Modern.az

Təbii fəlakət Füzulidə aparılan abadlıq işlərini dağıdıb

Təbii fəlakət Füzulidə aparılan abadlıq işlərini dağıdıb

10 İyun 2011, 10:13

Bahar Muradova bu işlərə yenidən başlamaq zərurəti yarandığı qənaətindədir

İyunun 5-dən 6-na keçən gecə Füzuli rayonuna yağan leysanın və dolunun vurduğu ziyan artıq aradan qaldırılmağa başlanıb.

Leysan və dolu Horadiz şəhəri ilə yanaşı, Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli, Arayatlı kəndlərinə daha çox ziyan vurub. Artıq dağıntının təmizlənməsinə və bərpa işlərinə başlanıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova təbii fəlakətin vurduğu zərərlə və görülən işlərlə tanış olub, sakinlərlə görüşərək yaranmış vəziyyəti onlarla müzakirə edib.

Millət vəkili dolu və leysanın son illərdə rayonda aparılan abadlıq işlərini yuyub-dağıtdığı, bu işlərə yenidən başlamaq, eləcə də sakinlərə kömək etmək zərurəti yarandığı qənaətindədir.

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri rayona dəyən ziyanın miqdarını hesablayırlar. İlkin məlumatlara görə, 1000-dən artıq fərdi evin, eləcə də inzibati binaların dam örtüyü sıradan çıxıb, pəncərə şüşələri sınıb. Xeyli ağac, elektrik və rabitə dirəkləri aşıb. Mal-qara və ev quşları arasında da tələfat var. Sel yolların bəzi hissələrini yuyub. Həyətlərin hasarları aşıb. Təbii fəlakət kəndlərdə taxıl və ot sahələrinə, bağ və bostanlara da ziyan vuraraq, bu il yaxşı məhsul gözləyən sakinləri pis vəziyyətdə qoyub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər