Modern.az

“Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsi yanlışdır - Əslində, necə olmalıdır? - Tarixçilərdən AÇIQLAMA  

“Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsi yanlışdır - Əslində, necə olmalıdır? - Tarixçilərdən AÇIQLAMA   

Ədəbi̇yyat

11 İyun 2018, 14:11

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz yazı bəlkə də, bundan sonrakı bütün yazılar üçün vacib bir açar rolunu oynayacaq. Çünki burada birbaşa haqqında danışdığımız və cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçilik tariximiz üçün böyük işlər görən Azərbaycan Cümhuriyyəti dövlətinin adından  bəhs edirik.

 

Diqqət etdinizsə, biz burada “Azərbaycan Xalq Cümhuriyyəti” deyil, “Azərbaycan Cümhuriyyəti” ifadəsini işlətdik. Cümhuriyyət dövrünün araşdırıcısı Ədalət Tahirzadə və başqa bir neçə tədqiqatçının bu sətirlərin müəllifinə tövsiyəsindən sonra biz də dövlətin adını “Azərbaycan Cümhuriyyəti”  kimi yazmağa başladıq. Amma razılaşarsınız ki, media heç, hətta elmi-araşdırma kitablarında da birinci versiya işlədilir.

 

Biz bunu qətiyyən qüsur kimi göstərmək fikrində deyilik. Ən azından tariximizin ən vacib sənədlərindən biri olan “İstiqlal Bəyannamə”sində “Azərbaycan Xalq Cümhuriyyəti”nin adı keçir.

 

Sadəcə, tədqiqatçıların müəyyən tövsiyəsini çatdırırıq: onların sözlərinə görə, dövlətin var olduğu 23 ay ərzində bütün rəsmi sənədlər, dövlət rəmzləri, yazışmalar, diplomatik nümunələrin hamısında, hətta pul vahidində “Azərbaycan Cümhuriyyəti” sözü işlədilib. Yəni, “Xalq” sözü olmayıb.

 

Dövlətin banisi Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində yazdığı “Cümhuriyyət” adlı məqaləsində də bu anlayışın mahiyyətini açıqlayıb. Bildirib ki, “bizə Cümhuriyyəti-ənam” lazımdı. Yəni, xalq hakimiyyəti. Rəsulzadənin tədqiqatçısı Nəsiman Yaqublu da “Cümhuriyyət”  anlayışının elə “Xalq hakimiyyəti” olduğunu bildirib.



Araşdırmaçı alim Zaur Əliyev isə bütün rəsmi sənədlərdə məhz “Azərbaycan Cümhuriyəti” kimi işləndiyini qeyd edir.

 

Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova isə Modern.az-a açıqlamasında məsələyə daha ətraflı toxunub:

 

“Dövlətin “Azərbaycan Xalq Cümhuriyyəti”  kimi adlanması 1918-ci il 28 mayda qəbul olunmuş “İstiqlaliyyət Aktı”na əsaslanır. Bəyannamədəki mətndə dövlətin adı “Azərbaycan Xalq Cümhuriyyəti” kimi işlənir.

Amma ondan başqa bütün dövlət sənədlərində, rəsmi mənbələrdə, o cümlədən,  Cümhuriyyətin buraxılmış pul vahidləri üzərində dövlətin adı “Azərbaycan Cümhuriyyəti” kimi göstərilib. Yəni, “xalq” söz yoxdu.

Bu dövlətin mövcud olduğu 23 ay ərzində bütün rəsmi yazışmalarda, dövlət sənədlərində “Azərbaycan Cümhuriyyəti” sözü keçib. Buna əsaslanaraq, tədqiqatçılarmız dövlətin adının “Azərbaycan Cümhuriyyəti” adlandırılmasını düzgün sayır.

Lakin müstəqillik illərində demək olar ki, hər yerdə “Azərbaycan Xalq Cümhuriyyəti” kimi göstərilməsinin bir səbəbi var: ümumi qənaətə gəldilər və “İstiqlal Bəyananməsi”ndə dövlətin adı necə göstərilmişdisə, o cür də adlandırmağa başladılar. Lakin təkrar edirəm: dövlətin adı yalnız bir o sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” kimi göstərilib. Yerdə qalan bütün rəsmi,  diplomatik sənədlərdə türk dilində “Azərbaycan Cümhuriyyəti” , rus dilində isə “Azerbaydjanskaya Respublika” kimi adlandırılıb  və o cür də möhür vurulub”. 

Qeyd: Modern.az bu mövzunu davam etdirəcək. Sonda Cümhuriyyət dövrünə aid bir sənədin fotosunu təqdim edirik. 1918-ci ilə aid pasportda, yəni dövlət sənədində rusca “Azərbaycan Respublikası”  adı işlənib.



 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı