Modern.az

Tahir Salahovun “ikinci baharı” - FOTOLAR  

Tahir Salahovun “ikinci baharı” - FOTOLAR   

Reportaj

16 Oktyabr 2017, 08:56

Gərək ki, bunu Anadolu türkləri deyirlər: “Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Bu baxımdan ikinci bahar yeni bir şansdır və o böyük bir xoşbəxtliyə çevrilə bilər”. 

Bəli, müşahidələr də göstərir ki, “ikinci bahar” adlandırılan ikinci evlilik bir sıra hallarda insana böyük xoşbəxtlik nəsib edir.

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda “ikinci bahar” yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və istəklə həyata bağlanır...

Modern.az saytının “İkinci bahar” rubrikasında ictimai, siyasi, mədəni, idman və digər sahələrdə tanınmış simaların birinci və ikinci evliliyindən söhbət açılır. Ən çox da ikincidən...

Beləliklə, çoxdandır ara verdiyimiz rubrikamızın budəfəki təqdimatı dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahov barəsindədir. O Tahir Salahov ki, gələn ilin noyabrında 90 illik yubileyini qeyd edəcək

Onun adı qarşısında bir sıra titullar qeyd edilir... Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı...

Böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Mahir fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə birgə, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. “Ölməzlər Akademiyası” adlanan Fransa Zərif Sənətlər Akademiyasına keçmiş SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də Tahir Salahovdur.


“Xalq düşməni”nin – “terrorçu”nun oğlu

Tahir Salahov 1928–ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

1937-ci ildə Tahirin atası Teymur müəllim Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilib. Bu onun sonuncu iş yeri olub. 1937-ci il sentyabrın 29-da Teymur Salahovu həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatın üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb xalq düşməni damğası vurublar, doqquz aydan sonra isə güllələyiblər.

“Protokolda yazılmışdı ki, istintaq zamanı atam özünü günahkar hesab etməyib etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi”,-deyə çox sonralar Tahir Salahov atası haqqında danışarkən demişdi...

Atası güllələndə Tahirin cəmi 9 yaşı vardı... Və o, doyunca ata qayğısı görə bilmədi... O, bu itkidən nə qədər sarsılsa da, öz yolunda irəliləməkdən dayanmadı.

Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdı. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı, körpə Leylanın isə cəmi 2 ayı var idi...

“Anam bizi – 5 uşağı təkbaşına çətinliklə böyütdü. İyirmi il ərzində bizim evə heç bir kəs gəlmədi, təbii ki, hamı “xalq düşməni”nin ailəsinə baş çəkməkdən qorxurdu. Heç kim bizə əl uzatmağa cürət etmirdi. Biz, uşaqlar təcrid olunmuş şəraitdə böyüyürdük...

...Yadımdadır, atam tutulmazdan öncələr gümüş mürəkkəbqabının altına bir rubl  qoyub deyirdi: "Hə, bu gün Çapayevi kim yaxşı çəkəcək?". O, yatırdı, biz isə çalışırdıq. Bəlkə də bu kiçik müsabiqələr bizi rəssam etdi...”.

Ailə çox ağır günlər keçirirdi... Ətrafdakılardan hər addımda “xalq düşməninin ailəsi” kimi  tənələr görən Salahovların vəziyyəti gerçəkdən çətin idi. 1942-ci ildə beş uşaq anası Sona xanım “Bakı fəhləsi” zavoduna işə düzəldi.. Amma iki il sonra xəstələnərək işləyə bilmədiyindən zavoddan çıxdı. Daha sonra Dağüstü parkda təmizlik baxıcısı işinə düzəldi.

“Xalq düşməni” kimi güllələnmiş Teymur Salahova yalnız 1956-ci ildə ona qarşı ittihamın "cinayət tərkibi olmadığına" görə bəraət verildi.



Böyük şöhrətə gedən çətin yol - “İncəsənətin səlahiyyətli səfiri"

Həyatının erkəm çağında çətin sınaqlarlarla ilə üz-üzə qalan, ata qayğısından məhrum olan Tahir Salahov bütün bunlara rəğmən rəssamlıq yolunda durmadan irəliləməyi bacardı. Və bu bacarıq onu böyük şöhrətə qovuşdurdu.

1950-ci ildə Tahir Salahov Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini bitirdi, amma "xalq düşməninin oğlu" olmağı ona Sankt-Peterburqadakı instituta daxil olmağa ciddi maneçilik törətdi.
Bakıdakı müəllimlərinin tövsiyəsilə o, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna daxil ola bildi. Orda oxuduğu 1951-57-ci illər ərzində atasının bəraəti üçün də çalışır, lazımı sənədlər toplayır, müxtəlif orqanlara müraciət edirdi.

Nəhayət uzun mücadilələrdən sonra, 1956-cı ildə Tahirin atası Teymur Salahova bəraət verildi. Və Salahovlar ailəsi rahat nəfəs aldı. 


Tahir isə 1957-ci ildə institutu rəssam-nəqqaş peşəsi üzrə bitirdi.

Tahir Salahovun özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub.

1964-ci ildə o, artıq Kommunist Partiyasının üzvü idi. Tahir Salahov 1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışdı.

Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib. Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı olub.
1973–cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.

Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutunda, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

1997–ci ildə Rusiya İncəsənət Akademiyasının vitse–prezidenti seçilib. Elə buna görə də, çox zaman onu "İncəsənətin səlahiyyətli səfiri" də adlandırırlar.

Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahov hazırda Moskvada yaşayır.

"Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" əsərləri, Heydər Əliyevin, Mstislav Rostropoviçin, Dmitri Şostakoviçin, Rəsul Rzanın, Fikrət Əmirovun portretləri, "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb və Tahir Salahovu məşhurlaşdırıb…

Görkəmli rəssam bir-birindən fərqli mövzulara müraciət edib, o fərqliliyi fırçaya alması ilə isə tamaşaçının qəlbinə həlim bir yol tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim edib.


Birinci evlilik və 3 qız...


Tahir Salahov iki dəfə rəsmi nikaha girib. Onun ilk həyat yoldaşı rəssam Vansetta Qarayaqubova olub. Vansetta xanım tanınmış özbəkistanlı rəqqasə Tamara Petrosyanın qızıdır.
Daha çox səhnə adı ilə Tamara Xanım kimi tanınan rəqqasə 1906-cı il martın 16-da Özbəkistanın Fərqanə şəhərində anadan olub. Onun valideynlərinin Fərqanəyə köçənə qədər Bakıda yaşadıqları, əslən isə Dağlıq Qarabağdan olduğu məlumdur.
Tamara Xanımın ilk həyat yoldaşı Özbəkistan musiqi teatrının yaradıcısı, müğənni (bariton) və Özbəkistanın Xalq artisti Mühiddin Qarayaqubov  olub.

Tahir Salahovun gələcək həyat yoldaşı Vansetta xanım 1927-ci il sentyabrın 11-də bu nikahdan -Tamara Xanım və Mühiddin Qarayaqubovun evliliyindən doğulub.

Vansettanın adı həmin il İtaliyada faşistlər tərəfindən edam olunan inqilabçı Bartalameo Vansettinin şərəfinə qoyulmuşdu.

Sonradan Vansettanın valideynləri - Tamara Xanım və Mühiddin Qarayaqubov boşanma qərarına gəlir və onlar ayrılırlar.

Vansetta Qarayaqubova da daha çox anasının səhnə adına görə Vansetta Xanım kimi tanınıb. O, Moskva Rəssamlıq İnstitutunun teatr rəssamlığı ixtisasını bitirib.

Vansetta Xanım və Tahir Salahov 1947-ci ildə ailə həyatı qururlar və cütlük toydan sonra Bakıya köçür. Vansetta Xanım Bakıda rəssam kimi filmlər üçün kostyumlar hazırlamqla məşğul olurdu. Eyni zamanda Azərbaycan Filarmoniyasının sifarişilə geyim eskizləri hazırlayırdı.
Vansetta Xanım daha çox natümort üslublu rəsm əsərləri ilə populyarlıq qazanmışdı.


Vansetta Xanımla Tahir Salahovun bu nikahından Lara Salahova (1949), Alagöz Salahova (1953) və Aydan Salahova (1964) adlı 3 qız övladı dünyaya gəlib.

Lakin Vansetta Xanım və Tahir Salahovun evliliyi uzun sürmədi və cütlük arasında münasibətlər pozuldu, onlar ayrıldılar.



Rəssamın “ikinci baharı”

Boşandıqdan sonra Tahir Salahovun həyatında dəyişiklik Varvara Salahova ilə tanışlıqla başladı. Və onlar münasibətlərini rəsmiləşdirdilər.

Varvara Salahova əslən gürcü çar nəsli Baqrationlardandır.


Tahir Salahovun ikinci evliliyindən 1977-ci ildə İvan Salahov adlı oğlu dünyaya gəldi.

Bu nikah məşhur rəssamın “ikinci bahar”ı idi. Tahir Salahov əsl ailə xoşbəxtliyi və qarşılıqlı anlaşmanı Varvara Salahova ilə evlilikdə tapdı. Bunu sonralar özü də dəfələrlə etiraf edib...

Varvara xanım məşhur İ.Moiseyev adına Rəqs Ansamlının solisti idi.  

“Məhəbbət bəzən insanlara ya başgicəlləndirici yaşam ya da yetkin, səhvsiz və əbədi xoşbəxtlik gətirir. Biz Tahir müəllimlə ikincilərdənik”,-deyən Varvara Salahova Tahir Salahovla ilk tanışlıqlarından danışarkən bildirib.
 

Yaradıcı insanların həyatında gözlənilməz kəsişmələr bəzən çox yaxşı sonluqla nəticələnir. Tahir və Varvara kimi...

Tahir Salahov:

“Biz onunla artıq 40 ilə yaxındır bir yerdəyik və Varvara xanım heç vaxt mənə "sən" deyə müraciət etməyib. Bu, onun yüksək ziyalılığından və mənə sonsuz hörmətindən irəli gəlir.

Varya elə insandır ki, ondan yorulmursan. O, həmişə nəzakətlidir, xeyirxahdır, insanlara qarşı diqqətlidir.
Varya mənim daimi ilham mənbəyimdir. Mən dəfələrlə onun portretini çəkmişəm. Bu işlərdə Varvaraya olan münasibətlərim, hisslərim öz əksini tapıb. O, sədaqətli, etibarlı insandır və mən bu keyfiyyətləri çox yüksək qiymətləndirirəm, ona da bu cür nəzakətlə yanaşmağa çalışıram. Sevimli insanın yanında olmaq, onunla eyni istiqamətə "baxmaq" xoşbəxtlik deməkdir”.

 


Varvara Salahova:

“Tahir elə rəsmlər işləyir ki, heyrətlənməyə bilmirsən, bunlar əsl sirdir. O işləri dünyada ondan başqa heç kim görə bilməz. Tahirin uğurları təkcə onun istedadının nəticəsi deyil, həm böyük əziyyətin bəhrəsidir.
O, elə bir xeyirxah ürəyə sahibdir ki, həmişə insanların köməyinə çatmağa hazırdır. Onunla yaşamaq çox maraqlıdır. O, hər sahədə  istedadlıdır: çox gözəl yemək hazırlayır, şəkil çəkir, rəqs edir. Mən onunla rəqs etməyi sevirəm, o, musiqini çox gözəl duyur və həmişə olduğu kimi mənə qarşı çox nəzakətli, diqqətlidir. Mən tanıdığım gündən indiyə kimi onunla "Siz" deyə danışıram, onun "sən"ini isə dostluğun təzahürü kimi qəbul edirəm.

 Tahir mənim üçün ən yaxşı insandır...

... 80-ci illərdə mən Tahir Salahovun həyat yoldaşı qismində Bakıya ilk dəfə gələndə bizə böyük diqqət göstərildiyinin şahidi oldum. O günləri yaxşı xatırlayıram, biz aşkar diqqət mərkəzinə çevrilmişdik. Bu münasibət mənim üçün çox qiymətliydi...

...Tahir öz həyatını Azərbaycan olmadan təsəvvür etmir, o vətənpərvər insandır.  Harada olsaq da, biz həmişə Bakını unutmur və mütəmadi olaraq bu şəhərə gedirik. Hətta 90-cı illərin əvvəllərindəki gərgin illərdə belə Bakıda – Nardaranda yaşayırdıq. Onda Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxtlar idi. Nardaran camaatı Tahir Salahova böyük hörmətlə yanaşırdı. Onlar ünsiyyətdə olmaq və ya sadəcə məsləhət üçün yanına gəlir, Tahir isə bir çoxlarına kömək edir və dəstək göstərirdi.

Tahir bütün qiymətli əsərləri, nadir xalçaları, arxivi daxil olan emalatxanasını öz respublikasına, doğma şəhəri Bakıya hədiyyə edib.  Mən də bu qərarda onu dəstəkləmişəm. Bu xoşməramlı bir addımdır”.

Hazırda Bakıda- İçərişəhərdə Tahir Salahovun ev muzeyi yerləşir...


Tahir Salahov:

“Varyanın geyim forması və üsluba münasibətdə öz tələbləri var. Ona öz fikirlərini zorla qəbul etdirmək olmaz, amma o, məsləhətlərə qulaq asa bilər”.

Varvara Salahova:

“Mən öz həyat yoldaşımıın zövqünə tam etibar edirəm, onun fikrini qiymətləndirirəm...
... Bir-birimizə elə hədiyyələr bağışlamağa çalışır ki, onlar həmişə bizə sevinc gətirsin. Həmişə bir-birimizə müxtəlif gül dəstələri təqdim edirik.
Tahir ruhən, qəlbən gəncdir, dünyaya baxışda işıqlı münasibətlərə malikdir. Həyat bütün insanlar kimi bəzən bizim də qarşımıza müxtəlif çətinliklər çıxarır və onları birlikdə aradan qaldırırıq. Mən xoşbəxtəm ki, yanımda etibarlı dost və gözəl insan var...”.

Tahir Salahov:

“Bəzən Varya ilə oturub sadəcə söhbət edirik. Hər birimiz qeyri-ixtiyari düşünürük: bu, həyatımızın ən xoşbəxt anı ola bilər? Və biz başa düşürük, bu anların qiymətini bilmək vacibdir. Uzun illər birgə yaşadığın insanın heç xətrinə dəyməmək necə də gözəldir”...


Tahir Salahovun övladları


Tahir Salahovun 4 övladı var: Vansetta Xanımla birinci nikahından Lara, Alagöz və Aydan adlı 3 qızı;

Varvara Salahova ilə evlilikdən İvan adlı bir oğlu...

Rəssamın ikinci qızı Alagöz Salahova Rusiyanın teatr və kino aktyory Konstantin Raykinlə evli olub və boşanıblar. O da atası kimi rəssamdır. Alagöz Salahovanın Moskvada “Alagöz” adlı prodüser mərkəzi fəaliyyət göstərir.

Aydan Salahova da Moskvada yaşayır və rəssam kimi fəaliyyət göstərir. O, həm də heykəltaraş, videorejisssor, performansist, diler, qalereya sahibi, müəllimədir. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini (“Aydan”) açıb. Aydan Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.

Aydan Salahovanın bir oğlu var – Kayhan Çahal-Salahov. Tahir Salahovun nəvəsi Kayhan arxitektor, rəssam, memar və heykəltəraşdır. 2014-ci ildə arvadı Anna ilə birlikdə yaşamaq üçün Vyanaya köçüb. 2015 ildə arvadı ilə birlikdə Vyana Politexnik Universitetinin memarlıq fakültəsinə daxil olub. Hazırda təhsili ilə məşğuldur.

 

Tahir Salahovun oğlu İvan Salahov da yaradıcılıq sahəsində çalışır, bərpaçı rəngkardır.
İvan 2015-ci ildə “Nepara” duetinin 37 yaşlı solisti Viktoriya Talışinskaya (qızlıq soyadı – Belskaya, Talısinkaya onun birinci ərinin syadıdır) ilə evlənib.




Tahir Salahovun oğlu İvan və sevgilisi...





Rəssamın nəvəsi - Kayhan Çahal-Salahov





Rəssam qızı Aydan Salahova ilə...



Əfqan Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir