Modern.az

Radiotezliklərə MÜDAXİLƏ – hökumətə ÇAĞIRIŞ edildi

Radiotezliklərə MÜDAXİLƏ – hökumətə ÇAĞIRIŞ edildi

Media

18 Oktyabr 2017, 11:49

Azərbaycanda fəaliyyət göstərən bəzi radiolarda profilaktika zamanı sosial şəbəkə istifadəçiləri və dinləyicilər bir faktın üstünü açıblar. Belə ki, 106.3-də profilaktika zamanı İran radiosu xəttə daxil olub.

 

Modern.az məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən məlumata görə, məsələ ilə bağlı hər hansı məlumat qeydə alınmayıb:

 

“Radiotezliklər İdarəsinin Monitorinq məntəqələri var. Əgər hər hansı efirə müdaxilələr olarsa, bununla əlaqəli məlumat verilir və analiz edilir. Lakin 106.3-də İran radiosunun xəttə daxil olması ilə bağlı məlumat  qeydə alınmayıb”.

 

Məsələ ilə bağlı 106.3 fm-in münasibətini öyrənmək üçün əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verən olmadı.

 

Əslində bu kimi hallarla tez-tez rastlaşırıq. Məsələn, cənub bölgəsinin əhalisi  İran telekanallarına baxır və ya radiolarına qulaq asa bilirlər. Yaxud şimala tərəfə getdikcə  Gürcüstan, sərhədlərə yaxın bölgələrdə isə erməni teleradiolarının yayımı müşahidə edilir.

 

Bəs bu kimi halların dəfələrlə baş vermə səbəbi nədir? Bu istiqamətdə aidiyyatı qurumlar hansı addımlar atmalıdır?

 

Ölkədə radio ötürücüləri kifayət qədər güclü deyil

 

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Modern.az-a açıqlama verib. O bildirib ki,  informasiya resurslarının fəaliyyətinə diqqət etmək lazımdır:

 

“Qeyd etdiyiniz kimi hazırda bu istiqamətdə ölkədə ciddi problem var. Bizdə real vəziyyət belədir. Məsələn, şimaldan və ya cənubdan sərhəd tərəflərə yaxınlaşan zaman  həmin tezlikdə qonşu ölkələrin  radioları və ya digər qurumların tezliyinə düşürsən. Halbuki bizim öz informasiya resurslarımız mövcuddur.

 

Bir var, hansısa  bir ölkəyə qarşı  yönələn informasiya resurslarının yaradılması, bir də var, öz informasiya resurslarımızı yaradıb, onun inkişafının qayğısına qalmaq.  Hesab edirəm ki, birinci yol harasa qarşı nəsə yaratmaq və ya hansısa ölkənin informasiya resursunu susdurmağa qarşı yönəlikdir. Lakin müasir dövrdə yaşayırıq və normal olaraq bizim də öz informasiya resurslarımız var. Bu baxımdan onların  inkişafının qayğısına qalmaq lazımdır. Bu radioya, televiziyaya, internet saytlarına da aiddir. Yəni hökumət teleradiomuzun maddi texniki bazasının necə olduğu bilməlidir. Buna baxmayaraq bizdə radio ötürücüləri, stansiyalar kifayət qədər güclü deyil”.

 

Əgər efirə düşmən ölkənin tezlikləri müdaxilə edə bilirsə, alınan avadanlıqlar nəyə lazımdır?

 

Müsahibimiz qeyd edib ki, bu məsələ hökuməti ciddi narahat etməlidir:

 

“Qonşu ölkələrin radio və ya televiziyalarının yersiz müdaxiləsinin qarşısını almaq üçün ötürücülər güclü olmalıdır. Həmçinin bununla bağlı mütəmadi olaraq monitoriq aparılmalıdır. Bilirsiniz, radiotezliklərin idarə edilməsi məqsədilə ölkədə Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası (RTDK) fəaliyyət göstərir. Həmin qurum radioelektron vasitələrinin efirdəki qanunsuz fəaliyyətinə, o cümlədən  efirdə qanunsuz televiziya, radio və digər yayımların aşkar olunaraq tədbirlər görülməsinə cavabdehdir.

 

Onlar zamanında ölkə üzrə böyük monitorinq sisteminin qurulması, nəhəng avadanlıqların alınması ilə bağlı  bəyanatlar veriblər. Bu avadanlıqlar vasitəsilə monitorinq aparan zaman  şimalda  və ya cənubda efirdə kimin olduğunu müəyyən etmək olur axı.

 

Əgər efirə düşmən və ya qonşu ölkənin tezlikləri müdaxilə edə bilirsə, o zaman  bu avadanlıqlar nəyə lazım idi? Mən məsuliyyətlə deyirəm ki, biz hələlik öz efir məkanımıza yetərincə nəzarət edə bilmirik. İnanmırsınızsa, sərhədlərə yaxınlaşanda radionu açıb qulaq asın. Ya efirə başqa ölkənin tezliyi müdaxilə edir ya da öz radiolarımızın dalğası itir.  Bu da hökuməti ciddi narahat etməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır