Modern.az

\"Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq\" - Qurban Qurbanov

\

18 Oktyabr 2017, 22:56

"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq”. Modern.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Atletiko” ilə oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi bildirib ki, "Qarabağ" üçün ağır bir oyun olub: "Oyunçularımız çox əziyyət çəkdilər. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

Baş məşqçi futbolçuların bu oyunda çox güc itirdiklərini qeyd edib: "Rəqib də hücumçularımızın arxaya çəkilməsində rol oynadı. Bu cür turnirlərdə gərginlik çox olur. Həm Maksim Medvedev, həm də Bədavi Hüseynov zədələndi. Ümumiyyətlə, bu cür oyunlardan sonra futbolçuların bərpası üçün çox vaxt gərək olur. Futbolçularım bu gərginliyə dözdü. Buna görə sevinirəm. Təəssüf ki, Çempionlar Liqasındakı komandaların hamısı bu cəhətdən bizdən üstündü. Onlar mövsüm ərzində 50-60 belə oyunlara çıxırlar. Futbolçularıma sonadək mübarizə apardıqlarına görə təşəkkür edirəm".

Növbəti oyunda Dino Ndlovunu kimin əvəzləməsinə gəldikdə isə Q.Qurbanov buna hələ qərar vermədiyini bildirib: "Elə də çox variantımız yoxdur - Ramil Şeydayev və ya Mahir Mədətov. Oyunu tam analiz etdikdən sonra bu məsələ ilə bağlı qərar verəcəyik. O ki, qaldı Ndlovunun epizoduna, təkrara baxacağıq. Müraciət üçün ehtiyac görmürəm. Çünki, bir dəfə müraciət etdik, cavabı da hamınız bilirsiniz. Biz bu cür turnirlərdə yeniyik. Digər komandalar bu cür epizodlara öyrəşiblər. Məncə, hər belə epizoda görə UEFA-ya müraciət etməyə gərək yoxdur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir