Modern.az

Keçmiş həmsədrlər Qarabağ məsələsinə ciddi toxunmadılar - ABŞ-dakı dinləmələrə ETİRAZ

Keçmiş həmsədrlər Qarabağ məsələsinə ciddi toxunmadılar - ABŞ-dakı dinləmələrə ETİRAZ

Aktual

19 Oktyabr 2017, 12:23

Oktyabrın 18-də ABŞ Helsinki Komissiyasında Qarabağ münaqişəsi ilə dinləmələr keçirilib. Dinləmələrdə ATƏT Minsk Qrupunun keçmiş amerikalı həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), eləcə də Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono iştirak ediblər.

 

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, Helsinki dinləmələrində məsələyə ciddi toxunulmayıb:

 

“Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, həmin ərazilərdə etnik təmizləmə aparıb, milyonlarla insanın canına qəsd edib, yəni bəşəri cinayət törədib. Amma bunlara baxmayaraq dünyanın gözündən sanki pərdə asılıb. Helsinki Komissiyasının dinləmələrində də Dağlıq Qarabağla bağlı hər hansı müsbət addım atılmadı. Əsas diqqəti Azərbaycandakı insan haqlarına, demokratik dəyərlərə və bu kimi məsələlərə  yönəltdilər.

 

Digər tərəfdən bundan öncə də bildiyiniz kimi prezidentlərin görüşü baş tutmuşdu. Danışıqlar da demək olar ki, nəticəsiz bitdi. Ermənistan əgər indiyə qədər danışıqları boykot edirdisə, müxtəlif yollarla danışıqlar prosesinin baş tutmasına əngəl törədirdisə, danışıqlar prosesində tamamilə biganə münasibət nümayiş etdirdi. Danışıqlardan sonra isə Ermənistan prezidenti öz adından, hətta cəsarət edib cənab prezident İlham Əliyevin adından da bildirdi ki, bu məsələni həll etmək üçün hər iki tərəfin  təklifləri yoxdur.

 

Yəni həyasız Sarkisyanın Azərbaycan  prezindeti adından da belə bir bəyanat verməsi onun qudurğanlığına, danışıqlar prosesini ələ salmasına işarədir. Doğrudur, monitorinq, atəşkəs rejiminin bərpa edilməsini, yaxud danışıqların bundan sonra davam etdirilməsi kimi fikirlər səsləndirildi. Amma 40 dəqiqə danışıqda demək olar ki, məsələnin mahiyyətinə dair nəsə ortaya qoyulmadı”.

 

Son zamanlar həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə Dağlıq Qarabağla bağlı proseslərdə aktivlik müşahidə edilir. Həm prezidentlərin görüşü, həm də Helsinki Komissiyasındakı dinləmələr buna nümunədir. Bu baxımdan münaqişənin həlli istiqamətində müsbət nəticə əldə edə bilərikmi?

 

Q.Hüseynli bundan da söz açıb. O bildirib ki, proseslər sadəcə aktivliyin imitasiyasıdır:

 

“Azərbaycan tərəfi ərazi bütövlüyünü tələb etsə də, erməni  qoşunlarının ərazilərdən çıxarılmasını istəsə də,  Ermənistan tərəfi bu düşüncədə olmadığını ifadə edir. Belə görünür ki, Ermənistan tərəfi danışıq xatirinə görüşlərə gəlir. Bu məsələ ətrafında birmənalı surətdə etiraf etmək lazımdır ki, düşmən tərəf danışıqlara qeyri-konstruktiv yanaşır.

 

Zənnimcə, son zamanlar bu istiqamətdə danışıqlar da çox deyil. Ola bilər, həm rəsmi, həm qeyri-rəsmi səviyyədə  müəyyən tədbirlər təşkil edilsin. Amma konkret və məsələnin mahiyyətinə təsir edə biləcək gündəm formalaşdırılmır. Eyni zamanda bunun ətrafında müzakirələr açılmır. Qarşıdurmanın aktiv olduğu bir vaxtda kompromis axtarılmır. Yəni başdansovdu tədbirlər keçirilir. Məsələyə həm səthi, həm də ürəksiz yanaşır və açıq xristian təəssübkeşliyi ilə Ermənistanı müdafiə edirlər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır