Modern.az

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı

Aktual

20 Oktyabr 2017, 11:05

Dünən  Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən azərbaycanlı Ceyhun Çovdarov,  qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov güllə yarası alıblar.

 

“Gürcü arzusu” Partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında baş verən hadisə barədə araşdırılma aparıldığını deyib.

 

“Hazırda  naməlum şəxslərin törətdiyi hadisə ilə hüquq-mühafizə orqanları məşğul olur. Hadisənin hansı səbəbdən baş verməsinin təfərrüatları araşdırılır. Doğrusu, belə bir halın baş verməsi gözlənilməz idi. 2 nəfərin vəziyyəti gərgin olaraq qalır. Həkimlər əllərindən gələn köməkliyi edirlər”.

 

Ruslan Hacıyev bildirib ki, Azərbaycan tərəfi də məsələni nəzarətdə saxlayır.

 

“Gürcüstanın daxili işlər naziri, səhiyyə naziri, parlamentin millət vəkilləri hadisə baş verən Qızılhacılı kəndində olub.  Azərbaycanın  Gürcüstandakı səfiri də məsələ ilə maraqlanıb. Məsələ səfirliyin diqqət mərkəzindədir. Hadisənin əsl səbəblərinin nədən ibarət olduğunu gözləmək məcburiyyətindəyik”.

 

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb. 

 

Məlumatda bildirilib ki, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində “Gürcü Arzusu” Partiyasının seçki qərargahının yaxınlığında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb.

 

DİN qeyd edib ki, yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatları təhlükə altında deyil.

 

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar