Modern.az

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR

20 Oktyabr 2017, 20:17

Leonid Koqan adına Dneprepetrovsk filarmoniyasının böyük zalında 18 oktyabr Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş klassik musiqi gecəsi keçirilib. Modern.az xəbər verir ki, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dneprepetrovsk filarmoniyasının Akademik Simfonik Orkestrinin ifasında Q.Qarayev, F.Əmirov, V.Adıgözəlov, Q.Rzayev və H.Xanməmmədovun əsərləri səslənib.

Konsert tam anşlaq vəziyyətində keçib. Konserti şəhər rəhbərinin mili məsələlər üzrə müşaviri Oleq Rostovçev açıb. Tədbirin təşkilatçıları – Ukraynada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyətinin İnkişafı üzrə Beynəlxalq İnkişaf Fondunun prezidenti  Hafiz Aslanov və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edərək Azərbaycanın müstəqilik tarixi barədə məlumat veriblər.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, Azərbaycanın Müstəqilik Gününə həsr olunan klassik musiqi gecəsində gözəl musiqi hamının ruhunu oxşayıb: “Maestro sanki bütün zalı əfsun etmişdi. Bu artistlərin və tamaşaçıların tam birliyi idi. Bütün emosiyalar saat yarım ərzində keçib getdi. Hər əsər zalda alqışlarla müşayiət olunurdu. Şəhriyar İmanov tarda əsrarəngiz ifası ilə zalı ələ aldı. Qara Qarayevin romanslarının soprano Yelena Samoylovanın ifasında səslənməsi dinləyicilər tərəfindən isti qarşılandı. Gənc xanəndə Rəvan İsmayılov dneprli dinləyicilərin xüsusi ilə zövqünü oxşadı. Bu yeniyetmənin ifası hər kəsin ürəyini oxşadı. Bayram gecəsinin apofeozu V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasının final hissəsi oldu. Əsl sənət qəlbləri oxşayır, onu məhəbbətlə doldurur və bizləri daha yaxşı və xeyirxah edir. Zalda əyləşən tamaşaçılar uzun müddət orkestri buraxmırdılar, ayaq üstə dirijor və solistləri yaşadıqları xoş anlara görə alqışlarla yola saldılar”.

Qeyd edək ki, konsertin başlanmasına bir həftə qalmış kassalarda satışa çıxarılan biletlərin hamısı alınıb. Dneprepetrovsk tamaşaçısının konsertə  marağı hədsiz dərəcədə yüksək olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu