Modern.az

Türkmən və Türk Mən - Doğrudanmı gözləriniz kordur?..  

Türkmən və Türk Mən - Doğrudanmı gözləriniz kordur?..   

18 Oktyabr 2017, 12:54

Fazil Mustafa,
Milli Məclisin üzvü

Biz bir toplum olaraq nəyə sevindiyimizin, nəyə ağladığımızın fərqində deyilik. Tarixdən onlarla misal gətirə bilərəm ki, hansı zibillərlə qürur duymağa, hansı faydalı dəyərləri torpağa gömməklə məşğul olmuşuq. İndi də türkmənlər məsələsində verilən məllumatlara özümüzü aldadaraq sevinc içindəyik. Guya Türkmənlər azad edildi! Doğrudanmı tarix oxumursunuz, doğrudanmı gözləriniz kordur, fəhminiz köklü-dibli kortalıb?

Kərkükdə indiyədək ona görə türkmən qardaşımız ayaqda dururdu ki, oraya Türkiyənin təsiri vardı, kürdlər də o bölgədə ABŞ-ın himayəsi ilə at oynatsalar da, onlara qarşı xüsusi aqressivlik edə bilmirdilər. Çox sayda İraqlı türkmən Türkiyənin məktəblərində, universitetlərində təhsil alaraq oraya göndərilmişdilər. Türkiyənin türkmənlərlə bağlı siyasətində zaman-zaman yavşaqlıqlar olduğunu mən də qəbul edirəm, ancaq bütün hallarda onları yalnız buraxmaq deyə bir siyasət düşünülmədi heç vaxt. Sadəcə Türkiyə gücü çatanı etməyə çalışdı. Bununa belə türkmənlərin əsas düşməni əvvəlcə Səddam, ardınca indiki İraq yönətimi idi. Sadəcə Səddam dövründə də, Səddamdan sonrakı dövrdə də İraq məclislərinin və hökumətlərinin tərkibinə diqqət yetirsəniz türkmənə hansı dəyər verildiyini görərsiniz. PKK xaric, Bərzani kürdləri ilə az-çox yola gedirdilər, demoqrafik durumda kürdlərin xeyrinə ciddi dəyişikliklər olsa da, hər halda kürdlər türkmənlərlə açıq münaqişəyə Türkiyənin qorxusundan girmirdilər.

Bu ərəfədə Qərb ölkəllərininn başkəsən İslam gilyotini kimi hazırladığı, bizdə də bir çox debil müsəlman kimliyi daşıyan şəxslərin simpatiya bəslədiyi İŞİD ortaya çıxdı və qəsdən məzhəbçi zəmində türkmənlərə qarşı amansız davrandı ki, iç çatışmalar daha da şiddətlənsin. Yəni türkmənlərin əsas düşməni kürdlər deyil, Qərbin İŞİD başkəsənləri oldu. İndi isə İraq ordusu adı ilə İranın başqa bir İŞİD-dən fərqlənməyən yobaz zehniyyətə sahib qruplaşmaları guya Kərkükü azad edərək türkmənlərə verib. Bu qüvvələr İraq ordusu adı ilə bölgəyə daxil olublar, türmənlər də canlarının dərdindən soyqırım etməsinlər deyə, özlərini sevinən göstərməyə başlayıblar. Əgər Türk qüvvələri İraq ordusu adı ilə bölgəyə daxil olsaydı, sevinməyə tam əsasımız olardı. Bizim üçün türkmənin şiəsi, sünnisi, ateisti, deisti yoxdur, yalnız türk kimliyi var. Sabah türkmən qiyafəsində türkə qarşı, Türkiyəyə qarşı, Azərbaycana qarşı fars zehniyyətinin, kürd zehniyyətinin, ərəb zehniyyətinin daşıyıcısı olan çevriləcək hansısa türkməndən mənə nə?

Məni Güney Azərbaycanda yaşayan türklərə də baxışım belədir. Dini, məzhəbi, sosial durumu önməli deyil, təfəkkürcə moderndirsə, öz milli kimliyini qondarma dini kimliyindən uca tutursa, mənim müttəfiqimdir, demək ki, kimsə fətvası ilə bizə qarşı vuruşmayacaq, erməninin sıralarından bizə atəş açmayacaq, bizim sıramızda olacaq, qardaş kimi, həmvətən kimi bu Vətəni birlikdə təhlükələrdən həm güneydə, həm də quzeydə qoruya biləcəyik. Həmin Həşdi-Sabiinin babaları yüz il öncə Təbrizə də girmişdilər, nə oldu, 30 milyonluq xalq azad oldumu, öz dilində məktəb oxuya bildimi? Səttarxan o günki ağlı ilə Təbrizdən Tehrana məşrutiyyət məktubu aparanda bilgisizlikdən bunu anlamadı, bəs siz yüz il sonra da eyni bilgisizliyi necə davam etdirə bilirsiniz? Hələ türk dilini yasaqlaya-yasaqlaya rəhbərlik səviyyəsində öz dilini danışa bilməyən uşağın müti anasına da ayıb etmədən tövsiyyə edirlər ki, evdə heç olmazsa ana dilinizi öyrədin. İndi türkmən qardaşımız da Güney Azərbaycanda yaşayan qardaşımız kimi azadlığı çıxdı. Açın mollaxanalarınızı, bağlayın dünyəvi məktəblərinizi, kitabınıızı tullayıb zəncirinizi götürün əlinizə sonra da ah-nalə edin ki, əsrdən niyə geri qalmışıq. Ay Mirzə Cəlilin, Sabirin qaranlıq düşüncəsini sökə bilmədiyi soydaşım, həmvətənim.

Bu gün Azərbaycan ona görə müstəqil ola bildi, soyqırımdan qurtuldu ki, xilas etməyə türk ordusu gəldi, bəzilərinin yalandan iddia etdiyi kimi, bizdən aparmadı, Bakını, Azərbaycanı bizə verib getdi. Hətta qaniçən erməni-bolşeviklər gələndə belə Azərbaycan faktı qarşısında qaldılar, hakimiyyətinə Mirzoyanları, Kirovları gətirsələr də, xalq və ərazi faktını silə bilmədilər və yaşayaraq 18 oktyabrda bir daha tarixi fürsəti dəyərləndirib dövlət qurduq.

İndi bir sıra utanmazlar yazırlar ki, guya İraqda türkmənləri azad edən ordu gəlib Qarabağa da Azərbaycan bayrağını taxacaqlar! Bu axmaqlar anlamırlar ki, neçə illərdir həmin ordu ermənilərə hərbi, siyasi, iqtisadi dəstək verdiyinə görə indiyədək torpaqları azad etməyə gücümüz çatmır.

O Bayrağı bir zaman Qarabağa özümüz taxacağıq, ancaq hələ ki, bu ağılla, bu imanla mümkün olmur. Çünki vaxtilə Sabiri, Mirzə Cəlili doğru oxuya bilmədiyimiz kimi, indi də dünyanı, çevrəni, faydamıza olanları doğru oxuya bilmirik...

Türkmən və Türk Mən. Bir- birimizi qan testi ilə deyil, məzhəb vəsiqəsi ilə deyil, sağlam modern düşüncə ilə tanıyacağımız günə hazırlaşmalıyıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər