Modern.az

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA  

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA   

21 Oktyabr 2017, 15:36

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz yazı bəlkə də, bundan sonrakı bütün yazılar üçün vacib bir açar rolunu oynayacaq. Çünki burada birbaşa haqqında danışdığımız və cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tariximiz üçün böyük işlər görən Azərbaycan Cümhuriyyəti dövlətinin adından  bəhs edirik.

 

Diqqət etdinizsə, biz burada “Azərbaycan Xalq Cümhuriyyəti” deyil, “Azərbaycan Cümhuriyyəti” ifadəsini işlətdik. Cümhuriyyət dövrünün araşdırıcısı Ədalət Tahirzadə və başqa bir neçə tədqiqatçının bu sətirlərin müəllifinə tövsiyəsindən sonra biz də dövlətin adını “Azərbaycan Cümhuriyyəti”  kimi yazmağa başladıq.

Amma razılaşarsınız ki, media heç, hətta elmi-araşdırma kitablarında da birinci versiya işlədilir.

 

Biz bunu qətiyyən qüsur kimi göstərmək fikrində deyilik. Ən azından tariximizin ən vacib sənədlərindən biri olan “İstiqlal Bəyannamə”sində “Azərbaycan Xalq Cümhuriyyəti”nin adı keçir.

 

Sadəcə, tədqiqatçıların müəyyən tövsiyəsini çatdırırıq: onların sözlərinə görə, dövlətin var olduğu 23 ay ərzində bütün rəsmi sənədlər, dövlət rəmzləri, yazışmalar, diplomatik nümunələrin hamısında, hətta pul vahidində “Azərbaycan Cümhuriyyəti” sözü işlədilib. Yəni, “Xalq” sözü olmayıb.

 

Dövlətin banisi Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində yazdığı “Cümhuriyyət” adlı məqaləsində də bu anlayışın mahiyyətini açıqlayıb. Bildirib ki, “bizə Cümhuriyyəti-ənam lazımdı”.

Həmçinin, Rəsulzadə özünün mühacirətdə olduğu zaman-1923-cü ildə yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabında da dövlətin adının məhz o cür olduğunu göstərib. Elə kitabın adından da bunu görə bilərik.

Araşdırmaçı jurnalist, Cümhuriyyət dövrü ilə bağlı araşdırmaların müəllifi Füzuli Sabiroğlu Modern.az-a açıqlamasında o dövrlə bağlı rast gəldiyi heç bir sənəddə övlətin adının “Azərbaycan Xalq Cümhuriyyəti” kimi yazıldığını görmədiyini deyir:

“Mən indiyə qədər rast gəldiyim o dövrün nə sənədlərində, nə də qəzet materiallarında Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası ifadəsinə rast gəlməmişəm. Mən düşünürəm ki, bu 80-ci illərin sonunda ortaya çıxmış bir ifadədir”.

Bəs, dövlətçilik tariximizin ən uğurlu səhifələrindən olan bir dövlətin adının nisbətən də olsa, səhv adlandırılması gələcəkdə tarixizm aspektindən hər hansı fəsada səbəb ola bilər?

Füzuli Sabiroğlunun bu suala cavabı maraqlıdır:

 

“Sovet dövrü tarixşünaslığında Cümhuriyyət həmişə bəy-xan dövləti, burjuaziyanın maraqlarını müdafiə edən, kasıbları əzən və istismar edən bir quruluş kimi təqdim olunub. 1980-ci illərin sonunda Cümhuriyyətin əsl mahiyyətinin xalqa çatdırılması prosesi başladı və ola bilər ki, "Xalq" və "Demokratik" ifadələrinin işlədilməsinin bu təbliğatın təsir gücünü artıracağını düşünüblər. Bu gün isə Cümhuriyyətin mahiyyəti, məqsədləri, uğurları və uğursuzluqları hamıya məlumdu. Onun adının necə deyilməsinin isə hansısa fəsadı ola biləcəyini düşünmürəm. Ancaq əlbəttə ki, rəsmi sənədlərdə olduğu kimi- “Azərbaycan Cümhuriyyəti” işlədilməsi daha düzgün olardı”.

 

E.Nihad

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır