Modern.az

Naxçıvanda hərbi parad keçirildi - YENİLƏNİB - FOTOSESSİYA

Naxçıvanda hərbi parad keçirildi - YENİLƏNİB - FOTOSESSİYA

18 Oktyabr 2017, 20:31

Bu gün Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

 

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.Ali Məclisin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək deyib: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.

 

Ali Məclisin sədri bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlayıb, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirib: "1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. 25 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaradıb”.

 

Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib: "Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır. Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində, buradakı ordu hissələrinin formalaşmasında Türkiyə Respublikasının təmannasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib".

 

Daha sonra çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.

 

Daha onra müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Zakir Həsənov Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunan hərbi parad keçirilib.

 

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib.
Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil olublar. Bu gün Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Gələcəyin zabitləri üçün hər cür tədris şəraiti yaradılıb. Liseyin məzunları Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir, Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar.

Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.

 

Sonra hərbi texnikanın keçidi olub.

 

Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılmış “Qred Vul” avtomobilləri, “Ştorm-3” Sofa maşını, “Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış “Sandkat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib.

 

Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksi, “Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə “D-44” topu və “MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsası, “D-20” və “M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” topları nümayiş olundu.

 

Hərbi paradda “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış “OSA”, “S-125” zenit raket kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş “T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində quraşdırılmış “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu “ZQ-23-2” zenit qurğularının keçidi tamamlayıb.

 

“Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb, “SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.

 

15:15

 

Bu gün Naxçıvan Muxtar Respublikasında 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə hərbi parad keçirilib.

 

Modern.az-ın Naxçıvanda olan müxbiri xəbər verir ki, paradda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov iştirak ediblər.

                                                

Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyyətinin və hərbi texnikasının iştirakı ilə keçirilən hərbi paradın görüntülərini  təqdim edirik:

 

Tərlan YUSİF

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır