Modern.az

Deputatlar telekanallara çox baxırlar, yoxsa xəbər saytlarına?  

Deputatlar telekanallara çox baxırlar, yoxsa xəbər saytlarına?   

13 Oktyabr 2017, 16:21

Televiziya həyatımızın ayrılmaz hisəsidir. Kimi gündəlik informasiyalardan xəbər tutmaq, kimi sevimli serialını izləmək, kimi də idman proqramlarına baxmaq üçün hansısa telekanala baxmağa məcbur olur.

Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub. Bu gün yerli telekanallarda çeşidli proqamlar, filmlər, şoular, maqazin verilişləri yayımlanır. Onların arasında böyük tamaşaçı auditoriyası toplaya bilənlər də var, toplamayanlar da.

Maraqlıdır, deputatların diqqətini Azərbaycan teleməkanında hansı verilişlər çəkir? Onlar xəbərləri hardan izləyirlər, seriallara baxırlarmı?

Modern.az saytı bu suallarla bir neçə deputata müraciət edib.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, yerli kanallarda ancaq xəbərlər proqramını izləyir.

“Çalışıram ki, xəbərlər proqramının birini də buraxmayım. Çünki mənim işim bunu tələb edir. Azərbaycan televiziyalarında efirə yayımlanan seriallara baxmıram. Türk seriallarına baxıram.  Onlar da “Diriliş Ərtoğrul” və “Paytaxt Əbdül Həmid”dir. O ekran işi ki, tarixi hadisədən bəhs edir, ictimai-siyasi əhəmiyyəti var, ona baxıram. Amma qalanlarına baxmağa vaxtım və həvəsim yoxdur”.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə seriallara baxmadığını bildirib.

“Kiminsə marağı varsa baxır. Amma mən seriallara baxmıram. Yerli televiziyalara isə çox yox, ara-sıra baxıram. Daha çox vaxtımı internet üzərindən informasiya almağa ayırıram”.

Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov yerli kanalların bəzilərini izlədiyini deyib.

 “Televizyalarda əsasən xəbərlər, analitik proqramlara, sənədli filmlərə baxıram.  İnternet mediası inkişaf etdiyindən daha çox informasiyanı xəbər portallarından, saytlardan, informasiya agentliklərindən alıram. Serialları isə izləmirəm”.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, yerli televiziyalarda ancaq xəbərlər proqramına baxır.

“Başqa baxmağa bir şey olmadığına görə, ancaq xəbərləri, sənədli filmləri izləyirəm. Seriallara baxmaqla aram yoxdur. Ona görə də izləmirəm. Həm də onları izləməyə vaxtım yoxdur. Digər informasiyaları isə saytlardan, xəbər agentliklərindən alıram”.

  

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, Azərbaycanda fəaliyyət göstərən bütün televiziya kanallarını izləyir.

“Orada yayımlanan analitik və siyasi proqramları, sənədli filmləri, xəbərləri izləyirəm. İnformasiyanı belə verilişlərdən alıram. Seriallara baxmaqla isə aram yoxdur. Bura istər yerli, istərsə də xarici seriallar daxildir. Demirəm ki, baxmıram. Ancaq seriala baxmaq həvəskarı deyiləm. Konkret filmlərə baxıram. Elə seriallar var ki, 150, 300 seriadır. Heç bilmirsən ki, haradan başlayır, harada qutarır. Belə seriallar isə mənim üçün maraq kəsb etmir. Baxdıqlarım, izlədiklərim olur. Amma müntənzəm olaraq baxmıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir