Modern.az

Bakı Mühəndislik Universiteti qız və oğlan tələbələrinə ayrıca yataqxana verib - FOTOLAR

Bakı Mühəndislik Universiteti qız və oğlan tələbələrinə ayrıca yataqxana verib - FOTOLAR

Aktual

13 Oktyabr 2017, 14:32

Hazırda bir sıra ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə bilir. Vaxtı ilə keçmiş Qafqaz Universitetinin də bu cür yataqxanası var idi. Məlumdur ki, ötən ilin sonlarında ləğv olunan universitetin yerində artıq Bakı Mühəndislik Universiteti fəaliyyət göstərir.

Bu baxımdan maraqlıdır, kifayət qədər böyük olan və  tələbələr üçün yaxşı şərait təmin edə bilən yataqxana hazırda da mövcuddurmu?

 

Məsələ ilə bağlı Bakı Mühəndislik Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza Modern.az-a açıqlama verib:

 

“Bildiyiniz kimi Qafqaz Universiteti ləğv olunandan sonra prezidentimizin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində dövlət statuslu Bakı Mühəndislik Universiteti yarandı. Qafqaz Universitetinin bütün əmlakı Bakı Mühəndislik Universitetinə aiddir. Həmin  yataqxana da eynilə universitetə məxsusdur və hələ də fəaliyyət göstərir. 

 

Yəni Qafqaz Universitetində qız və oğlan yataqxanaları necə idisə, indi də elədir.  Təbii, ehtiyacı olanlar, rayondan gələnlər müəyyən məbləğ ödəməklə yataqxana ilə təmin edilir. Qeyd edim ki, yataqxanada yalnız Bakı Mühəndislik Universitetinin tələbələri yaşaya bilərlər. Hazırda qız və oğlan yataqxanaları ayrı-ayrı mövcuddur və 126 oğlan, 120 qız var”.

 

R.Rza qeyd edib ki, yataqxana müdiriyyəti 7 gün 24 saat fasiləsiz xidmət edir:

 

“Yataqxanada tələbələrin akademik və sosial tərəflərinin inkişafını təmin etmək məqsədilə oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı, istirahət otaqları, bufet , idman kompleksi, internet salonu və camaşırxana var.

Bunlardan başqa  vizual  fəaliyyətlərin edilə bildiyi və xüsusilə xarici dil təhsilinin inkişaf etdirilməsinə kömək məqsədilə sinevizyon salonları  mövcuddur.

 

Tələbələrimizin həyat keyfiyyətlərini yüksəltməyi qarşısına məqsəd qoyan yataqxana müdiriyyəti 7 gün 24 saat fasiləsiz xidmət edir. Yataqxana idarəçiləri imkanlar daxilində tələbələrimizin yataqxana həyatına  uyğunlaşmasını təmin etmək və problemlərinin həlli üçün onlara lazım olan dəstəklərini  və məsləhətlərini əsirgəmirlər”.

 

Müsahibimiz həmçinin qeyd edib ki, keçmiş Qafqaz Universitetində  təhsil alan türk tələbələr də hazırda tədrisini davam etdirirlər:

 

“Hazırda türk tələbələr tədrisini davam etdirir, heç bir problem yoxdur. Vaxtilə fəaliyyət göstərən türk müəllimlər artıq Bakı Mühəndislik Universitetində fəaliyyət göstərmir. Buna baxmayaraq universitetdəki azərbaycanlı müəllimlər hələ də işini icra edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir