Modern.az

Azay Quliyev xarici QHT-lərin məsələsini müzakirə etdi

Azay Quliyev xarici QHT-lərin məsələsini müzakirə etdi

9 İyun 2011, 22:54

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya proqramları üzrə regional direktoru xanım Laura Jevet, ölkə üzrə direktoru Aleks Qriqoryev, baş proqram rəhbəri Marko İvkoviç və ABŞ Beynəlxalq İnkişaf Agentliyi  (USAİD) demokratiya və idarəçilik ofisinin rəhbəri Fey Haselkornla görüşdü.  Şuranın ofisində keçən görüşdə yerli və beynəlxalq QHT-lər arasında əməkdaşlıq, habelə Milli Demokratiya İnstitutunun dövlət qeydiyyatı ilə bağlı məsələlər müzakirə edildi.           

Şura sədri A.Quliyev xarici QHT-lərin ölkədə fəaliyyəti üçün müvafiq şəraitin yaradıldığını vurğuladı və hüquqi şəxs kimi fəaliyyət göstərmək üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyata alınmağın zəruriliyini qeyd etdi. A.Quliyev bildirdi ki, MDİ-dən dövlət qeydiyyatına alınması tələbi heç bir siyasi məqsəd daşımır və Azərbaycan hökumətinin bu təşkilatın 16 il qeydiyyatsız fəaliyyətinə şərait yaratması qeydiyyatın texniki məsələ olduğunu göstərir.

 

Bütün xarici QHT-lər üçün nəzərdə tutulmuş bu qeydiyyat prosedurlarının dünyanın hər bir ölkəsində yerinə yetirildiyini bildirən A.Quliyev MDİ-nin guya Azərbaycanda qeydiyyatının ləğv edilməsi haqda həqiqəti əks etdirməyən müddəanın Avropa Parlamentinin 12 may 2011-ci ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə yer almasından təəccübləndiyini diqqətə çatdırdı. Xanım L.Jevet məsələyə münasibət bildirərək, bu işin onlar üçün də “sürpriz olduğunu, bu barədə Avropa Parlamentindən heç kimlə danışmadıqlarını və o məlumatın ora necə daxil edildiyindən xəbərsiz olduqlarını” qeyd etdi.

           

Təsdiq olunmuş qaydalarda xarici QHT-lərin Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, dini və siyasi təbliğatla məşğul olmamaq tələblərilə bağlı müddəalara da görüşdə aydınlıq gətirildi.

                       

Görüşün sonunda MDİ-nin qeydiyyat məsələsilə əlaqədar sənədlərinin hazırlanmasına Şuranın texniki dəstək göstərməyə hazır olduğu vurğulandı.

             

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir