Modern.az

Nazir səfiri məlumatlandırdı

Nazir səfiri məlumatlandırdı

18 Oktyabr 2017, 19:51

Daxili işlər naziri, general-polkovnik  Ramil Usubov bu gün  Tacikistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Rustam Solini qəbul edib. Modern.az xəbər verir ki, daxili işlər naziri dövlətlərimiz arasında əlaqələrin tarixinin uzaq əsrlərə təsadüf etdiyini xatırladıb, hər iki dövlət başçısının siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi-demokratik islahatların həyata  keçirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, xidməti fəaliyyətin təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli addımların atıldığını xatırladan nazir hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi ilə bağlı məlumat verib. Nazir həmçinin, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Avtomatik İdarəetmə Sisteminin, "102 " Zəng Mərkəzi sisteminin yaradıldığını, paytaxt da daxil olmaqla respublikamızın əksər şəhər və rayonlarının küçə və prospektlərində, magistral yollarda 110 mindən çox kamera quraşdırıldığını diqqətə çatdırıb.

Daxili işlər naziri deyib ki, indi ölkəmiz nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin  əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb. Belə bir fakt da məmnunluqla vurğulanıb ki, son 5 il ərzində Tacikistan vətəndaşlarına qarşı və onlar tərəfindən cinayət hadisəsi qeydə alınmayıb.

Problemlərə toxunan  Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını bildirib.

Səfir Rustam Soli tanışlıq məqsədi daşıyan səmimi qəbula və geniş məlumata görə minnətdarlığını bildirərək Dövlət müstəqilliyinin bərpası günü münasibətilə nazir Ramil Usubovu təbrik edib. O, Bakıda böyük quruculuq və abadlıq işlərinin getiyindən, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını nəzərə çatdıraraq xalqlarımız və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulayıb, eyni zamanda, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən onun terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli növlərinə qarşı birgə mübarizə aparılması sahəsində səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də ətraflı müzakirə olunub.        

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı