Modern.az

Qənirə Paşayeva Türkiyədə vəfat etmiş Cümhuriyyət qurucuları ilə bağlı məsələ qaldırdı

Qənirə Paşayeva Türkiyədə vəfat etmiş Cümhuriyyət qurucuları ilə bağlı məsələ qaldırdı

20 Oktyabr 2017, 14:59

Millət vəkili Qənirə Paşayeva  Milli Məclisin bügünki iclasında Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucuları və fəallarından danışıb, “onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmalıyıq” deyib:


Modern.az-ın məlumatına görə, o, bildirib:


"Hər zaman getdiyimiz yerlərdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti bizə məxsusdur. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. 3 gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik. Orada cümhuriyyətimizin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır. Orada Difai təşkilatını quraraq ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən amansız cinayətlərə qarşı mübarizə aparan böyük şəxsiyyət Əhməd Ağaoğlu və onun ailəsi yatır. Orada 20-ci əsrin əvvəllərində Qarabağda və  ətraf bölgələrdə ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətləri durdurmaq, qarşısını almaq üçün Xosrov bəy Sultanov yatır. Orada ömrünü Azərbaycan mübarizəsinə həsr etmiş ilk milli təhlükəsizlik nazirimiz Nağı bəy Şeyxzamanlı və ailəsi yatır. Orada böyük işlər görmüş Xəlil bəy Xasməmmədov kimi cümhuriyyət nazirlərimiz, Hüseynqulu bəy Xoyski kimi böyük şəxsiyyətlərimiz yatır. Orada gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan parlamentinin o zamankı millət vəkillərindən biri, özünü Azərbaycan mübarizəsinə həsr edən Mehmet Sadıq Aran  və bir sıra ziyalılarımız yatır. Amma bu tarixi qəbiristanlığın girişində belə, orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi yoxdur.

Gələn il - 2 ay sonra dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox vacib və önəmlidir.

Çox vacibdir ki, tarixi Feriköy məzarlığının girişində orada məzarı olan cümhuriyyət qurucuları və fəalları ilə bağlı bir abidə qurulsun və orada yatan bütün böyük şəxsiyyətlərimizlə bağlı məlumatlar verilsin. Eyni zamanda çox vacibdir ki, o böyük şəxsiyyətlərin məzarlarının üzəri yüksək səviyyədə düzəldilsin, xüsusi lövhələrdə hər bir şəxsiyyətimiz barəsində məlumatlar qeyd edilsin ki, ziyarət edənlər orada nə qədər böyük şəxsiyyətlərin məzarı olduğunu bilsinlər. Eyni zamanda, bu böyük dövlət adamlarının məzarlarının üzərində  Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunması çox vacibdir. Türkiyədəki səfirliyimiz, İstanbuldakı baş konsulluğumuz və Mədəniyyət Nazirliyimizin xətti ilə Feriköy məzarlığı ilə bərabər qardaş Türkiyənin digər məzarlıqlarında dəfn olunmuş bütün Cümhuriyyət qurucularımızın və fəallarının yatdığı məzarlıqlarda bu işlərin görülməsinə, onların qəbirüstü abidələrinin yüksək səviyyədə düzəldilməsinə, məlumat lövhələrinin yerləşdirilməsinə və qəbirlərin üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunmasına böyük ehtiyac var. Hər kəs bilməlidir ki, orada yatan çox böyük şəxsiyyətlərdir və onların qəbirlərinin üzərində Azərbaycanımızın bayrağının əks olunması çox vacib məsələdir.

Nəzərə alsaq ki, Cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı tədbirlər artıq başlayıb, çox vacib məsələdir ki, Cümhuriyyət qurucularımızın və fəallarının bir çoxunun məzarının qardaş  Türkiyədə yerləşdiyini nəzərə alaraq burada bu kimi vacib məsələlər qısa zamanda həyata keçsin. Mən müvafiq qurumları bu istiqamətdə addımlar atmağa çağırıram".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər