Modern.az

Məzuniyyətə gələcəyini gözləyirdilər, tabutunu aldılar - Aprel şəhidinin HƏYAT HEKAYƏTİ - FOTO

Məzuniyyətə gələcəyini gözləyirdilər, tabutunu aldılar - Aprel şəhidinin HƏYAT HEKAYƏTİ - FOTO

19 Oktyabr 2017, 08:42

Vətəni qibləgah edən şəhidlər


Günün günorta çağı İmranın telefon zəngi Güllü  xalanı narahat etmədi. Oğlu İmran Bakıdan zəng vurub, halını soruşdu. O da “ay bala, mənə heç nə olmayıb, elə təzə getmisən ki burdan, narahat olma, sağ-salamatam”,- deyə cavab verdi.

Lakin dəstəyi asandan sonra, İmranın dizləri titrədi, qulaqları tutuldu, boğazı qurudu, damarında qanı dondu. Neyləyəcəyini bilmədi. Əslində nə baş verdiyini anlamırdı... Həmin an beyni də donmuşdu. Neçə saniyə, dəqiqə keçdiyini bilmir, amma qeyri-ixtiyari bir az əvvəl ona zəng vurub “ay oğul, ananın halı yaman pisləşib, durun gəlin kəndə... biz də ora gedirik” deyən dayısı Aydın kişiyə telefon açdı:


- Ay dayı, mənə düznü de, nə olub, anama zəng vurdum, salamatdır axı...

-Yox ay bala, mən o sözü sənə deyə bilməyəcəm,.. bağışla məni, oğul...- dedi və telefonu söndürdüi Aydın kişi.

Sonra Cəlilabad rayonunun Hərbi Komissarlığından zəng vurub dedilər ki, “İmran, özünü möhkəm saxla, başını dik tut, oğlun qəhrəmancasına həlak olub...”.

Soruşdular ki, oğlunun tabutunu hara aparsınlar, o da heç nə olmayıbmış kimi, “aparın kəndimizə, Məlikqasımlı kəndinə” dedi.

Başını geri döndərəndə həyat yoldaşı Vəfanı zülüm-zülüm ağlayan gördü. Ailə qurduqları bu 23 ildə heç vaxt Vəfa belə ağlamamışdı.  “Yooooxxxx... mənim balama heç nə ola bilməz, mənim Röyalıma heç nə ola bilməz... İmran de ki, yalandır... De ki, balam salamatdır....”.

                                                

Dolanmaq, gün-güzəran düzəltmək üçün Məlikqasımlı kəndində iş-güc olmadığından, 10 il idi ki, İmran külfətini yığıb, Bakıının Sabunçu rayonuna köçmüşdü. Burda onun-bunun qapısında fəhləlik edib, ailəsini saxlamaq, üç oğlunu bir yana çıxarmaq, Uzuntəpə kəndində 10 il bundan əvvəl təməlini qoyduqları evi tikib içərisinə yığışmaq üçün, gecəni-gündüzə qatırdı... Bu da sonu...

Vəfanın bacısı oğlu tez haraya gəldi. “Pis xəbər tez yayılar” deyirlər.  Onun  maşınına oturub, Cəlilabada tərəf yola düşdülər.


İmran Nəsirov əsgərlikdəki oğlu Röyal ilə martın 28-də danışmışdı. Uşağın səsi də elə gümrah gəlirdi ki... Hərbi xidmətindən də həmişə razılıq edirdi. Aprelin 1-dən sonra Röyalı axtarmaq üçün əlində olan bütün nömrələrə zəng vurdu, telefonlar cavab vermədi. Cavab verən də dedi ki, uşaqlar cəbhə bölgəsindədir. Elə həmin günü Cəlilabada anası Güllü xanıma dəyməyə getdi. Onları narahat görmədi. Burada olan dost-tanışdan da cəbhə bölgəsində nələr baş verdiyini soraqladı, hər kəsin bildiyi bir o idi ki, Azərbaycan Ordusu düşməndən torpaqlarını geri almaq üçün əks-hücuma keçib. İki gün anasının yanında qalandan sonra orda qərar tuta bilməyib, Bakıya döndü. Burada da köhnə cəbhə yoldaşlarından, dostlarından xəbərlər almaq istədi. Heç kim, heç nə bilmirdi.
Aprelin 8-nə qədər dünyası dünyasından oldu. Nə həyat yoldaşı Vəfa, nə də özünün gözlərinə yuxu getdi. Dünya gözündə daralmışdı. Lakin oğluna nəsə olacağını düşünmürdü. 9 ay idi ki, Röyal əsgər idi, xidmət etdiyi hərbi hissədə ancaq hörmət qazanmışdı. Andiçməsində yanına getmişdilər. Könül xoşluğu ilə ayrılmışdılar. Özünün cəbhədə olduğu illəri xatırladı. Həmin illərdən oğulları  Səhruza, Röyala, Maqsuda o qədər xatirələr danışmışdı ki...
Hələ lap balaca olanda Röyal atasının çiynindəki güllə  yarasını görüb, bu çapığın nədən yarandığını soruşmuşdu. İmran da 1992-1995-ci illərdə könüllüər dəstəsində ermənilərlə necə vuruşduqlarından, yanında şəhid olan dostlarından danışmışdı onlara. Bir dəfə isə Röyal gözləri dolmuş halda “ata, dayan... mən böyüyəndə gedib səni vuran erməniləri öldürəcəyəm...” demişdi.  Bir də ki, atasının müharibədə işlətdiyi snayper və pulemyot silahları ilə maraqlanmışdı...


El-obasının, kəndinin tarixi ilə maraqlanardı Röyal. Atasının atlar haqqında danışdığını heç vaxt unutmurdu. Həmin hadisələri Bakının Sabunçu rayonunda oxuduğu 130 saylı məktəbdəki sinif yoldaşlarına da danışmışdı:
“Bizim rayonumuz ən qədim türk yurdudur. Burada Dədə Qorqudun, onun əqrəbalarının izləri var. Buravar, Talış dağlarının ətəklərində ən qədim yaşayış məskənləri aşkar olunub. Hətta insanın bu gün dostu, döyüş yoldaşı olan atları da ilk dəfə Cəlilabadın ərazisindəki  Əliköməktəpə deyilən yerdə türklər əhliləşdiriblər. Burada tapılan kurqanlarda o qədər at olan məzarlıqlar aşkar edilib ki... Qazıntılar zamanı aşkarlanmış at sümüklərinə əsasən, güman edilir ki, at əhliləşdirilməsi eneolit dövründə e.ə. V minillikdə başlayıb, bununla da Əliköməktəpə abidəsi Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır”.

Məktəbdə “Kitabi Dədə Qorqud” dastanını keçəndə ədəbiyyat dərsində  QAZAN KÖŞKÜndən danışmışdı: “Bu yerə Cəlilabad ərazisindəki ən məşhur tarixi abidə deyə bilərik. Bu köşk rayonun ən dağlıq hissəsində, Yardımlı ilə sərhəddə yerləşir. Mərkəzdən təxminən 48 km məsafədədir. Çox çətin yolları var. Köşk qayalardan ibarət təbii abidədir. Bununla bağlı müxtəlif mülahizələr var. Qazan xanın vəziri, Fəzlullah Rəşidin “Came – ət tavarix” kitabında deyilir ki, Qazan xan Biləsuvara gəldi. Həməşərədə olub, Talış dağlarının qurtaracağındakı ən yüksək zirvəyə qalxdı və arvadı Burla Xatun ilə oraya yerləşdi. Bir müddət qalada istirahət etdikdən sonra Təbrizə yollandı. Köşk Qazan xanın yay istirahət düşərgəsi olub, onun adı ilə adlanıb. Qazan xan islam dinini qəbul edən ilk Elxani hökmdarıdır. Köşkün ətrafındakı toponimlərin hamısı Dədə Qorqud dastanında adları çəkilən yerlərdir. Muğan zonası Qazan xanın ov ovlayıb, at oynatdığı yerlər hesab edilir”.

Bir də ki, Cəlilabadın qədim tarixi ilə bağlı olan Aşılı (Haşılı bazarı) Şirvanlı Məşədi Məhəmmədin əhvalatını unuda bilmirdi. Bu əhvalatı, Şirvanlı Məşədi Məhəmməd haqqındakı əhvalatı isə ona babası danışmışdı, özü isə tarix kitablarından, internetdən oxumuşdu: 
“Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşəra şəhəri eramızdan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala divarları ilə əhatə olunduğu göstərilib. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı adı ilə məşhurlaşıb. Ərəblər gələnə qədər isə Cəlilabadın əsil adı Asıllı olub. Onlar öz dillərinə uyğun olaraq, şəhərə Hasıllı adı veriblər.

Hasıllı özü Mişarçayın Quzey-Günbatan tayında yerləşirdi. Mişarçayın Güney-Gündoğan tayında binə cuhudları deyilən ruslar yaşayırdı, Hasıllı ilə binə cuhudların kəndinin arası yüz əlli arşın ancaq olardı. Hasıllı bazarına Azərbaycanın çox yerlərindən tacirlər gələr, öz mallarını buradakı alıcılara satardılar. Bura alverə gələn şirvanlı Məşədi Məmməd sonradan Hasıllı bazarında dükan tikib böyük ticarətə başlamışdı. Məşədi Məmməd Hasıllıda yerini bərkidəndən sonra, buraya onun yerliləri olan şirvanlılar da axın etdilər, köçüb gəlməyə başladılar, Məşədi Məmməd də hamıya olduğu kimi, öz yerlilərinə də əlindən gələn yardımı əsirgəməz, onlara burada yer-yurd salmağa kömək eləyərdi.
Məşədi Məmmədin alverinin yaxşı getməsinin bir niyəsi onun ucuzcul olması, geniş çeşidli mallar tapıb gətirməsi idisə, başqa bir niyəsi də onun çox əliaçıq bir insan olması idi. O, kimliyindən asılı olmayaraq, işi düşənlərə yardım eləyər, yoxsullara əl tutar, bacardıqca hamıyla yaxşı davranmağa çalışardı. Birdən kimsə toy üçün geyim-gecim almağa gəlsə, Məşədi Məmməd deyərmiş: “Gəlinimin çadrasını aldığım qiymətdən verəcəyəm”.

Toy geyim-gecimi alınıb yığılandan, pulu veriləndən sonra, Məşədi Məmməd gəlin üçün ən azından bir yaxşı kəlayağı bağışlarmış. Məşədi Məmmədin alverinin belə yaxşı getməyini yerli tacirlərin gözü götürmədiyindən, onlar günlərin birində bir qarışıqlıq salıb, yerli adamlarla şirvanlılar arasında toqquşma yaratdılar, sonra da Məşədi Məmmədə dedilər: “Sən gərək öz yerlin şirvanlıları da götürüb bizim bazardan çıxasan”. Məşədi Məmməd qarşıdurma yaratmaq istəməyib, 1916-cı ilin yazında, yaxınlıqdakı Astarxanovka kəndindəki ruslardan əlli giri buğdanın yerini satın alaraq, orada bazar açdı. Hasıllı bazarında başqa yerlərdən gəlmə tacirlər də, yerli tacirlər onlara yaxşı üz göstərmədiklərindən, Məşədi Məmmədin bazarına köçüb getdilər. Məşədi Məmməd ruslardan aldığı torpaqda qabaqca özünə çox gözəl bir ev tikdi, sonra çox planlı bir şəkildə bir bazar, onun çevrəsində yenə də planla evlər tikdirməyə başladı. Bir sözlə, yeni bir şəhər salınmağa başladı. Məşədi Məmməd onun bazarına gələnlər üçün özü dükan inşa etdirər, köçüb gələnlər üçün də evlər tikdirərdi. Məşədi Məmməd yeni bazar salandan sonra, oradakı dükanlarını uzaq yerlərdən gətirilmə, çətin tapılan mallarla doldurdu. Bu malları həm də çox uyğun-ucuz qiymətə satar, bazarındakı tacirlərə də insafla alver eləməyi gənəşərdi. Məşədi Məmməd öz bazarından bir az aralıda mal-qara satışı üçün Mal bazarı deyilən bir bazar da saldırmışdı. Beləliklə də, bir-birinə yaxın olan iki bazar yarandı, Hasıllı bazarına yuxarı, Məşədi Məmmədin bazarına aşağı bazar deyərdilər. Məşədi Məmməd alver işlərini yaxşı qurduğundan, yavaş-yavaş Hasıllı bazarı sıradan çıxmağa başladı. Məşədi Məmməd haqqında bu gün də Cəlilabadda yaxşı sözlər dolaşmaqdadır. Deyilənə görə, öləcəyi ürəyinə daman Məşədi Məmməd nisyə dəftərini sobaya atıb yandıraraq, yaxın adamlarına demişdi: "Birdən mən öləndən sonra adamları borca görə incidərsiniz, kimin imkanı, vicdanı var gətirib borclarını verər, gətirməyənləri də bağışlayıram".

Xəyyallarında bir Məşədi Mmməd adlı qəhrəmanı var idi Röyalın. Fikirləşirdi ki, əsgərlikdən qayıtdıqdan sonra, Allah ona bir imkan yetirər, ata-anasını qayğıdan, qardaşlarını ehtiyacdan qurtarar. Allah böyük Allahdır. Bəzən gözləmədiyi yerdən insana elə ruzi, elə şans yetirər ki... Arzuya bax eeee... Yaxşı ki, Tanrı insana düşünmək, arzu etmək qabiliyyəti verib. İnsanın arzuları olmasa, yəqin ki, o heç sabahın da açılmasını gözləyə biməz. Həqiqətən də arzular insan ömrünü uzadır, insana ən çətin anlarında belə, yaşamaq üçün stimul verir.

Cəlilabadın Məlikqasımlı kəndinə gecə 03:30-da çatdılar. Artıq yaxın qohum-qonşular, el-oba İmranın atasının həyətinə yığışmışdı... Səhərə yaxın isə 19 yaşlı Röyalın bayrağa bükülü tabutunu gətirdilər. Güllü xala dünyanı dağıdırdı. Gələndən-agedəndən nəvəsini soruşurdu. Deyirdi ki, axı onu salamt yola salmışdı...  Bu neçə günü Röyalın qardaşları, atası və anası onun evə belə qayıdacağını ağıllarının ucundan keçirmiəmişdilər. Onlar Röyalı gözləyirdilər. Gözləyirdilər ki,  məzuniyyətə gələcək.


- Elə yanıram, elə odlanıram ki... Hər sözü-söhbəti, gülüşü, baxışı, ədaları düşür yadıma, - deyir şəhid anası Vəfa.  


- Doğuluşundan  evimə tabutda gəldiyi günə qədər bütün həyatı gözlərimin önündə bir kino lenti kimi fırlanır. Hansı bir hərəkətindən danışım ki, ürəyim soyusun. Heç kim, heç nə onun yerini vermir, onu əvəz eləmir. İki oğlum bir yana, o bir yana... Röyal başqa cür uşaq idi. Həm nadinc idi, həm qoçaq idi...  Əsgər getməzdən əvvəl Sabunçuda yaşıllaşdırma idarəsində işlədi. Fəhləlik eləyib pul qazanmağa başladı. Dedi ki, atama denən daha işləməsin, mən işləyəcəyəm. Bir dəfə də  öz pulundan mənim üçün 8 Mart hədiyyəsi aldı. Dedi ki, “ana sənə hədiyyə almışam”.

Soruşdum:

-Güldür?

Dedi:

-Gül tez solur.

-Ətirdir.

-Ətir də tez qurtarır.

-Bəs nədir oğul?

- Qurani Kərim kitabıdır. Aldım ki, hər zaman səninlə olsun.


Özünü vaxtından əvvəl böyütmüşdü. Ancaq ən böyük arzusu hərbçi olmaq idi. 
Voleybolu, futbolu çox sevirdi... Böyük qardaşı əsgərlikdən qayıdanda, onun paltarlarını geyinib, darvazanın ağzında durdu, şəkil çəkdirdi. Ancaq onu əsgərliyə bir az gec apardılar. Sinə sümüyündə problem var idi. Həkim yoxlamasından keçəndə, deyib ki, onu xəstə, yararsız yazmasınlar. Onsuz da gedib, könüllü yazılacaq.

Bir neçə ay müalicə alandan sonra, öz dediyini elədi,  2015-ci il iyunun 30-da əsgərliyə çağırdılar. Günorta  atası evə gətirdi. Hələ bir neçə saat vaxt vardı. Kələm dolmasını çox sevirdi. Gətirib qoydum süfrəyə, yedi... Kresloda oturub bizə baxanda, gözləri doldu... Unuda bilmirəm, o baxışlarını... Hər dəfə kələm dolması bişirəndə oğlumun o məsum baxışları düşür yadıma. Darvazanın ağzından onu yola salanda, qolunu boynuma salıb, qucaqladı məni...


Mart ayının 16-da əsgər getməyinin 9 ayı tamam olmuşdu.  Bircə dəfə andiçmə mərasimində getdik Naftalana... Nə qədər şəkil çəkdirdi mənimlə... Qolunu yenə boynuma salıb dedi ki, “ana, mən çox qaralmıışam?”. Dedim, qurban olum, niyə ki, elə həmin Röyalsan. Dedi “bəs, onda bu qızlar mənə niyə baxmırlar?”.
Hər ikimiz başladıq ürəkdən gülməyə... bizdən ayrılanda baxıb gördüm ki, yanağında göz yaşları gilələnib... Mənim gülüşüm də, sevincim də Röyal idi. Bir dəfə də şəklini göndərib, sonra telefonla danışanda dedi  “ana gör bu şəkildəki oğlan burda nələr edəcək, adım Vətənlə bir olacaq”. Dedim, “ay bala, əsgərlikdir də, orda nə etmək olur ki”...


İndi Uzuntəpə kəndindəki bu oturduğumuz evi 2007-ci ildən tikməyə başlamışıq. Bu evin ərsəyə gəlməsində onun da əməyi olub. Elə istəyirdi ki, evi tez tikib qurtaraq, içərisinə yığışaq, balama arzuladığı evdə rahat yaşamaq qismət olmadı.  Aprelin 3-də məzuniyyətə gələcəkdi.  Gedib bazarlıq edib gətirdim. Sevdiyi kələm dolmasını bişirdim. Paxlava bişirdim.  Televizoru açdım. Gördüm ki, şəhidlərimiz  haqqında xəbərlər var.  Dəli oldum. O gündən rahatlıq tapa bilmədim. Səhəri gün 33 şəhidin olduğunu dedilər... Adları oxuyanda, Röyalın adını eşitmədim,   sakitləşdim. Başladım o şəhidləri ağlamağa. Dedim, ay ananız ölsün, indi necə dözəcəklər oğul dərdinə... aprelin 5-i oldu, 6-sı oldu... Oğlumdan xəbər gəlmədi. Aprelin 8-i yoldaşımın dayısı axşam zəng vurub dedi. Heç bilmirəm o yolu necə gəldik...


Şəhid atası İmran Nəsirov:

-Mən məğlubiyyət görmüş adamam. Bizim  torpaqlarımız uğrunda apardığımız haqq davalarımızın hamısının axırı məğlubiyyət olurdu. Biz bu tərəfdən alırdıq, o biri tərəfdən rusların göstərişi ilə, yuxarıdakılar yenidən aldığımız kəndləri, postları qaytarırdılar erməniyə. Ağdamda, Tərtərdə, Ağdərədə olan döyüşlərdə o qədər dəhşətlər gördük ki... Təsəvvür edin kı, sən qan töküb torpaq alırsan, sonra o qanla suvarılmış torpağı yenidən düşmənə verirlər. Düşmən də həmin qan tökülən torpaqda geninə-boluna gəzir... O hadisələr yadıma düşəndə bilmirdim neyləyim. Ancaq oğlum və onunla birlikdə şəhid olan, vuruşan Vətən oğulların qismətinə başqa bir qalibiyyət yazıldı. Onların aldıqları torpaqda artıq özümüz gəzirik. Həmin gecə vuruşan oğullarımızın döyüş ruhu onları o qələbəyə apardı.


Mənim oğlumu da 2016-cı il aprelin 9-da  o qələbəyə, Qalibiyyətə layiq dəfn etdilər. Sonra dostlarını, komandirini danışdırdım. Dedilər ki, Röyal döyüşdə pulemyoitçu idi. Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə ilk saatlarda düşmən cəbhəsinin yarıb, irəli gedənlərdən biri də Röyal olub.  Onunla birlikdə döyüşən dostları deyirdi ki,  döyüş təzə başlayanda, çiynindən yaralanır. Yanındakı  döyüş yoldaşı da yaralı olur. Onu döyüş meydanından çıxarandan sonra, özü yenə meydana qayıdır. Yenidən 7 nəfərlə bir posta girirlər. Bunları arxadan snayperçimiz müşahidə etdiyindən Röyal qabaqda gedir.  Ermənilərin başlarını itirib qaçdığını  gördüyündən sevinir, əynindəki,  qoruyucu jiletini  ağırlıq etdiyi üçün çıxarıb atır. Bir az da irəliləyəndən sonra, erməninin arxasına keçərək, orada 14 nəfəri pulemyotla məhv edir.  Bir az keçəndən sonra, baxır ki, sakitlikdir. Elə bilir ki, daha qarşı tərəfdən  atan olmayacaq. Səngərdən çıxmağıyla düşmən snayperi onu nişan alır. Bir güllə kürəyindən, bir güllə də ürəyindən dəymişdi. Demək bu səngərdən çıxanda güllə atılıb və çevriləndə bir güllə də kürəyindən vurublar... Yaxşı ki, Qalibiyyətin nə olduğunu bilib, sonra şəhid oldu. Maraqlı odur ki, döyüşdə  mən də, o da – hər ikimiz çiynimizdən yaralanmışıq...


Mən Cəlilabadın Uzuntəpə kəndində Nəsirovların ailəsində qonaq olanda, ailənin kiçik oğlu Maqsud  Azərbaycan İnşaat və Memarlıq Universitetinə qəbul olunmuşdu. Maqsud və Səhruz qəhrəman qardaşları haqqında belə danışdılar:

-Röyal bizim ortancıl qardaşımız idi. 1997-ci il martın 16-sı doğulmuşdu. 2016-cı ildə də  mart ayında onu gözlədik ki, məzuniyyətə gələcək. Gəlmədi. Sən demə, hər dəfə öz növbəsini  hərbi xidmət yoldaşlarına verirmiş. Onlara deyirmiş ki, “siz gedin, komandirlər mənim xətrimi çox istəyirlər, mən nə vaxt istəsəm gedə bilərəm”. 
Anam neçə dəfə bazarlıq etdi ki, Röyal gələcək. O isə gəlib çıxmadı. Bizim çox xoşbəxt ailəmiz var idi. Məlikqasımlıda doğulsaq da, indi Uzuntəpədə yurd saldıq. Bu bir qismətdir. Çətinliklə, əziyyətlə yaşamışıq. Heç indi də güzəranımız  yaxşı deyil. Ortabab dolanırıq.  Qardaşım ailəmizə çox bağlı idi. Xüsusilə də anama. Əlbəttə, ana üçün hər uşağın öz yeri var. Amma, onunla anamın arasında bir başqa bağlılıq var idi. Elə bil ki, sirdaş idilər. Qardaşım hərbi xidmətə yolanana kimi, ailəmizə hər zaman yardımçı oldu. Qazandı, gətirdi. Özü Azrbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmaq üçün sənəd verdi, ancaq o da qisməti olmadı. Onun andiçmə mərasiminə atam və anam getmişdi.  Onlara demişdi ki, “qardaşlarım da gəlsinlər, onlar üçün darıxmışam”. Bir müddət keçəndən sonra, biz ikimiz də qardaşımla görüşə getdik. Ancaq hardan biləydik ki, bu son görüşdür. Bilsəydik ki, bu son görüşdür, ona bərk-bərk sarılardıq. Onsuz olmayır, hər yerdə yeri görünür Röyalın.


İndi Cəlilabadın Uzuntəpə kəndində Röyal Nəsirovun evinin qabağında bir Azərbycan bayrağı dalğalanır. Əziyyətini çəkdiyi, yaşaya bilmədiyi evdə onun üçün bir otaq ayırıb anası Vəfa. Hər gün o otağa girir, oğlundan qalan əşyalarla, cansız  və canlı xatirələrlə dolu şəkillərlə danışır. Vəfanın 40, həyat yoldaşının 43 yaşı var. Ayaqda durmağı bacaracaqlar. Ən azı, Tanrının onlara bəxş etdiyi digər oğullarının toyunu görmək üçün.


Dünya yaranandan müharibələr baş verib, oğullar  müharibələrdə şəhid olublar. Tarixə biz düzən verə bilmərik ki... Tarixin düzənini böyük güclər yazır.  Gün o gün olsun ki, bizim də haqq səsimizi eşidib, torpaqlarımızın azad olunması üçün yollarımızı açsınlar!!!


Aida Eyvazlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir