Modern.az

Məcburi köçkün vəsiqələri 5 manata veriləcək

Məcburi köçkün vəsiqələri 5 manata veriləcək

Təhsil

10 İyun 2011, 16:26

Modern.az xəbər verir ki, Milli Məclisin iyunun 10-da keçirilən növbədənkənar sessiyasının iclasında “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişikliklə bağlı sənəd müzakirəyə çıxarılıb.  
Bununla bağlı məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, dəyişikliyə görə, məcburi köçkün vəsiqəsi pulsuz olmayacaq, bunun üçün 5 manat ödəmək lazım gələcək.

Deputat İqbal Ağazadə isə deyib ki, “məcburi köçkün” ifadəsindən qurtarmaq lazımdır. Onun sözlərinə görə, bu ifadə həmin kateqoriyadan olanların təcavüz nəticəsində didərgin düşmələrini özündə ehtiva etmir: “Bu adamların hamısı əsl qaçqınlardır. Onların məcburən ordan köçürməyiblər ki. Deyirlər ki, belə statusun saxlanması bu şəxslərin gələcəkdə öz yerlərinə qayıtması üçün lazımdır. Amma buna ehtiyac yoxdur. Heç bir halda qaçqınların geri qayıtması üçün konstitusion problem yaranmır”.

Spiker Oqtay Əsədov isə bildirib ki, dünyada təcavüz nəticəsində torpaqlarını tərk etməyə məcbur olanlarla bağlı iki variant var: qaçqınlar və məcburi köçkünlər.

Deputat Elman Məmmədov isə parlamentarilərin diqqətini yeni salınan qəsəbələrin açılışı zamanı yaradılan şəratiə və təhvil-təslimdən sonra həmin şəraitin pozulmasına yönəldib. Deyib ki, açılış zamanı yeni qəsəbələrdə hər şey dədəbə ilə təşkil olunur, küçələr işıqlarla çıraqban olur. Amma evlər köçkünlərə təhvil veriləndən bir neçə gün sonra “Azərenerji” işıqları kəsir ki, daimi enerji təchizatı mümkün deyil. O, Goranboyda salınan  qəsəbələri misal çəkib.
“Konkret olaraq Goranboyda, cəbhə bölgəsində olan kəndlərə gedəndə axşam küçədə gəzmək mümkün deyil. Dəfələrlə rəsmi şəkildə müraciət etmişəm. Deyirlər ki, pulunu kim verəcəksə, versin, sonra işığı yandıraq”.
Spiker Oqtay Əsədov isə məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət olunmasını təklif edib.

Müzakirələrdən sonra “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik təsdiqlənib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi