Modern.az

Cümhuriyyətin Döyüş Bayrağı və onun rəmzləri - AXC-100

Cümhuriyyətin Döyüş Bayrağı və onun rəmzləri - AXC-100

18 Oktyabr 2017, 14:26

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.


Bu gün həm də Azərbaycanın ikinci müstəqilliyinin 26 yaşı tamam olur. 1991-ci ilin bu günündə “Xalqlar həbsxanası” SSRİ-nin dağılmasından sonra Azərbaycan öz müstəqilliyini bərpa edə bildi.

Hər iki tarixi hadisə ilə bağlı hazırladığımız bu yazıda çox vacib olan bir məqamdan Cümhuriyyətin qəbul etdiyi dövlət rəmzlərindən bəhs edirik:

Döyüş Bayrağı

Döyüş Bayrağının hazırlanması 1919-cu ildə hökumətə rəhbərlik edən Nəsib bəy Yusifbəyli komandasının uğurlarından biridir:

1918-ci il noyabrın 9-da Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı qəbul olundu. Döyüş bayrağı hazırlanana qədər hərbi hissələr də eyni bayraq altında döyüşə gedirdilər.

1919-cu ildə Azərbaycan ordusu təşkil edildikdən sonra onun Döyüş Bayrağının da yaranması zərurəti meydana çıxdı. Döyüş bayrağı layihəsinin tərtib olunması Azərbaycan Ordusunun Ali Qərargahının hərbi-topoqrafiya şöbəsinə tapşırıldı.

Başda o zaman bütün dünyada hərbi topoqrafiya sahəsində ən güclü mütəxəssislərdən sayılan İbrahim ağa Vəkilov olmaqla, bir qrup əməkdaş Dövlət Bayrağı layihəsinin hazırlanması üçün ciddi işə başladılar. Layihədə Azərbaycan dövlətçilik ənənələri, türk dünyasının hərb sənətinə aid elementlər olmalı və o hərbi heraldikanın tələblərinə cavab verməli idi.

İbrahim Vəkilovun komandası qısa müddətdə bu layihəni hazırlayıb, Ali Qərargaha təqdim etdi.

Beləliklə, Azərbaycan Ordusu Ali Qərargahı Baş İdarəsinin 1919-cu il 8 dekabr tarixli 561 saylı əmri ilə “Piyada və süvari alayları, əlahiddə taborlar və Hərbi Məktəb üçün Döyüş Bayrağının təsviri” elan olundu. Əmri Qərargah rəisi Məhəmməd Sulkeviç imzaladı.

AMEA-nın Tarix Muzeyinin əməkdaşı Səbuhi Əhmədovun araşdırmalarına görə, Döyüş Bayrağı parça hissə, lentlər, ağac sap, metal dəstəkdən ibarət olmalı idi. Parça hissənin əsas rəngi türkçülük rəmzində - mavi olub. Parça hissə mavi rəngli ştof və atlas ipək növlərindən tikilməli, kənarlarına gümüşü rəngli naxışlar və saçaqlar vurulmalı idi. Parçanın yuxarı sol küncündə gümüşü rəngli saplarla səkkizguşəli ulduz və aypara  tikilməli idi. Əmrə əsasən, bayrağın kənarlarına vurulan naxışlar Əmir Teymurun qəbri üzərindəki naxışlar əsasında tərtib olunmalı idi.

Layihə müəlliflərinin fikrincə, bu element ordumuzun Şərqin qəhrəmanlıq ənənələrinə sadiqliyini təcəssüm etdirməli idi. Bayrağın üz və astar tərəflərindəki təsvirlər eyni olmalı, lakin yazılar fərqlənməli idi. Üz tərəfində əski əlifba ilə “Azərbaycan”, astar tərəfində isə “Nəsri min Allah, fəthi Karib”, yəni, “Allahdan kömək, yaxın qələbə” ifadələri yazılmalı idi. Qeyd edək ki, bu yazıya hələ XVI əsrin Şərq qalxanlarında rast gəlinib.


Bayrağın ağac sapının uzunluğu 2,6 metr, diametri isə 3,7 sm olmalı idi.

Sapın yuxarı hissəsində düyünlənərək bağlanan iki lent yaşıl və qırmızı rəngli saçaqlarla tamamlanmalı, yaşıl  lentin saçaqlarının uzunluğu 15, qırmızının isə 20 sm olmalı idi.

Yaşıl lentin aşağı hissəsində içrisində yeddi ox olan oxqabı, iki yay, tuğ və nizə əks olunurdu. (əmrdə “Teymurləngin nizəsi” adlandırılıb). Layihə müəlliflərinin fikrincə, bu kompozisiya türk xalqlarının hərbi ənənələrini əks etdirməli idi.

Yeddi ox olan oxqabı, iki yay, tuğ və nizə gümüş saplarla elə təsvir olunmalı idi ki, birlikdə lira musiqi alətini xatırladan kompozisiya əmələ gəlsin. Bunun da öz mənası var idi: ordu hərbi güclə (ox, nizə, yay) sülhü, əmin-amanlığı qorumaq (lira musiqi aləti məhz bunun rəmzidir)  əzmindədir.

Mavi rəngli parça hissə qırmızı və yaşıl lentlərlə birlikdə Azərbaycanın Dövlət Bayrağını özündə əks etdirirdi.

Əmrin son bəndində bu rəmzlər barəsində deyilir:

“Təqdim olunan eskizin yaradılmasına aşağıdakı məqamlar səbəb olmuşdur: hazırki dövrdə xalqların milli özünüdərkin inkişaf səviyyəsi, həmçinin, bütün mədəni dünyaya və dirçəlməkdə olan Azərbaycan Cümhuriyyətinə əziz olan qədim müsəlman abidələri- onların bariz nümunələri qüdrətli hökmdar Teymurləngin və onun maarifpərvər silahdaşları tərəfindən Səmərqənddə inşa edilən məscid və binalardır”.

2008-ci ildə Nəsib bəy Yusifəyli hökuməti tərəfindən qəbul edilən Döyüş Bayrağının yenidən düzəldilməsi qərara alındı. Yuxarıda adını çəkdiyimiz araşdırmaçı alim Səbuhi Əhmədovun aşkarladığı arxiv sənədləri və eskizlər əsasında Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəssamı, mayor Məmmədbağır Hüseynov tərəfindən layihə hazırlandı və 1919-cu ildəki Döyüş Bayrağının mulyajı düzəldildi.

2008-ci ildə 26 iyun Silahı Qüvvələr Günündə keçirilən hərbi paradda ilk dəfə olaraq Cümhuriyyətin Döyüş Bayrağı ictimaiyyətə nümayiş olundu.


Dövlət Bayrağı

Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir. 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edib.

AXC-nin banisi Məhəmməd Əmin Rəsulzdə 1918-ci ildə parlamentin  yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Üzeyir bəy isə bayrağımız barədə bunları ya­zır­dı: "Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb... Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir".

 

E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?