Modern.az

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI

Ədəbi̇yyat

18 Oktyabr 2017, 16:31

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Ermənilərin gəlmə olmaları barədə...


Y.V.Çəmənzəminlinin “İki od arasında” əsərində xanla Molla Pənah Vaqif arasında olan bir söhbət də maraqlıdır. Belə ki, Molla Pənah Vaqif xana bu gün əlinə qəribə bir kitab düşdüyünü deyir. Onu da deyir ki, həmin kitabda bu ölkənin (yəni Azərbaycanın) tarixi ilə bağlı əhvalat və hadisələr yazılmışdır. Molla Pənah Vaqif həmin əhvalat və hadisələrin bəzilərini danışmağa başlayır. Qeyd edir ki, Məhəmmədin Məkkədən Mədinəyə köçməsindən min il qabaq Qarabağda zərdüştlər yaşamış, Turan elləri Dərbənddən, İskəndər səddindən keçərək buraları yağma etmişlər. Onu da xana nağıl etmişdir ki, “Şahnamə”də rəvayət olunan İran Turan davası Kür çayı ilə Araz çayı arasında baş vermişdir. Söhbətin bu məqamında Ağası bəy müdaxilə edərək deyir ki, Pənah xan Əfşar Fətəli xanın üstünə gedərkən o, yaralanıb Ərdəbildə yatır. Orada qoca bir şeyx onun yarasını sağaldır, həm də Ağası bəyə deyir ki, Aran böyük bir ölkə olmuş, mərkəzi isə Gəncədə yerləşmişdir. Elə bu an İbrahim xan Vaqifdən həmin vaxt ermənilərin harada olmasını soruşmuşdur. İbrahim xanın sorğusu belə olmuşdur:

“- Bəs bu ermənilər harada imiş?

Vaqif sakit səslə:

-  Ermənilər buralara çox sonralar gəlmişlər; bunlar Çingiz və Teymurləngin zülmündən qaçıb, bu dağlara sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “sığınaq” deyirlər... ermənilər başı bəlalı tayfa olublar”.

İbrahim xanın Aran dövründə ermənilərin harada olmasını soruşması, Molla Pənah Vaqifin ermənilərin buralara sonralar gəlməsini deməsi istər-istəməz sual doğurur. İbrahim xan niyə ermənilərin harada olmasını (Aran dövründə) soruşur? Niyə Molla Pənah Vaqif bu suala cavab verir? Həm də ermənilərin buralara sonralar gəldiyini xanın nəzərinə çatdırır. Görünür ki, İbrahim xanın dövründə də buralarda, o cümlədən Qarabağda sığınacaq tapmış ermənilər rahat dayanmayıb, minbir oyundan çıxıblar. Doğrudan da Qarabağ xanlığı dövründə erməni məlikləri və keşişləri rus sarayı ilə əlaqələrini davam etdirmiş, Qarabağın hərbi əhəmiyyəti olan bütün sirlərini onlara çatdırmışlar. Hətta rus sarayının buraya olan diqqətini artırmaq üçün onlara vədlər vermiş, bu ərazilərin zənginliyindən danışmış, qızıl və gümüş mədənlərinin olduğunu söyləmişlər. Yenə də “İki od arasında” əsərindən bəzi məqamlar: “Xan qaynı Cümşüdü (Cümşüd ermənidir – B.X.) yanına çağırtdırdı. Cümşüd qorxu içində gəldi. Xan Ağası bəylə oturub, düşüncəyə dalmışdı. Cümşüd salam verdi. Xan onun salamını almadı. Bir az ayaq üstə qaldıqdan sonra xan onu qəzəblə süzüb:– Otur! – dedi və həyəcanla danışmağa başladı:

–        Balam, sən erməni, mən müsəlman – heç məndən əziyyət görmüsən?

Cümşüd itaətli bir halda:

–Allah eləməsin, xan, – dedi, həmişə hörmət görmüşük!

–Bacın neçə ildir ki, mənim əyalımdır, məndən güldən ağır bir şey eşidib?

–Allah eləməsin!

–Atan məndən, ya rəhmətlik atamdan heç incimişdi?

–Allah rəhmət eləsin, nə rəhmətlik Pənah xandan, nə də səndən bir tikə də inciməyib.

–Yaxşı, bəs bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dızaq məliyi İsa ruslara bel bağlayıb, alt-üst danışır. Bilmir ki, bir İsanı, on İsanı, yüz İsanı, – burada xanın səsi yüksəldi, – yox eləmək mənim əlimdə bir qurtum su içmək kimi bir şeydir!..

Cümşüd yavaş səslə:

–Əlbəttə ki, xan!.. – dedi. – Bilirsən ki, başı batmış dörd məlik mənim atamla da düşmənçilik edib. Qudurğanlıq edirlər.

Xan yenə hiddətləndi:

–Qudurğanın boynunu sındırarlar! – dedi”.

Xan daha sonra davam edərək Cümşüdə deyir:

“ – Biz dedik, müdarə ilə dolanaq, sənin bacını aldım ki, aralıqda qohumluq da olsun. Daha üzdə bir, dalda da ayrı cür olmaq demədik. Adam yorğanına görə ayaq uzadar, cəmi Qarabağ xanlığında 6 min evsiniz, bir dəfə göz eləsəm, sizin toxumunuzu yer üzündən kəsərlər. Amma mən pislik eləmək istəmirəm. Deyərlər: “Papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”. Adam gərək gerisini düşünsün. Petro padşah sizə nələr vəd eləmişdi, nə oldu? Köməyə gələrəm deyə, “dəliyə yel, əlinə bel” verdi, sizi müsəlmanların canına salmaq istədi. O qonaq idi – gəldi, getdi, ortalıqda qırılan siz oldunuz. Bu, yaddan çıxdı?” Xanın bu dedikləri təsdiq edir ki, ermənilər üzdə bir, dalda ayrı cür hərəkət edir, başqa xalqlar, böyük dövlətlər tərəfindən öyrədilir və müsəlmanların canına salınır. Hiss olunur ki, ermənilər aranı o qədər qatırlar ki, xan buna dözməyib əsəbləşir və Ağası bəyə deyir:

“ – Bu saat Dızağa üç yüz atlı göndər o köpək oğlu İsanı (İsa ermənidir–B.X.) tutub assınlar, evini, mülkünü dağıtsınlar! Daşı daş üstə qoymasınlar! Mən onu Dızaq sığnağına yüzbaşı tikdim, daha başıma bəla demədim”.


“İki od arasında” əsərində ermənilərin dinc oturmadıqları, gəlib-gedənin yolunu kəsdikləri, gəlmə bir xalq olduqları qeyd olunur. Bunları əsərdəki belə bir parçaya diqqət yetirməklə də müşahidə etmək mümkündür:

“Xanın yenə üzü sərtləşməyə başladı.

–  Axund – dedi, – görürsən, ermənilər yenə tüğyan edib. Elə deyirsən, müdara ilə dolan. Bu da müdara! Badaralı Gapı Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır. Dığanın biri də qaçaqlıq eşqinə düşüb, üstümüzə ayaq alıb.

Vaqif düşüncəli:

– Bunlar hamısı məliklərin işidir, – dedi, – xalqı qızışdırıb, avara qoyurlar. Elə bilirlər ki, rus gəlib, bunları xan edəcək.

Xan Dızaq sığnağına atlı göndərdiyini söylədi. Vaqif heyfsilənən kimi oldu və dedi:

–Nə etməli – ayrı əlac qalmayır. Bunlar dinc otursaydılar, elə vətənləri Loristanda qalardılar, daha qaçıb Qarabağa gəlməzdilər”.

Ermənilərin dini dəyərlərimizə qərəzli münasibəti...

Ermənilərin dini dəyərlərimizi hədəfə götürmələri, müsəlmanlara qərəzli münasibətləri, mənasız olaraq qaşınmayan yerdən qan çıxarmaları və s. xüsusiyyətləri də “İki od arasında” əsərində bədii detallarla açıqlanır. Belə ki, erməni qaçaq Gapı meşəlikdə Xanməmmədə hücum edir, onu qorxudur. Xan bu hadisənin necə olduğunu, necə baş verdiyini, Xanməmmədin qorxusundan Allahı – peyğəmbəri dandığını bilir. Təbii ki, əsəbiləşir, Xanməmməddən hadisənin altdan-üstdən yox, düz tərəfini soruşur. Xanməmməd deyir:

“ – Düzünü deyim... Neyləyim... İş insan başına gələr... Xan sağ olsun, Ballıca çayından keçib gəlirdim. Bir də meşəlikdən bir səs eşidib bərk... qorxdum. Durdum. Görəm qaçaq Gapı. Dedi: “A köpək oğlu müsəlman, deyinən Məhəmməd peyğəmbər yalançı idi, İsa doğruçu”. Xan sağ olsun, baxdım gördüm, deməsəm, bu məni vuracaq... Yer də pis yer idi, o meşədə, mən düz yerdə... Can da şirin şeydir... Əlacım kəsildi, dedim. Dedi: “Deyinən Allah da bir şey deyil, asdos (ermənicə Allah deməkdir – B.X.) yaxşıdır”. İstədim bir nəfəs alıb fikirləşim, gördüm köpək oğlunun ermənisi məni vuracaq, balalarım yetim qalacaq...

Xan qəzəbləndi:

–Demək, aftafa görməmiş bir dığadan qorxub, Allahı da dandın?

Xanməmməd bir az cəsarətlə:

–Ay xan, – dedi, – vallah, yer çox pis yer idi, sən olsaydın, elə Gapının özünə də “Allah” deyərdin!

         Xan şaqqıltı ilə gülməyə başladı. Vaqifin də barmağını kəsəydin özündən xəbəri olmazdı”.

Ermənilər milli və dini zəmində böyük dövlətlər tərəfindən alət kimi istifadə olunub...

“İki od arasında” əsərində böyük dövlətlərin, xüsusi marağı olan dövlətlərin ermənilərlə əlaqəyə girməsi məsələsi diqqətdən yayınmamışdır. Rus-Osmanlı müharibəsi Kiçik Qaynarça müqaviləsi ilə nəticələndikdən sonra Rusiyanın Krımı ələ keçirməsi, Qara dəniz sahillərinə çıxması, ancaq hələ də Yekaterinanın Şərq proqramını bitirməməsi və buna görə də Qafqaz səfərinə hazırlığın başlanması, Şərq işlərinin Qriqori Aleksandroviç Potyomkinə tapşırılması, o da Qafqaz xəttinə əmisi oğlu general poruçik P.Potyomkini təyin etməsi, P.Potyomkinin erməni və gürcülərlə əlaqəyə girməsini bir vəzifə kimi öhdəsinə götürməsi mətləbləri açıqlanır.

        
Ermənilərin bu vəziyyətdən istifadə edərək məliklərinin və keşişlərinin əlaltından apardıqları işləri dəstəkləyir, aranı qatmaqla məşğul olurdular. Bu barədə əsərdə oxuyuruq: “Məliklər İran padşahları tərəfindən erməni sığnaqlarına təyin olunmuş yüzbaşılar idi. Bu yüzbaşılar İranda tez-tez baş verən qarışıqlıqdan istifadə edərək məliklik rütbəsinə irsi bir ünvan kimi baxmağa və kəndini bir rəiyyət kimi istismar etməyə alışmışdılar. Odur ki, bur məliyi çıxarıb, yerinə bir ayrısını qoymaq, köhnə məliyi çörəkdən saldığı üçün, qilü-qal qoparır, milli məsələ meydana çıxır, müsəlman-erməni düşmənçiliyi körüklənməyə başlayırdı. Çar imperializminin Şərq siyasəti də bu haldan bol-bol istifadə edir, məliklər və keşişlər vasitəsilə əməkçi erməni xalqını əlində vasitə edirdi. I Pyotrun Qafqaza gəlib getməsi Oriy və Vartapet Minasın vasitəsilə erməni xalqına böyük ümidlər verib, müsəlmanların üstünə qaldırması və nəticədə ermənilərin boş-boşuna qırılması bəzi ermənilərə məsələyə ehtiyatla yanaşmaq duyğusu vermişdi”. Doğrudan da Yusif Vəzir Çəmənzəminli məsələnin şərhini çox dəqiq vermişdir. Həmişə erməni xalqına böyük ümidlər veriblər, onları müsəlmanların üstünə qaldırıblar. Ancaq ermənilər dəfələrlə olan bu hadisələrdən ibrət dərsi götürməyiblər. Ermənilərdən həm milli, həm dini zəmində bir alət kimi istifadə olunubdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi