Modern.az

Meydan mitinqlərinin ilk aparıcısı: “Müstəqilliyə səs verməyənlər kreslolarından qorxurdular”  

Meydan mitinqlərinin ilk aparıcısı: “Müstəqilliyə səs verməyənlər kreslolarından qorxurdular”  

18 Oktyabr 2017, 12:40

Bu gün müstəqilliyimizin 26-cı ili tamam olur. 26 il bundan qabaq  Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. 

1991-ci il oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə edib. Nəhayət, oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib. 


Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da isə ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Modern.az saytı  müstəqilliyimizin bərpasının 26-cı öldönümündə Meydan mitinqlərinin ilk təşkilatçılardan olmuş Ənvər Əliyevin də xatirələrini soruşub. Ənvər Əliyev 1988-ci il Meydanının ilk iki gününün aparıcısı olub. O, “Meydan sirləri” kitabının müəllifidir.


“Həmin dövr çox qarışıq idi. Böyük əksəriyyət müstəqilliyimizi istəyirdi. Gənclər müstəqil bir dövlətin yaranması uğrunda mübarizə aparırdı. İmperiyanın tərkibində olan ölkələr, xüsusilə, tarixi dövlətçilik ənənələrinə sahib olan dövlətlər özlərinin iqtisadi durumunu təmin etmək səviyyəsində idi. Azərbaycanın dövlətçiliklə bağlı böyük təcrübəsi vardı. XX əsrin əvvəllərində (1918-ci il 28 may) Azərbaycan Xalq Cümhurriyyəti yaranmışdı. Onun ənənələri ört-basdır edilsə də, tarixi nailiyyət idi. Ona görə də biz ikinci dəfə müstəqilliyimizi əldə etməyi bacardıq. Amma ikinci müstəqilliyə sahib olmağımız asan başa gəlmədi. Bəzi qüvvələr 1991-ci ilin martında insanları SSRİ-nin qalmasına səs vermək üçün məcbur edirdilər. Hətta, yalandan 70%-ə qədər səs topladıqlarını demişdilər”.

Ənvər Əliyev o dövrdə Müstəqillik Aktına imza atmayanların əsl niyyəti barədə də danışıb.

“Müstəqilliyin əleyhinə olanlar birmənalı şəkildə bu yolu seçmişdilər. Nə düşüncə potensialı, nə tarixi dövlətçilik ənənləri, nə də iqtisadi göstəricilərimizdən xəbərdar idilər. Yalnız özlərini fikirləşən adamlar idi. Onlar ancaq  vəzifə postunu düşünürdülər. Qorxurdular ki, birdən vəzifəni itirə bilərlər. Onlar bu müstəqillikdən özlərinə nəyin çatıb-çatmayacağı barədə fikirləşirdilər. Onlara görə ən yaxşısı elə müstəqilliyə getməmək idi. Ona görə də müstəqilliyə getmək istəmədiklərini imza atmamaqla göstərdilər. Amma reallıq başqa idi. Ölkə müstəqilliyə doğru addımlayırdı. Tarixi təcrübə göstərdi ki, qələbə çalmaq olarmış”. 

Ənvər Əliyevin sözlərinə görə o dövrdə heç kimi meydana zorla çıxarmırdılar, ahmı könüllü idi:

“Düşünürdük ki, dövlətə dəstək lazımdır. O zaman 35 yaşım vardı. Böyük gənclər ordusu küçələrə, meydanlara axışmışdı. Həm də o vaxtlar küçələrə çıxmaq qürur idi. O dövrdə evdə oturmaq mümkün deyildi. Ancaq küçələrə çıxmaq zəruri idi. Siyasi aksiyaya qoşulmalı idin. İnsanların hamısında bir istək vardı. Professorda tutmuş tələbəyə qədər hər kəs  meydanlarda idi. Hamı könüllü şəkildə müstəqilliyə can atırdı. Kimisə məcburi şəkildə küçələrə çıxarmırdılar. Elə bir dövr idi ki, mükafatdan söhbət gedə bilməzdi. Ancaq cəza növü aktual idi. Heç kəs cəzalanmaqdan qorxmurdu. Həm torpaq, həm də intiqam hissi vardı. Tarixdən üzü bəri ermənilər başımıza nə oyunlar açmamışdılar ki!. Insanlar bu cür məsələlər ətrafında doğmalaşmışdı”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir