Modern.az

Hadı Rəcəbli üslubu

Hadı Rəcəbli üslubu

Ədəbi̇yyat

24 Oktyabr 2017, 08:48

(portret cizgiləri)


İndiki kimi xatırlayıram. 1994-cü ilin iyul ayı idi. İki aydan bir az çox olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində Həkim Əmək Ekspertizası şöbəsinin müdiri – respublikanın baş eksperti vəzifəsinə təyin edilmişdim. Nazir əvəzi Fəzail Ağamalı ilə baş nazir Surət Hüseynovun münasibətləri son dərəcə gərginləşmişdi. Surət Hüseynov bir il öncə Gəncə qiyamı zamanı Fəzail bəyin ona qarşı çıxmasını heç cür bağışlaya bilmirdi, hər vasitə ilə naziri gözdən, nazirliyi nüfuzdan salmağa çalışırdı. Surət Hüseynov at üstündə idi və Nazirlər Kabinetində onun atının yüyənindən, üzəngisindən, yal-quyruğundan yapışan onlarla irili-xırdalı məmur taxta qılınclarını sıyırıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üstünə düşmüşdü. Əsaslı-əsassız tapşırıqlar verir, hesabatlar istəyir, yoxlamalar aparırdılar. Nazirlər kabinetindən gələn hər zəng, hər məktub əməlli-başlı baş ağrısına, əsəb sarsıntısına  çevrilmişdi. Belə günlərin birində telefonum zəng çaldı, - “buyurun eşidirəm”- dedim. Telefonun o başından sakit və mülayim səs eşidildi:


-Nazirlər Kabinetindən qaçqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Hadı Rəcəblidir.


Hadı müəllim öncə məni vəzifəmə görə təbrik etdi, uğurlar arzuladı, əməkdaşlığımızdan məmnun olduğunu söylədi. Sonra da daha çox xahiş formasında bir qaçqının əlillik probleminə köməklik göstərməyimi təmənna etdi. Bu mənim o vaxtki Nazirlər Kabinetindən aldığım qanuni və mədəni şəkildə verilən ilk tapşırıq idi.


Qısa müddətdən sonra Surət Hüseynov və əsabələri layiq olduqları yerə getdilər, bir il sonra isə Hadı Rəcəbli Milli Məclisin deputatı, Sosial Siyasət Komissiyasının sədri seçildi. Və bizim işgüzar münasibətlərimizin yeni mərhələsi – Komissiya-Nazirlik müstəvisində əməkdaşlığımız başladı. Hadı müəllimin dəvəti ilə Komissiyada müzakirə olunan sosial təminat, əlillik, əmək, məşğulluq və s. bağlı qanunların hazırlanmasında ekspert qismində işçi qrupuna üzv oldum. Hərdən zarafatla deyirəm ki, Milli Məclisin binasına ilk dəfə Hadı Rəcəblinin imzaladığı bildiriş vəsiqəsi ilə daxil olmuşam, görünür Hadı müəllimin imzası düşərli olub və o səbəbdən iyirmi ilə yaxındır ki, bu Müqəddəs məkana gəlib-gedirəm.


Parlamentə seçiləndən sonra Hadı müəllimin Komissiyasında 5 il üzv, 10 il də sədr müavini oldum. Eyni münasibət gördüm – işçi qrupunda olanda da, deputat olanda da: həlim, mehriban, bir az zarafatcıl, bir az loyal, daha çox dözümlü, yolayaxın. Bu illər ərzində Hadı Rəcəblidən inciyən adam görmədim, onu xoşlamayanlar da ondan incik olmadılar. Və bu Komitə Milli Məclisdə ən çox qanun hazırlayan, ən çox şikayətçi qəbul edən, ən çox ərizə və şikayət məktubları araşdıran komitədir.


Komitə sədri 20 ildən çoxdur ki, həm rəhbərliyi, həm əməkdaşları, həm vətəndaşları razı salan bir üslubda fəaliyyət göstərir: səssiz-küysüz, sinəsinə döymədən, gözə soxulmadan, heç kəsi narazı salmadan.


Sosial sahə bütün dünyada problemli, tələblə təklifin düz gəlmədiyi, maraqların toqquşduğu sahədir, burada “qızıl orta”nı tapmaq çox zaman Çingizxanın xəzinəsindəki qızılları tapmaq qədər çətin olur.


Ona görə də bəzən Hadı Rəcəblinin açıqlamaları bir mənalı qarşılanmır: hökumət bəyənəndə camaat bəyənmir, camaat bəyənəndə hökumət narahat olur. Bəzən də Hadı müəllim bilərəkdən gah hökumətin, gah da müəyyən qrup vətəndaşların “qəzəbini” öz üzərinə yönəldir – ildırım ötürən rolunu oynayır. Nəticədə qazan örtülü qaynayır, buxar çıxır, başlar ayazıyır, hikkələr işgüzar əməkdaşlığa çevrilir.


Hadı müəllim yeri gələndə siyasətin rütubətini suçəkən kimi özünə çəkməyi bacarır ki, ən azı dostlarının oturduğu yer yaş olmasın. 1993-cü ilin avqustunda Əlikram Hümbətovun Lənkərandakı qiyamını yatırmaq üçün bölgənin bir neçə nüfuzlu ağsaqqalı ilə birlikdə Hadı Rəcəbli də Prezident Heydər Əliyevin tapşırığı ilə oraya getmişdi. Respublika hökumətinin tapşırığı ilə şəhərin mərkəzi meydanında separatçıların əleyhinə izdihamlı mitinq keçirilirdi. Əlikramı Lənkəran şəhər icra hakimiyyətinin binasından bir yolla çıxartmaq lazım idi ki, mitinqçilər qansız-qadasız binanı ələ keçirə bilsinlər.


Əlikram Hümbətovu komsomol illərindən tanıyan Hadı Rəcəbli onu dilə tutaraq Bakıdan gələn nümayəndə heyəti ilə meşədəki bir yeməkxanada görüşmək adı ilə nəinki, İcra hakimiyyətinin binasından, hətta şəhərədən kənara çıxara bilir. Nəticədə bir güllə atılmadan icra hakimiyyətinin binası xalq tərəfindən ələ keçirilir.


Dilruba Camalova Lənkəranın İcra başçısı təyin olunur. Hadı müəllim haqda isə şaiyə yayılır ki, Əlikramla birlikdə qaçıblar. Sonralar bir sıra qəzetlərdə Hadı müəllimə qarşı bu böhtan özünə yer aldı. O illərdə bir dəfə Hadı müəllimdən soruşdum ki, niyə susursan, mətbuatda çıxış edib əsil həqiqəti yazmırsan? O cavab verdi ki, cənab Prezident Heydər Əliyev və Lənkəran camaatı o hadisələrdə mənim mövqeyimi hamıdan yaxşı bilir, başqalarının nə yazması mənim üçün önəmli deyil. Yaxşı ki, illər sonra olsa da, həmin hadisələrin iştirakçısı sabiq deputat Tapdıq Kamalov əsil həqiqətləri respublika mətbuatında işıqlandıraraq kimin-kim olduğunu ölkə ictimaiyyətinə çatdırdı. Görünür ki, bəzən siyasətdə zamanı yetişənə qədər “sudan səssiz, otdan alçaq” olmağı bacarmaq da lazım gəlir.


Hadı Rəcəbli həm Sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanda yüksək partiya və dövlət vəzifələrində çalışmış, deputat olmuş tanınmış mənsəb sahibi, elm xadimidir. Heç şübhəsiz ki, siyasətdə və idarəçilikdə belə yüksək fəzifələr əldə etmək mübarizəsiz mümkün deyildir. Hadı müəllimin mübarizəsi nə sevimli Şirini yolunda adi bir külünglə Bisütun kimi nəhəng dağı yarmağa yollanan Fərhadın sadəlövh fədakarlığına, nə də gözəl Dulsineyasının eşqinə paslı qılıncını sıyırıb yel dəyirmanları ilə vuruşan Don Kixotun “qəhrəmanlığına” bənzəməz.


...Yuvasına dən daşıyan qarışqanı müşahidə etmisinizmi? Qarışqa öz boyundan böyük, öz çəkisindən ağır buğda dənəsini qibtə ediləcək bir hövsələ ilə, yorulmadan, bezmədən, gah buğdanın üstünə çıxaraq, gah altına girərək, gah yandan dartışdıraraq, gah qonşu qarışqanı köməyə çağıraraq yuvasına dartıb aparmağa necə nail olursa, Hadı müəllim də enişli-yoxuşlu həyat yollarında uğurları o cürə əldə etmişdir.


Hadı müəllimin həyat və məqsəd uğrunda mübarizəsi daşatan mancanaqlarla qəsrləri dağıdaraq polad şeşpərini tullayıb, qılıncını sıyırıb düşmən üzərinə şığayan baş kəsib, qan töküb ad qazanan orta əsr cəngavərlərinin döyüşündən daha çox ipək kəndir, çeviklik və zəhmətlə yoğrulmuş entuziazm hesabına zirvəyə yüksələn alpinist fatehliyinə bənzəyir. Bu mübarizədə məqsəd var, niyyət var, qələbə var, lakin qəhrəman yoxdur. Çünki, qəhrəman görünmək istəyi yoxdur. Xaricdə siyasi davranışın belə formasına “yumşaq praqmatizm” deyirlər, bizdə isə “Hadı Rəcəbli üslubu”!


Hər bir kişinin dostunun da, düşməninin də, istəyəninin də, istəməyəninin də olması təbiidir. Amma mənim bir qələm adamı kimi uzun illərin müşahidəsi əsasında gəldiyim qənaət odur ki, Hadı Rəcəblinin düşməni yoxdur. Onun olduqca “mehriban dostları” (və “mehriban düşmənləri”) var.


...Və nə yaxşı ki, Hadı müəllimin “mehriban dostları” “mehriban düşmənlərindən” qat-qat çoxdur!!!


...Və nə yaxşı ki, ən yuxarıdakı KİŞİ Hadı müəllimin dostudur!


...Və nə yaxşı ki, Hadı müəllimin MEHRİBANI var!!!


Çoxdanın söhbətidir. Bir yemək-içmək məclisində “mehriban dostları” Hadı Rəcəblinin eninə-uzununa döşəməyə başladılar. Hadı müəllim də həyatda olduğu kimi siyasətdə də kifayət qədər uca boylu adam olduğuna görə bu “döşəmə plov” əməliyyatı çox uzandı.


Ucuz və lağlağı söhbətdən bezən masanın başında əyləşmiş böyük səlahiyyət (və ürək!) sahibi olan şəxs əlini yüngülcə masaya vurub, - “Hadı yaxşı adamdır”, - söylədi.


Elə bil qurbağanın gölünə daş atdılar...


...Hərdən bir çamurlu gölməçələri daşlamağım gəlir!!!


Mən ilk dəfə Hadı Rəcəblini görəndə onun 47 yaşı var idi və 47 yaşında saçları düm ağ ağarmışdı.


-“Hadı müəllim saçlarını tez ağardıb deyəndə”,- bir şəkili dostum söylədi ki, O 36 yaşında Şəki rayon partiya komitəsinin birinci katibi təyin olunanda artıq saçları ağarmışdı və şəkililər ona “ağ baş katib” ləqəbi vermişdilər.


Gənclik fotoşəkillərindən görünür ki, Hadı müəllimin saçının ilkin rəngi qızılı olub. İllər keçdikcə bu “qızıl oğlan” qızılını gümüşə dəyişə-dəyişə öz el-obasının müdrik ağsaqqalına çevrilib.


-70 ildir qızılını gümüşə dəyişə-dəyişə yol gələn tanınmış alim və siyasətçinin qazancı üç kəlmə söz olub: “Hadı yaxşı adamdır!”


70 ilin çoxunu Vətəninə və xalqına sədaqətlə xidmət edən kişinin qazancı daha üç kəlmə söz olub: “Hadı dövlətçi adamdır!”


...Uzun illər xoşbəxtliyin formulunu axtaran filosofların gəldiyi son qənaət belədir ki, insanın xoşbəxt olması üçün 5 şərtin bir yerdə olması vacibdir: can sağlığı, azadlıq, pul, maraqlı iş, məhəbbət. Bu şərtin 5-i də hörmətli Hadı müəllimdə var. Bizə qalır ona uzun və mənalı ömür arzulamaq!

 

Musa Urud,
millət vəkili

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır