Modern.az

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək

20 Oktyabr 2017, 23:19

"Son illərdə ölkəmizin  həyata keçirdiyi uğurlu təhsil siyasətinin əsas hədəflərindən biri də məktəblilərin sağlam və bacarıqlı böyüməsinin təmin edilməsidir. Amma bu gün əksər bölgələrdə rast gəlinən erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur. Erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulur, uşaqlıq dünyasından məhrum edilir, arzuları oğurlanır, təhsildən uzaqlaşır və onun təhsil almaq hüququ pozulur". Modern.az xəbər verir ki, bunu bu gün Ağsuda Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi" çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!”  layihəsinin təqdimatında çıxış edən  layihə rəhbəri Ziba Məmmədova bildirib.

 

Ziba Məmmədova bildirib ki, icra edilən layihənin məqsədi Ağsu rayonunda fəaliyyət göstərən orta ümümtəhsil məktəblərinin bir-biri ilə, həmçinin ictimai birliklərlə əməkdaşlığına nail olmaq və bu əməkdaşlıq sayəsində erkən evliliyin bioloji fəsadlarını öyrənərək müzakirə etmək, problemi diqqət mərkəzində saxlamaqla bu bəşəri bəla ilə mübarizə yollarının məktəblilərə öyrədilməsinə nail olmaqdır: "Layihə çərçivəsində Ağsu rayonunun ən qabaqcıl müəllimlərinin bir araya toplanması və bəşəri bəla olan “Erkən evliliyin bioloji fəsadları” mövzusunda disputların, Ağsu rayonundakı məktəblərdə fəaliyyət göstərən biologiya müəllimləri üçün seminarların təşkil edilməsi, məktəblərdə "Erkən evliliyin bioloji fəsadları" mövzusunda  dərslərin keçirilməsi, "Erkən evliliyin fəsadları" adlı bukletin hazırlanması və çap edilərək Ağsu rayon məktəblərinin müəllimləri yuxarı sinif şagirdləri arasında yayılması nəzərdə tutulur".

Təlimçi Elnarə Qasımova erkən evlilik probleminin həllinin insanların maarifləndirilməsindən asılı olduğunu vurğulayıb: "Erkən evlilik qanunvericiliklə qadağan olsa da, bu hallar hələ də yaşanır. Ötən illər bu sahədə aparılan mübarizə göstərdi ki, inzibati yollarla problemi tam həll etmək mümkün deyil. Problemin həlli üçün həm valideynlər, həm gə yeniyetmələr erkən yaşda evliliyin yaratdığı fəsadlarla bağlı bilgiləndirilməlidir. Bu işlərin çap və elektron media, birbaşa görüşlər keçirilməklə aparılması ilə yanaşı, həm də erkən evliliyin əsas qurbanları olacaq orta məktəblərin yuxarı sinif şagirdlərinin bilgiləndirilməsi vacibdir. Bu layihə çərçivəsində əsas hədəflərimizdən biri də, məhz həmin yeniyetmələri maarifləndirməkdir".

Layihədə aparılan müzakirələr zamanı cəmiyyətdə mövcud olan müxtəlif problemlərin erkən nikahların sayının artmasına səbəb olduğu, bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi problemləri müzakirə ediləcək, erkən nikahların nəticəsində qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar formalaşmaqda olan nəsil və ən əsası ana və uşaq ölümləri kimi ortaya çıxan fəsadlar diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçılarına bildirilib ki, məktəblilərin maarifləndirilməsində təlimçi kimi iştirak edəcək iştirakçıların mövzu haqqında təlimatlandırması üçün təlim-seminar təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi