Modern.az

Dünya reytinqində Azərbaycanın ixtisaslaşmış universitetlərinin lideri

Dünya reytinqində Azərbaycanın ixtisaslaşmış universitetlərinin lideri

18 Oktyabr 2017, 12:47

Bütün zamanlarda daim yüksələn və yeni keyfiyyətlər hesabına zənginləşən sivilizasiyaya inteqrasiyanın yeganə açarı elmdir.

 

Təhsil, elm, bilik olmadan sivilizasiya yarana bilməz və o, həyatın bütün sahələrini əhatə edir, sivilizasiya mühitini formalaşdırır. İnsanın zehni əməyi, yaradıcı fəaliyyəti, hər cür münasibətlərin təkamülü, yeni-yeni keyfiyyətlər qazanması təhsildən, maariflənmədən, elmi-nəzəri biliklərin inkişafından asılıdır.
Bu mənada təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Böyük tarixi ənənəsi olan Azərbaycan

Dövlət İqtisad Universiteti, bu gün dünyada UNEC kimi tanınıb qəbul edilən qocaman təhsil ocağının son illər qazandığı uğurlar deyilənləri bir daha təsdiq edir.

 

Ötən tədris ili hansı göstəricilərlə yadda qalıb, nə kimi uğurlara imza atılıb, təhlillər nə göstərir? Yüksələn tempi qoruyub saxlamaq üçün hansı tədbirlər nəzərdə tutulur? Çətinliklə qazanılan öncüllüyü əldə saxlamaq üçün nə etmək lazımdır.
Biz yazımızda bu və ya digər suallara aydınlıq gətirməyə çalışmışıq.

Azərbaycanın sivil dünyaya inteqrasiyası və ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişafından, yeni elmi biliklərin, texnika və texnologiyaların mənimsənilmə səviyyəsindən və digər bu kimi amillərdən də asılıdır. Bu amillərin reallaşması isə ilk növbədə iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək biliyə malik ixtisaslı mütəxəssislərin hazırlanmasını tələb edir. Bu gün dünyada bilikli, bacarıqlı və müasir texnologiyadan yararlanan mütəxəssislərin ölkənin, cəmiyyətin inkişafında böyük rolu var.

 

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.

 

Möhtərəm Prezidentimizin müəyyən etdiyi strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsilin böyük nailiyyətlər əldə etməsində və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub.
Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq imkanı verir.
Bu konsepsiyanın tələblərinə uyğun olaraq son illərdə UNEC-də bir çox zəruri islahatlar aparılıb və müsbət nəticələr əldə olunub.

 

Belə ki, əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb.
Yeni dərs ili – “Elmi-tədqiqat ili”
Qeyd edək ki, 2017/2018-ci tədris ilində UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə — 96.6 faizlə yerinə yetirilib. Qəbul planı üzrə 3415 yerin 3300-nə tələbə qəbulu həyata keçirilib. Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş müşahidə edilir. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-nin, yəni 60 faizinin (I ixtisas qrupu üzrə isə 2 nəfər) seçimi məhz UNEC olub. Daha bir sevindirici hal ondan ibarətdir ki, II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə UNEC-i seçib. Onlar UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alırlar.
Beləliklə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan 290 abituriyentdən 2 nəfər 700, 70 nəfər isə 650-680 bal toplayıb. Müsbət məqamlardan biri də odur ki, universitetə qəbul olan tələbələrin 99.9 faizdən çoxunun ilk seçimi məhz UNEC olub.
UNEC-ə qəbulun nəticələrinə nəzər saldıqda, orta balda da artım müşahidə edirik. Universitet üzrə 2014 və 2015-ci illərdə göstərici 391 və 396 bal olduğu halda, 2017-ci ildə bu rəqəm 412 bala qədər yüksəlib. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə göstərici 96 bal artaraq 2016-cı ildə 635, bu il isə ötən illə müqayisədə 10 bal artaraq 645 bal olub. Ümumilikdə isə Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan tələbələrin 46 faizi orta məktəbi fərqlənmə ilə bitirib.
UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) də magistr qəbulunu uğurla başa vurub. Magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün yaradılan BMDM-də plan yerlərinin 99 faizinə magistr qəbulu həyata keçirilib. Sevindirici haldır ki, qəbul olunan magistrlərin 95.6 faizi ilk turda UNEC-i seçiblər. Daha bir qürurverici məqam isə 2017/2018-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticəni göstərən ilk üçlüyün məhz UNEC-in təhsil imkanlarından yararlanmaq istəyidir. Respublika birincisi Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyli mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanlarını nəzərə alaraq BMDM-də magistr təhsili almağa qərar veridiklərini bildiriblər.
Qeyd etmək lazımdır ki, BMDM-də tədris 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. BMDM ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.
2017/2018-ci tədris ilində UNEC Biznes Məktəbinin MBA proqramına qəbulda da müsbət nəticələr əldə edilib. Belə ki, qəbul planı üzrə 820 yerin 792-nə magistr qəbulu həyata keçirilib. Faiz nisbəti ilə yanaşdıqda, qəbul 2016/2017-ci tədris ili ilə müqaisədə 22 faiz artaraq 97 faiz yerinə yetirilib.
UNEC Biznes Məktəbinin MBA proqramı — ACCA akkreditasiyası qazanıb. İlk dəfə UNEC Biznes Məktəbinin MBA Proqramının “Mühasibat uçotu” ixtisaslaşması 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək 5 illik müddətə ACCA təşkilatında mühasibat və audit ixtisaslaşması üzrə peşəkar səviyyəli akkreditasiya edilib. Bununla da UNEC Biznes Məktəbinin məzunları Beynəlxalq Mühasiblər Assosiasiyasının (İFAC) üzvü olan ACCA (Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyası) təşkilatının kvalifikasiyası üzrə bütün fundamental fənlərdən azad edilib.
ACCA təşkilatında akkreditə edilən UNEC Biznes Məktəbinin MBA proqramının məzunlarını fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, əmək bazarında uğurlu fəaliyyət göstərən rəqabətqabiliyyətli yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər belə məzunlara qeyd-şərtsiz üstünlük verirlər. ACCA sertifikatı peşəkar dəyərlərə, iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli kvalifikasiya statusuna malikdir.
UNEC-də yeni tədris ili “Elmi-tədqiqat ili” elan olunub. Həmçinin “UNEC Tədqiqat Fondu” təsis edilib. Fondun məqsədi yerli və beynəlxalq ekspertləri cəlb etməklə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin tədqiqinə dair təkliflər hazırlamaqdan ibarətdir.
UNEC-də Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzləri yaradılıb. Xarici Ticarətə Dəstək Mərkəzi ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcək.
Digital Marketinq Mərkəzi isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacaq, professor-müəllim heyətinə və tələbələrə digital dünya ilə tanışlıq, effektiv istifadə və yararlanma keyfiyyətləri aşılayacaq.
Universitet Daxili İkili Diplom (UDİD) proqramına start verilib
Proqramın məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər. İki ixtisas üzrə UDİD proqramının açılması üçün həmin ixtisasların təhsil proqramlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olmalıdır. UDİD proqramına təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan I kursu bitirən tələbələr muraciət edə bilərlər.

 

Ötən tədris ilində UNEC-də beynəlxalq səviyyəli ilkə imza atılaraq, dünyaca məşhur “Science Slam” elm müsabiqəsi təşkil edildi. Müsabiqənin əsas fəlsəfəsi – həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, bilinən elmə fərqli prizmadan baxaraq populyarlaşdırmaqdır. Müsabiqəyə elmlə maraqlanan, araşdırmaçılarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişləndirmək istəyənlər qatılır. Müsabiqə elmin populyarlaşdırılması üçün unikal bir formatdır, gəncləri elmi tədqiqatlara stimullaşdırmaq, onları elmə maraq doğuracaq prizmadan baxmağa həvəsləndirməklə, dünya elminə çevik inteqrasiyanı təmin etmiş olur. Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim edir, qaliblər qaydalara uyğun olaraq qiymətləndirilirlər.
Yeni tədris ilindən layihə ilboyu davam edəcək, qruplar və fakültələr üzrə qaliblər müəyyən edildikdən sonra, may ayında müsabiqənin yekun konfransı olacaq. “UNEC Science Slam”ın daha da təkmilləşdirilməsi məqsədilə tələbələr üçün “Məsləhət xidməti” fəaliyyət göstərəcək, mövzu seçimi ilə bağlı istiqamət veriləcək. Müsabiqəyə qatılan tələbələrin əsasında UNEC-də baza formalaşacaq. “UNEC Science Slam”ın iştirakçıları xarici ölkələrdə, eləcə də nüfuzlu universitetlərdə keçirilən beynəlxalq konfranslarda UNEC-i təmsil edəcəklər. Qaliblər sonuncu kursda yekun attestasiya imtahanından da azad olacaqlar. Bu, iştirakçılara stimul verməklə yanaşı, digər tələbələr üçün də motivasiya olacaq, onların elmi-tədqiqata marağını daha da artıracaq. Məzun olduqdan sonra isə “UNEC Science Slam”ın qaliblərinin universitetdə həm məsləhətçi, həm də mentor fəaliyyətinə də cəlb edilməsi nəzərdə tutulur.
Beynəlxalq əlaqələr
Ötən tədris ilində də UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Dünya universitetlərinin nüfuzlu reytinqlərində ilk dəfə olaraq UNEC-in iştirakı təmin olunub, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması istiqamətlərində mühüm nəticələr əldə edilib.

 

Son üç ildə UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri arasında layiqli yer tutması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, universitet 2016-cı ildə QS İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinqdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti olmaqla 200 universitet arasında qərarlaşıb. UNEC-in reytinqdə yer alması son illərdə universitetin akademik və işəgötürənlərin reputasiyasının yüksəlməsi elmi dərəcəli müəllimlərin sayının artması, universitetin veb resurslarda iştirakının daha da yaxşılaşmasına dəlalət edir.
QS Reytinq Agentliyinin bu günlərdə etdiyi açıqlamaya əsasən 2018-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində UNEC regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötənilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib. Məlumat üçün bildirək ki, bu regionda 2938 ali təhsil müəssisəsi var.
Ötən il Azərbaycan universitetləri arasında 5-ci yerdə qərarlaşan UNEC, 8 indikator üzrə topladığı balları artıraraq, builki nəticələrə görə iki pillə yüksəlib və ən reytinqli 3-cü Azərbaycan universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında birinci yerdə olan UNEC iqtisadyönümlü universitetlər arasında regionun 4-cü ən yaxşı universiteti statusunu bir daha təsdiqləyib.

 

QS reytinqində ən yüksək göstəricini universitetlərin “Akademik reputasiyası” indikatoru tutur. Akademik reputasiya indikatoru üzrə UNEC 34.1 bal toplayaraq 100-cü ən yaxşı nəticəni əldə edib. “İşəgötürənlər reputasiyası” üzrə isə UNEC mövqeyini 2 dəfə yaxşılaşdıraraq, regionda 87-ci olub. Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə UNEC 13.3 bal (ötən il 10.8) toplayaraq regionda 120-ci ən yaxşı nəticəni göstərib.
UNEC-in digər reytinqlərdə də iştirakı fəallaşıb. Belə ki, 2017-ci ildə universitet daha bir uğura imza ataraq, dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2017-ci il nəticələrinə görə UNEC birinci olub. Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib. UniRank reytinqində UNEC-in tarixi, tələbə və müəllim sayı, təqdim olunan təhsil, kitabxana, idman, mübadilə imkanları, həmçinin qəbul olunma faizi və s. barədə məlumat da əks olunub. Qiymətləndirmədə əsas meyarlardan biri veb-saytın zənginliyi və daha çox istifadəçiyə çatdırılmasıdır.

 

Ümumilikdə reytinqlərdə UNEC-in son illər uğurlu iştirakı görülən işlərə beynəlxalq elmi ictimaiyyət tərəfindən verilən qiymətin təzahürüdür.
Dünyanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edən UNEC təhsil xidmətlərinin ixracı baxımından da bir sıra yeniliklərə imza atıb. Belə ki, UNEC dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə, o cümlədən, İngiltərənin London Universiteti/London İqtisad Məktəbi, Fransanın Montpellier, Litvanın Mikolos Romeris, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və qardaş Türkiyənin Süleyman Dəmirəl və Uludağ universitetləri ilə ikili diplom proqramları reallaşdırmaqdadır. Bu proqramlar bakalavr, magistratura və MBA səviyyəsində təhsil alan tələbələrə hər iki universitetin diplomlarını almaq imkanı verir.
İnkişafın prioiritet istiqaməti kimi kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması sahəsində də ciddi irəliləyiş var. Belə ki, ikili diplom, ikitərəfli əməkdaşlıq proqramları, Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” və DAAD qrant layihələri çərçivəsində Avropa universitetlərində, Türkiyə Respublikası Hökumətinin maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə ümumilikdə 60-dan artıq ali təhsil müəssisəsi ilə tələbə və müəllim mübadiləsi imkanları təklif olunub. Təkcə son bir neçə ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak hüququ qazanan tələbə və müəllimlərin sayı 6 dəfədən çox artıb. Tələbə və müəllimlər ABŞ, Rusiya, Türkiyə, İngiltərə, Çin, Malayziya, Cənubi Koreya, Fransa, Almaniya, Hollandiya, Macarıstan, Rumıniya, Polşa, İtaliya, Çexiya, Portuqaliya, Slovakiya, Yunanıstan, İspaniya, Litva və başqa ölkələrdə mübadilədə iştirak ediblər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən nüfuzlu professorlar UNEC-də olublar.
2016-cı ildə UNEC-lə Ziqen (Siegen) Universitetinin birgə layihəsi DAAD-ın baş ofisinin müsabiqəsinin qalibi olub. Almaniyanın Siegen Universiteti ilə UNEC-in birgə iştirak etdiyi “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Almaniyadakı baş ofisi tərəfindən qəbul edilib. Dörd il davam edəcək layihə çərçivəsində həm Almaniya, həm də Azərbaycanda professor-müəllim heyəti, gənc alim, eləcə də tələbələrin iştirakı ilə görüş və təlimlərin təşkili planlaşdırılır. Hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar (biznes planlaşması, innovasiya menecmenti, logistika, e-kommersiya, risklər menecmenti və digər sahələr) keçiriləcək. Eyni zamanda UNEC-in gənc alim və doktorantları üçün Almaniyada layihə müddətində hər il bir ay ərzində tədqiqat imkanı yaradılacaq. Layihə tələbələrə Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı da yaradır. Layihənin təlimlərində iştirak edən əməkdaşların məzunlar bazası (alumni database) yaradılacaq. Bundan başqa, “Məsləhətçi Maliyyə Klubları”nın yaradılması və “Kiçik biznes plan” müsabiqəsinin təşkili də nəzərdə tutulur.
Təhsildə elektron vasitələrdən istifadənin artırılması məqsədilə UNEC-də əcnəbilər üçün qəbul prosesi tam elektronlaşdırılıb və bununla da xeyli sadələşdirilərək, keyfiyyətli və sürətli qəbul prosesi təmin olunub. Bundan əlavə, təhsildə beynəlxalq təcrübənin təkmilləşdirilməsi məqsədilə dünyanın aparıcı universitetlərinin təcrübəsindən faydalanaraq, Moskva və Kiyev şəhərlərində UNEC-in qəbul ofislərinin açılmasına da qərar verilib.
Beynəlxalq sahədə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədilə UNEC nüfuzlu ali təhsil müəssisələrini özündə birləşdirən beynəlxalq qurumların işində də fəal iştirak edir. Bu mənada Universitet Avropa Universitetlər Assosiasiyası – European University Association (EUA), Beynəlxalq Universitetlər Assosiasiyası – İnternational Association of Universities (İAU), İslam Dünyası Universitetlər Assosiasiyası — Federation of the Universities of the İslamic World (FUİW), Qara Dəniz Universitetlər Şəbəkəsi – Black Sea Universities Network (Universities Council of the Black Sea Economic Cooperation Organization) (BSUN), Qafqaz Universitetlər Assosiasiyası — Caucasus Universities Association (KUNİB)-nın üzvüdür.
Son illərdə UNEC bu şəbəkəni böyüdərək Universitet Rəhbərlərinin Assosiasiyası, Avrasiya Universitetlər Birliyi (EURAS), Mərkəzi Asiya Universitetlər Birliyi, Kəmər və Yol Universitetləri Alyansına (University Alliance of Belt and Road) üzvlüyə qəbul edilib.
Bu məqamda 2017-ci ildə UNEC üçün xüsusi əhəmiyyət daşıyan bir məsələyə də diqqət çəkmək istərdik. Belə ki, iyun ayında Təhsil Nazirliyinin dəvəti ilə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və türk dünyasının fəxri olan Aziz Sancar Azərbaycanda səfərdə oldu.

 

Böyük elm adamı bir həftəlik səfəri çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasında rəsmi görüşlər keçirdi, Azərbaycanın elm və təhsil ictimaiyyətinin görkəmli nümayəndələri, tələbə və media mənsubları ilə bir araya gələrək zəngin təcrübəsini, qiymətli fikirlərini bölüşdü və müvafiq tövsiyələrini verdi.
UNEC-də A.Sancarla bağlı bir çox tədbir keçirildi. İlk olaraq, Aziz Sancarın qələmə aldığı və Nobel Fondu tərəfindən nəşr edilən “Aziz Sancarın Nobel Bioqrafiyası” adlı kitabı Azərbaycan dilində nəfis şəkildə çap edilərək elm ictimaiyyətimizin diqqətinə təqdim edildi. Professor Sancar həcmcə çox da böyük olmayan bu bioqrafiyada həyat və fəaliyyətini mükəmməl və çox aydın şəkildə əks etdirib. Bu bioqrafiyanı oxuyan hər bir oxucu dəyərli alim, onun elmi fəaliyyəti haqqında çox faydalı biliklər əldə edərək, bir alimin timsalında “Nobelə gedən yol”un nə qədər çətin və məşəqqətli olduğunu görür. Eyni zamanda da əsərdə Aziz Sancarın bütün bu çətinliklərin və məşəqqətlərin öhdəsindən böyük əzm və ustalıqla gəldiyinin, dünya elminə dəyərli töhfələr verdiyinin şahidi olur.

 

İkinci mühüm tədbir Azərbaycanın görkəmli elm adamlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə UNEC-də keçirilən “Aziz Sancar: bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans oldu. Konfransda böyük alimin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi, onun Azərbaycan cəmiyyəti qarşısında Azərbaycan sevgisilə dolu çıxışı dinlənildi. Konfransın yekununda UNEC Elmi Şurasının qərarı ilə Aziz Sancara UNEC-in fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirildi və UNEC-də “Aziz Sancar Tədqiqat Mükafatı”nın və “Aziz Sancar Qida Mühəndisliyi Laboratoriyası”nın təsis olunması elan edildi.
Aziz Sancar səfər çərçivəsində UNEC-in nüfuzlu “Thomson Reuters” şirkəti ilə birlikdə təşkil etdiyi “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” adlı beynəlxalq konfransda da iştirak etdi. Konfransın rəsmi açılışından öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən Sancar əsas məruzəçi kimi iştirak etdiyi bu tədbirdə geniş məruzə ilə çıxış edərək, konfrans iştirakçılarına öz qiymətli tövsiyələrini verdi, Azərbaycan ictimaiyyətinə biri-birindən dəyərli mesajlarını çatdırdı.

 

Diqqətə ehtiyac duyan, hər kəs kimi keyfiyyətli təhsil almağa haqqı olan fiziki məhdudiyyətli gənclərimizə doğma Vətənimizin uğurlu gələcəyi naminə savadlı Azərbaycan gənci adına sahib olmaq, birgə elm və təhsil zirvələrinin fəth olunması istiqamətində UNEC hər cür dəstək göstərir. Bu məqsədlə 2016-cı ildə universitetdə əlilliyi olan tələbələr üçün mərkəz fəaliyyətə başlamışdır. Mərkəz tələbələrin təhsilinin kordinasiyasını həyata keçirməklə, onların tədrisinin təşkili, psixoloji dəstək, kitabxanadan və digər infrastrukturdan səmərəli istifadəyə dəstək verir. Eyni zamanda UNEC fiziki məhdudiyyətli tələbələrə beynəlxalq təqaüdlər hesabına mübadilə proqramlarından faydalanmaq imkanı da yaradır. Bu ildən Moskva Dövlət Humanitar və İqtisadiyyat Universiteti ilə reallaşdırılması planlaşdırılan ikili diplom proqramı bu qəbildən olan ilk faydalı proqram olacaqdır.

 

Qayğılarla dolu olan hər yeni dərs ili özü ilə həm də çətinliklər, problemlər gətirir. Bu çətinlikləri aradan götürmək, əvvəlki nailiyyətləri qoruyub-saxlamaq və inkişaf prosesinin önündə olmaq… İnanırıq ki, UNEC bundan sonra da islahatlar yolu ilə qazanılan uğurlarının sayını artıracaq, çox ilklərə imza atacaqdır.

 

Zümrüd ABDULLAYEVA,  “Respublika” qəzeti

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi