məşhurlaşan “Cücələrim” mahnısının müəllifi Qənbər Hüseynlinin adı verilmişdir.
Respublikamızda ilk yaranan Məktəbli Filarmoniyasının fəaliyyəti geniş və maraqlı bir səlnamə təşkil edir. Həmin illər 190 saylı məktəbdə təhsil alan qabiliyyətli məktəblilər xalq çalğı alətləri orkestrinə cəlb edilmişdir. Onların hamısı bütün əsərləri notla çalırdı. Bu kollektivə sanballı mütəxəssis, görkəmli tarzən və pedaqoq Mirzə Mansurun tələbəsi Nadir Əhmədov rəhbərlik edirdi. Onlar məktəbin bütün tədbir və görüşlərində müntəzəm olaraq çıxış edir, maraqlı və rəngarəng repertuar, o cümlədən Qərbi Avropa, rus və dünya musiqisinin ən gözəl nümunələrini səsləndirirdilər.
Qeyd etdiyim kimi, Rəşid Şəfəqin yaradıcılığında uşaq musiqisi üstünlük təşkil edib. Hər zaman dövlətinə, onun musiqisinə yeni-yeni töhvələr verib. Rəşid Şəfəq ömrünün sonunadək Azərbaycan Televiziyasının Səsyazma evində çalışdı. Fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif tele-operalara, uşaq teletamaşalarına, “Bənövşə” uşaq xoruna silsilə əsərlər yazdı.
Mərhum sənətkarımız Şövkət Ələkbərova onun bir neçə əsərlərini lentə alarkən deyirdi: ”Rəşidin musiqisi zəngin köklərə söykənir.”
Biz onunla bir neçə mahnılar üzərində çalışmışıq. Lakin mənim könlümə yatan və həmişə sevə-sevə oxuduğum “nə gözəlsən, ey Vətən” mahnısıdır. Sevindirici haldır ki, bəstəkarın yaradıcılığına bu gün də gənc solistlər müraciət edirlər. Mən böyük əminliklə deyə bilərəm ki, Rəşid Şəfəqin yazıb-yaratdığı əsərlər və zəngin mənəvi irsi bundan sonra da gələcək nəsillərə bir töhvə olacaqdır.
Allah rəhmət eləsin!
Hörmət və ehtiramla Ramil Qasımov