Modern.az

Şərəfsizlər kvarteti

Şərəfsizlər kvarteti

18 Oktyabr 2017, 15:50

Hidayət Elvüsal


Nə zamandır dörd nəfər Türkiyə yazarının Ermənistana və işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfərləri müzakirə mövzusudur. Türkiyənin Azərbaycandakı səfirinin Qatırçıoğlunu, Bayramoğlunu və digər ikisini müxalifət ünsürləri kimi qələmə vermək cəhdi də boşa çıxdı. Bilənlər bilir ki, dəstənin başını çəkən Əli Bayramoğlu iqtidar yanlısı müxalifət düşmənidir.

Türkiyə iqtidarı da susdu. Nə desinlər? Bunlar nə vaxt əsl qardaşlıq nümayiş etdiriblər? Mətbuatda ən xırda xəbəri belə də izləyən bu iqtidar özünün təsiri altında olan qəzetdən bir erməninin dediklərinə təpki göstərdimi? Bu ermənini məhəbbətlə, sevgi və heyranlıqla danışdıran müxbirə güldən ağır bir söz dedimi? Bu yandaş müxbir erməninin dilindən yazmışdı:

- “Biz Qarabağın bir hissəsini azad etmişik. Qalan hissəsi hələ də Azərbaycanın nəzarəti altındadır”.

2 aprel döyüşlərini Türk millətinə olduğu kimi izah edən, çatdıran hörmətli Murad İde deyirdi:

- Əgər bu sözlər başqa bir ölkənin mətbuatında yazılsaydı, Azərbaycan NOTA verərdi. Amma qardaş qardaşa necə NOTA versin?!

Hə! Biz NOTA vermədik. Digər yaltaq-sümsük yazarlar da üstümüzə ayaq aldı. Əli Bayramoğlu özü kimi şərəfsizləri başına yığıb erməni qohumlarının ayağına gəldi. Türkiyə və Azərbaycan əleyhinə böhtanlar yağdırdı. AKP yenə susdu.

Bütün bunlar təsadüfmü? Yox! Zaman-zaman bu bayramoğluların, qatırçı, danaçı, eşşəkoğluların Azərbaycana qarşı xəyanətinin şahidi olmuşuq. Rəhmətlik Nuru paşanı hörmətlə yad edir, ruhuna dualar oxuyuruq. Bizə çox yardım etdi. Bakı milyonçuları bunun müqabilində kisə-kisə qızıl verib, bunun Türk Ordusuna xərclənməyini istədilər. Halal-xoşları olsun.

Amma biz Tələt paşanı unutmuşuq. O alçaq, şərəfsiz, xain Tələt paşanı. 11-ci Qırmızı Ordunun qabağına düşüb, Azərbaycana gətirən və “Onlara toxunmayın, müqavimət göstərməyin, keçib gedəcəklər Türkiyəyə, bizim tərəfimizdən vuruşacaqlar” yalanı ilə bizi aldadan Tələt paşanı. Ordunu Azərbaycana yeridib, aradan çıxan Tələt paşanı. Niyə gizlədirik ki, onun Bakıda qalan adamları ruslardan, ermənilərdən geri qalmayıblar. Zənginlərin var-dövlətini mənimsəyib, təhqirə məruz qoyub, zülüm verib, təhqir ediblər. Unutmuşuq? Bəlkə bilmirik? Yox, bilirik, amma…

Bayramoğlu, qatırçıoğlu, qurbağa, kərtənkələ, tülkü-çaqqal bizi niyə təəccübləndirir? Əgər Azərbaycan prezidenti İlham Əliyev təpki göstərməsəydi, Ərdoğan Karsdakı sərhəd qapısını açmayacaqdımı? Hər şey hazır idi. Sərkisyan şəstlə məhz o qapıdan keçib. Bursada AKP ilə top oynayacağını deyirdi. Təpki Ərdoğanı geri addım atmağa məcbur etdi. Qapı açılmadı. Çünki o qapı, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilərsə açıla bilər.

Və Sərkisyan hava yolu ilə Türkiyəyə getdi. Ölkə prezidenti Abdullah Gülün arvadı, yəni 1-ci xanım açıq-açığına Sərkisyana olan hörmətini, sevgisini bildirdi:

- Ona (Sərkisyana) öz əlimlə plov bişirəcəm.

Matç zamanı məsələ plovdan da betər oldu. Bursa stadionuna gətirilən Azərbaycan bayraqları türk polisləri tərəfindən alındı və ayaqlar altına atıldı. Nə var, nə var, Abdullah Gül və Serj Sərkisyan 1 saat 30 dəqiqə top oynayanlara baxacaqlar.

Və Bayramoğlu, Qatırçıoğlu, it-qurd oğlu indi sizi niyə təəccübləndirir? Axı… Atatürk yoxdur. O Atatürk ki, İzmirdə yunanlara qalib gələndən sonra döyüş meydanını gəzir. Yerdə düşmən bayrağını görür. Əsgəri çağırır:

- Bu nədir, əsgər?

- Düşmən bayrağıdır, paşam!

- Görürəm düşmən bayrağıdır. Amma o bayraq bir millətin qürurudur. Qaldır onu ayaq altından!

Əsgər yunan bayrağını qaldırır. Yəni düşmən bayrağını. Bunlar isə bizə “qardaş” deyib, bayrağımızı ayaq altına atdılar.

Bayramoğlu, Qatırçıoğlu, qarğaoğlu, alabatdağoğlu… Atatürkün əsgəri deyil. AKP-nin yandaşlarıdır, iqtidardan təpki gözləməyin. Bəlkə yenə çıxılmaz qalıb, nəsə söyləyələr. Amma çox gec olacaq. Hər şeyə reaksiya verən, hər gün saatlarla danışan Ərdoğan bəlkə bir-iki kəlmə “xatirin qalmasın” deyə dilə gətirəcək. Bu da yalnız bir ehtimaldır.

Bunu da unutmayın!

Əgər o dörd nəfər, o şərəfsizlər kvartetində tək bircə nəfər CHP-li, Səadət, Vətən… partiyalı olsaydı, Ərdoğan saatlarla yox, günlərlə danışardı. Xəyanətdən söz açardı, öz etibarından danışırdı.

CHP-li var də! Niyə danışmır? Avropa Şurasında ermənilərin təzyiqi ilə hazırlanan, Azərbaycan əleyhinə olan o sərsəmnaməyə yekdilliklə səs verdilər. Hə, özü də CHP-lilər.

Biz daha çox şey deyərdik, çox mətləbdən danışardıq. Amma niyə bir-birimizi yoraq? Hər şey sərhəd qapısından, Türk qız-gəlininin təhqir olunduğu Aktamar kilsəsinin təmirindən, geydirmə “soyqırım” günü Ərdoğanın ermənilərə təəssüfünü bildirməkdən başlamadımı?

Bax, bu Bayramoğlu, Qatırçıoğlu, öküzoğlu, qurbağaoğlu, kərtənkələoğlu… o cür işləklərdən doğuldular. Hələlik isə bir kvartetin konsertini eşitdik. Ehtiyatda xor, simfonik orkestr, daha çox şeylər var, qardaşım.

Səsi sonra çıxacaq…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi