Modern.az

ABŞ səfiri İlham Əliyevlə Sarkisyanın görüşünü şərh etmədi 

ABŞ səfiri İlham Əliyevlə Sarkisyanın görüşünü şərh etmədi 

Aktual

17 Oktyabr 2017, 13:55

"Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var və bu dialoqun aparılması da mühümdür".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

Onun sözlərinə görə, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatıra bilərlər: "Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir".

 

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə də münasibət bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatından əlavə heç nə deyə bilmərəm".

 

R.Sekuta vurğulayıb ki, son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dolları ötüb: "ABŞ Dağlıq Qarabağ problemi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırıb. Ümumilikdə 7 mindən çox şəxs ölkəmizin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb".

 

Oktyabrın 16-da Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

 

Görüşlə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Prezident Serj Sarkisyanla Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

 

ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov  Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər.

 

Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir